Məhkəmə-hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsi

 

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 9 ildə onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Şübhəsiz, ictimai münasibətlər qanunlarla tənzimləndiyindən cəmiyyət həyatındakı mühüm yeniliklər hüquq sistemində də dəyişikliklər və yeniləşmə tələb edir. Dövlət başçısı peşəkar siyasətçi kimi bu amili ciddiliklə nəzərə alır, sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır.

Bu məqsədlə hələ 2004-cü ilin dekabrında "Məhkəmə-Hüquq Şuraşı haqqında" yeni qanun qəbul olunmuş, "Məhkəmələr və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir. "Konstitusiya Məhkəməsi haqqında" Qanuna əlavə və dəyişikliklər edilməsi haqqında" 2003-cü il 23 dekabr tarixli qanuna əsasən vətəndaşların pozulmuş hüquq və azadlıqlarının bərpası ilə bağlı birbaşa Konstitusiya Məhkəməsinə müraciət hüququnun həyata keçirilməsi mexanizmləri müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamla həyata keçirdiyi məhkəmə-hüquq islahatlarının əsasında həm də regionlarda yaşayan vətəndaşların qanuni maraq və mənafelərinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi olmuşdur. Bu baxımdan dövlət başçısının 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanı respublikanın məhkəmə sisteminin əsaslı şəkildə müasirləşdirilməsi və təkmilləşdirilməsi prosesində ən mühüm addımlardan biri kimi dəyərləndirilə bilər. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra tədbirlərin mahiyyətindən irəli gələn həmin fərmanda bölgələrdə yeni apelyasiya və iqtisad  məhkəmələrinin yaradılması başlıca vəzifə kimi qarşıya qoyulmuşdur. Belə bir fərmanın imzalanması bölgələrin sürətlə inkişaf etdiyi bir zamanda rayonlarda yaşayan vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsini yaxşılaşdırmaq, onlarda haqlı narazılıq doğuran sui-istifadə, süründürməçilik hallarını, eləcə də digər nöqsanları aradan qaldırmaq, ədalət mühakiməsinin səmərəliliyini yüksəltmək, məhkəmələrə inamı artırmaq, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqinə nail olmaq, məhkəmə aparatlarının strukturunu və işini daha optimal şəkildə qurmaq, habelə hakimlərin sosial vəziyyətini yaxşılaşdırmaq niyyətindən irəli gəlmişdir. Qeyd olunan qanunlarla yerli iqtisad məhkəmələri bazasında inzibati-iqtisad məhkəmələrinin yaradılması ilə şəxsi inzibati orqanların qanunsuz inzibati aktlarından və hüquqazidd əməllərindən qorumaq, vətəndaş və dövlət orqanları işçilərinin münasibətlərində yaranan mübahisəli məsələlərin qısa zaman kəsiyində həllinə nail olmaq, belə mübahisələri tam, hərtərəfli və obyektiv araşdırmaqla müvafiq məhkəmə aktının qəbul edilməsini təmin etmək dövlətin vətəndaşının layiqli həyat səviyyəsinin təşkil edilməsi demokratik hüquqi dövlətimizin əyani göstəricilərindəndir. Respublikamızda ədalətli hüquqi məhkəmə müdafiə institutlarının yaradılması ilə yanaşı, belə səmərəli və əlverişli mexanizmin həyata keçirilməsi məqsədilə məhkəmə-hüquq islahatlarının məntiqi nəticəsi olaraq 1 yanvar 2011-ci il tarixdə "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında"  Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu ilə qəbul edilmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi və "İnzibati İcraat haqqında" qanun qüvvəyə minmişdir.

Görülən işlərin nəticəsi kimi ölkədə ilk dəfə olaraq inzibati məhkəmələrin fəaliyyətə başlamasını insan hüquq və azadlıqlarının qorunmasının daha keyfiyyətli təşkili kimi xarakterizə etmək olar.

Ötən müddətdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsində qanunçuluğun artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər görülmüşdür. Bu islahatların məntiqi davamı olaraq dövlət başçısının 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı" təsdiq edilmişdir. Strateji əhəmiyyətli bu sənəd insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasma, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasma xidmət etmişdir.

Xatırlatmaq vacibdir ki, Milli Fəaliyyət Planının təsdiqi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu hüquq islahatlarının məntiqi davamı olmuşdur. 1998-ci ilin 22 fevralında ümummilli lider "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalamış, bu sənəddə insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilmişdir. 1998-ci il 18 iyun tarixdə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuşdur. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz "insan meyarı"nın inkişaf etdirilməsində görərək insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Fəaliyyət Proqramını təsdiq etməsi demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə zəruri şərait yaratmışdır. Hazırkı vaxtadək insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilmişdir. "Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə 18 iyun tarixinin "İnsan hüquqları günü" elan olunması da məhz bu əlamətdar hadisədən qaynaqlanır. Bu və ya digər tədbirlərin davamı kimi 28 dekabr 2006-cı ildə qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin qurulmasına xidmət etmişdir.  Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamında isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinə insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etmək tövsiyə edilmişdir.

28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun qəbulu, daha sonra Ombudsman təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi və maddi bazanın təşkili də insan və vətəndaş hüquqlarının təmini istiqamətində respublikada həyata keçirilən hüquqi islahatların məntiqi davamı olub ölkəmizin Avropa və dünya məkanına sürətlə inteqrasiyasına zəmin yaratmışdır.

Son illərdə BMT, ATƏT və Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində də respublikada insan hüquqlarının təmini məsələsinə xüsusi diqqət ayrılmışdır. 2006-cı il noyabrın 14-də qəbul olunmuş "Avropa Qonşuluq Siyasəti" çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında Fəaliyyət Planına demokratiyanın inkişaf etdirilməsi, insan hüquqları və əsas azadlıqlarının təmini, eləcə də qanunun aliliyinin gücləndirilməsinə dair tədbirlərin daxil edilməsini göstərmək olar. Digər tərəfdən, Avropa İttifaqı ilə Fəaliyyət Planının icrasının dəstəklənməsinə yönələn 2007-2010-cu illər üçün "Azərbaycan üzrə Milli İndikativ Proqramı"nda insan hüquqları sahəsində konkret əməkdaşlıq istiqamətləri müəyyən edilmişdir.

Azərbaycan Respublikasında "İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı"na əsasən Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, məhkəmələri və Baş Prokurorluğu normativ hüquqi aktların tətbiqi zamanı insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti gücləndirmişlər. Fəaliyyət Planının II hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə BMT-nin insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış müvafiq qurumları, həmçinin Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumlarla əməkdaşlıq sahəsində tədbirlər görülmüş, çoxsaylı birgə proqramlar uğurla reallaşdırılmışdır. Eyni zamanda Azərbaycan Respublikasının BMT-nin ixtisaslaşmış komitələrinə verilən hesabatların hazırlanması işinə hüquq müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları cəlb olunmuşlar. Proqramın III hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası üçün əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində də müvafiq işlər görülmüşdür. Xüsusən də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının dünya ictimaiyyətinə çatdırılması və bu hüquqların bərpası istiqamətində icraçı dövlət qurumları tərəfindən istər dövlətdaxili, istərsə də beynəlxalq sahədə tədbirlər həyata keçirilmişdir.

Son illərdə məhkəmələrin yeni bina, avadanlıq və müasir texnologiya ilə təmin olunması istiqamətində də mühüm addımlar atılır. Bu kimi məsələlər dövlət başçısının 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nda da geniş əksini tapmışdır. 2009-cu ilin mayında Azərbaycan Respublikası Ali Məhkəməsinin yüksək statusuna uyğun ən müasir standartlara cavab verən yeni binasının tikilib istifadəyə verilməsi buna əyani sübutdur. Bu, dövlət başçısının məhkəmələrin fəaliyyətinə və hüquq sistemindəki yerinə xüsusi həssaslıqla yanaşdığını bir daha təsdiqləyir.

Ali Məhkəmənin açılış mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev məhkəmələrin çıxardığı qərarların insan taleyi ilə bağlı olduğunu bir daha vurğulamış, hakimlərə qanunun aliliyi prinsipinə daha ciddiliklə yanaşmağı tövsiyə etmişdir: "Mən binanın təməl daşının qoyulması ilə əlaqədar keçirilmiş mərasimdə demişdim ki, bu bina - Ali Məhkəmə ədalət sarayı olmalıdır və artıq biz bunu əyani şəkildə görürük. Çox vacibdir ki, burada qəbul edilmiş bütün qərarlar ədalətli olsun. Çünki ədalət hər bir cəmiyyətin inkişafı üçün başlıca amillərdən biridir. Hər yerdə ədalət olmalıdır, ilk növbədə, məhkəmə sistemində. Çünki burada qəbul edilmiş qərarlar insanların taleyinə təsir göstərir. Bir də demək istəyirəm ki, heç bir cinayət cəzasız qalmamalıdır, ancaq günahsız insanlar da cəzalandırılmamalıdır. Ona görə hakimlərin üzərinə çox böyük və şərəfli missiya düşür".

Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla "Azərbaycan Respublikasında insan hüquqları sahəsində Milli Fəaliyyət  Proqramı"nı təsdiq etmişdir. Həmin sərəncamın 4-cü bəndində Milli Fəaliyyət Proqramının həyata keçirilməsində fəal iştirak etmələri tövsiyə olunan qurumlar sırasında, həmçinin bu proqramın "İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının Azərbaycan dilinə tərcümə edilməsi və müvafiq qurumlar arasında yayılmasını müəyyənləşdirən 4.12-ci bəndinin icrası ilə bağlı orqanlardan biri kimi Azərbaycan Respublikasının Ali Məhkəməsi də nəzərdə tutulur. Milli Fəaliyyət Proqramının həyata keçirilməsi ilə əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təcrübəsinin öyrənilməsi və presedentlərinin tətbiqi vərdişlərinə yiyələnmək məqsədilə bir sıra tədbirlər görülmüşdür. Belə ki, seminarlar və treninqlər, zona məşğələləri təşkil olunmuş, Ali Məhkəmədə mütəmadi olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının öyrənilməsi və müzakirəsi, həmçinin Avropa Məhkəməsi qərarlarının Azərbaycan dilinə tərcümə edilərək məhkəmələr arasında yayılması işi həyata keçirilmişdir. Bu sahədə Ali Məhkəmə bir sıra beynəlxalq təşkilatlarla-Avropa Şurası, ATƏT-in Bakı ofisi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edir. Proqramın icrası ilə bağlı Avropa Məhkəməsinin hakimləri ilə, o cümlədən insan hüquqları sahəsində ixtisaslaşmış alimlərlə, beynəlxalq ekspertlərlə, həmin sahədə ixtisaslaşmış ictimai qurumların nümayəndələri ilə görüşlərin, "dəyirmi masa"ların və s. bundan sonra da davam etdiriləcəyi nəzərdə tutulmuşdur.

Yuxarıda göstərilən Milli Fəaliyyət Proqramının kütləvi informasiya vasitələrində təbliği məqsədilə də bir sıra işlər görülmüşdür. Bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin 8-9 fevral 2012-ci il tarixlərində "Azərbaycan" qəzetində dərc olunmuş "İdeyanı reallığa çevirəcək sənəd" sərlövhəli məqaləsində bu proqramda əks olunmuş müddəaların mahiyyəti və məzmunu dolğun şəkildə təhlil edilmiş, öz ardıcıllığı ilə diqqət mərkəzində saxlanılan məsələlərin həlli istiqamətində vəzifələrin dairəsi qeyd edilmiş, gündəlik fəaliyyətdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə nail olunması, pozulmuş hüquqların bərpası, qanuna əsaslanan, obyektiv, qərəzsiz, ədalətli qərarlar qəbul edilməsi, habelə bir sıra digər məsələlər milli məhkəmələr qarşısında duran mühüm vəzifə kimi dəyərləndirilmişdir.

İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında təsbit edilmiş hüquq və azadlıqların qorunmasının müasir nəzəriyyə və yanaşmalar baxımından daha dərindən öyrənilməsi, hakimlərin bu sahədə təcrübəsinin artırılması və zənginləşdirilməsi üçün hakimlər konfrans, seminar və forumlarda iştirak edirlər.

Milli məhkəmələrdə görülən işlərin nəticəsi kimi demək olar ki, ölkə qanunvericiliyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri prizmasından şərh olunur, insan hüquq və azadlıqlarının ehtimal edilən pozuntularına dair müraciətlər qüvvədə olan qanunvericiliklə yanaşı, Avropa Məhkəməsinin presedentləri baxımından dərindən öyrənilir və belə pozuntu müəyyənləşdiyi halda Avropa Məhkəməsinin presedentləri tətbiq edilir.

27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquqları sahəsində Milli Fəaliyyət Proqramı"nın təsdiq edilməsi barədə imzalanmış sərəncamla İnsan Hüquqları üzrə Müvəkkillə proqramın həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupunun fəaliyyətinə rəhbərlik etmək tövsiyə olunmuşdur. Konseptual və miqyaslı xarakter daşıyan Milli Fəaliyyət Proqramı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması istiqamətində atılan ilk ciddi addımlardan biridir. Bu sənəd insan hüquqlarının müdafiəsinin Azərbaycan üçün strateji əhəmiyyətli məsələ olduğunu bir daha təsdiqləyir. 6 fəsil və 75 bənddən ibarət Milli Fəaliyyət Proqramı normativ-hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq, Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi kimi vəzifələrin həlli istiqamətində mühüm tədbirləri özündə ehtiva edir.

Milli Fəaliyyət Proqramında dövlətin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin konsepsiyası müxtəlif istiqamətlər üzrə müəyyən olunmuş, həmçinin həyata keçiriləcək tədbirlərin icrası, əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi mexanizmi göstərilmişdir. Proqramda respublikada insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmini istiqamətində konkret vəzifələrin icrası nəzərdə tutulmuşdur. Sənəddə qanunvericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, Azərbaycan Respublikasının insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbulu, korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda sənəddə bu tədbirlərin vətəndaş cəmiyyəti institutları və media ilə sıx əməkdaşlıq müstəvisində həyata keçirilməsinin vacibliyi önə çəkilir.

Bundan əlavə, Milli Fəaliyyət Proqramına əsasən gələcəkdə insan hüquqları sahəsində maarifləndirmə, elmi-analitik tədbirlərin davam etdirilməsi, beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin insan hüquqları sahəsində ixtisaslaşan qurumları, Qaçqınlar üzrə Ali Komissarlıq, UNESCO, UNİSEF, Dünya Bankı, habelə Avropa Şurası, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlar ilə birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi planlaşdırılır.

Azərbaycanda həyata keçirilən islahatların əsasında insan və vətəndaş amili dayanır. Yeni dövrün tələblərinə uyğun davam etdirilən bu mütərəqqi islahatlar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə yeni təkan verəcəkdir.

 

 

Vüqar QULİYEV,

Azərbaycan Respublikası Ali

Məhkəməsinin əməkdaşı, hüquqşünas

 

Azərbaycan.-2013.- 22 fevral.- S.6.