Deputatlar Türkiyə Prezidenti Abdullah Gülün Serj Sarkisyana təbrik məktubuna narahatlıqlarını ifadə etdilər

 

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Deputatlar Xocalı soyqırımının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra iclas öz işinə başladı. Gündəliyə müzakirə olunması üçün 17 məsələ daxil edilmişdi. Bu məsələlər isə Azərbaycan Respublikasının bəzi dövlətlərlə imzaladığı sazişlərin təsdiqlənməsi  və bəzi qanunlara əlavə və dəyişikliklərdən ibarət idi.

Cari məsələlərin müzakirəsində isə əsas mövzu Türkiyə Prezidenti Abdullah Gülün saxtakarlıqla yenidən Ermənistanın prezidenti seçilən Serj Sarkisyanı təbrik etməsi məsələsi oldu. İlk çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirdi ki, Türkiyə Prezidenti Abdullah Gülün saxtakarlıqla yenidən Ermənistanın prezidenti seçilən Serj Sarkisyanı ilk təbrik etməsi çox təəssüfedici hal oldu: "Bizim gözəl bir misalımız var: uman yerdən küsərlər. Əgər bu hərəkəti Rusiya tərəfi etmiş olsaydı, onları başa düşmək olardı. Çünki Ermənistan Rusiyanın forpostudur. Ancaq qardaş ölkənin prezidentinin belə addım atması heç düzgün deyildi. Bu, hamını çox təəccübləndirdi".

Həmkarı ilə həmrəy olduğunu bildirən deputat Fərəc Quliyev isə dedi ki, Türk Hava Yollarına məxsus təyyarələrdə erməni millətçiliyini təbliğ edən "Aqos" qəzeti paylanılır. Bununla şirkət Xocalı soyqırımının əks-təbliğatını aparır.

Deputatlar Qüdrət Həsənquliyev və Zahid Oruc da həmkarlarının fikirlərini dəstəklədilər. Bildirildi ki, Avropa Birliyinin Ermənistandakı seçkilərdən dərhal sonra beynəlxalq təşkilatların müsbət mövqe bildirməsi və seçkilərin yaxşı keçirildiyini deməsi siyasi riyakarlıqdan başqa bir şey deyil.

Deputat Flora Qasımova Xocalı soyqırımı ilə bağlı görülən tədbirlərdən danışdı. O, Azərbaycan hökumətinin atdığı addımların, Xocalı soyqırımı ilə bağlı apardığı işlərin səmərəli olduğunu və artıq bir neçə dövlətin bu soyqırımı tanıdığını diqqətə çatdırdı. Deputat Elman Məmmədov da Abdullah Gülün təbrikinə münasibət bildirdi. Onun fikrincə, Abdullah Gül bütün Türkiyə demək deyil: "Azərbaycanın arxasında bir dövlət var ki, o da Türkiyədir. Ona görə Türkiyəyə qarşı bu cür kampaniyanın aparılması düzgün deyil".

Deputat İqbal Ağazadə isə bildirdi ki, Türkiyə Cənubi Qafqazda mövqelərini möhkəmlətmək istədiyi zamanda bəzi qüvvələr xüsusi tapşırıq əsasında qardaş ölkənin əleyhinə kampaniya aparırlar. Odur ki, çıxış edərkən bu məsələni nəzərə almaq lazımdır. Qüdrət Həsənquliyev isə deputat həmkarının diqqətinə çatdırdı ki, Türkiyə Prezidentinin məlum addımını pisləyən parlament üzvləri Türkiyəyə qarşı çıxmır və çıxmazlar da. Çünki Türkiyə Azərbaycanla qardaş ölkədir. Ancaq bu ölkə rəhbərliyinin tələsərək Serj Sarkisyanı təbrik etməsi təəssüf hissi doğurur. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov isə dedi ki, Ermənistanla Azərbaycan arasında münaqişə başlayan kimi ilk olaraq sərhədi bağlayan Türkiyə dövləti olub. Deputat əlavə etdi:  "Bizdə seçki keçiriləndə ATƏT-in pusquda duran müşahidəçiləri 8 ay burada monitorinq aparırlar. Gah seçkiyə iki ay qalmış bəyanat verirlər, gah seçki öncəsi vəziyyətin monitorinqini açıqlayırlar, gah seçki günü bəyanat verirlər, gah da seçkidən iki ay sonra... Amma bunların Ermənistanda seçki prosesi ilə bağlı bir bəyanatı da yoxdur. Namizədlərin mediada çıxış etməsinin monitorinqini aparmadılar. Hətta bir namizədə sui-qəsd oldu. Bəs niyə bu halları görmürlər?

Milli Məclisin Sədri Oqtay Əsədov bu məsələyə öz mövqeyini belə açıqladı: "Qardaş Türkiyə Prezidentinin bu addımı bizi incitdi, ağrıtdı, ancaq bunun üzərinə çox getmək lazım deyil. Ermənistana nə qədər nəzakət göstərilsə, bundan istifadə edirlər. Onlar az qala məsələ qaldırsınlar ki, Abdullah Gülün təbriki Türkiyənin guya ermənilərdən üzr istəməsinə bir mesajdır. Hesab edirəm ki, bu məsələyə tamam başqa rakursdan yanaşmaq lazımdır. Türkiyə ilə Azərbaycanın yüksək səviyyəli münasibətləri var. Ermənistanda keçirilən prezident seçkiləri ilə bağlı beynəlxalq təşkilatların susqunluğu diqqət çəkir. Bu ölkədə 2 milyon əhali yoxdur, qeydiyyatdan isə 2 milyon 500 min insan keçib. Ermənistanda prezidentliyə namizəd seçkidən əvvəl vuruldu. Martines deyir ki, bu dəfə Ermənistanda keçirilən seçkilər ən yaxşı seçkilərdir. Ermənistanda keçirilən seçkilərdən 7 gün keçməmiş bu seçkilərə beynəlxalq təşkilatların belə yüksək qiymət verməsi diqqət çəkməyə bilməz. Ona görə də beynəlxalq təşkilatların belə qərarları bizi bir qədər ehtiyatlandırmalıdır. Daha diqqətli olmalıyıq. Seçki ili olduğu üçün Azərbaycana qarşı hər cür vasitələrdən istifadə edirlər". 

Spiker Oqtay Əsədovun çıxışı ilə cari məsələlər üçün ayrılan vaxt başa çatdı və gündəliyin müzakirəsi başlanıldı. "Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi barədə qanun layihəsi haqqında  parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verdi. Komitə sədri dedi ki, bu sənədin təsdiq edilməsi ilə həm xidməti, həm də diplomatik pasportlara malik şəxslərin BƏƏ-yə asanlıqla gediş-gəlişi mümkün olacaq. Sənəd səsə qoyularaq qəbul edildi.

"Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Azərbaycan Respublikasının hökuməti və Türkiyə Respublikasının hökuməti arasında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi haqqında isə vitse-spiker Valeh Ələsgərov məlumat verdi. Onun sözlərinə görə, memorandum sazişlər paketində olan sənədlərdən biridir. Bu istiqamətdə daha bir neçə sənəd qəbul olunacaq. Deputatlar sənədə müsbət rəy bildirdilər.

İclasda "Azərbaycan Respublikası və Argentina Respublikası arasında vergi məlumatlarının mübadiləsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi təsdiqləndi. "Azərbaycan Respublikası və İspaniya Krallığı arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi barədə isə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verərək bildirdi ki, bu sazişə əsasən hər iki ölkənin elmi və mədəni sahədə əməkdaşlığı daha da genişlənəcək. Eyni zamanda qarşılıqlı olaraq elmi adların, elmi dərəcələrin tanınması məsələsi də bu sənəddə öz əksini tapıb. Sənəd səsə qoyularaq qəbul edildi.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə bağlı isə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Onun sözlərinə görə, dəyişikliklər lisenziyasız tibbi fəaliyyətlə bağlı cərimələrin artırılmasını nəzərdə tutur. Əvvəllər xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və əczaçılıqla məşğul olmağa görə 300 manatdan 500 manata qədər cərimə tətbiq edilirdisə, təklif edilən dəyişikliyə görə, artıq bu cərimələr 2 min manatdan 3 min manata qədər, vəzifəli şəxslər isə 5 min manatdan 10 min manatadək, hüquqi şəxslər 20 min manatdan 30 min manata qədər artacaq.

Müzakirələr zamanı çıxış edən deputatlar Fazil Mustafa, Etibar Hüseynov bunun müsbət təsirinin olacağını bildirdilər. Eyni zamanda təklif də irəli sürüldü. E.Hüseynov dedi ki, ölkədə qəzetlərin fəaliyyətinə nəzarət edən Mətbuat Şurası var. Yaxşı olardı ki, səhiyyə şurası da yaradılsın. Müzakirələrdən sonra İnzibati Xətalar Məcəlləsinə dəyişiklik səsə qoyularaq qəbul edildi.

İclasda "Reklam haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirəyə çıxarıldı. Dəyişikliklə bağlı məlumat verən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, dəyişiklik əhalinin sağlamlığına zərər vuran əlamətlərin aradan qaldırılmasına xidmət edir. Qanunun 3.1-ci maddəsinə edilən dəyişiklikdə göstərilir: "Özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir".

Müzakirələrdə çıxış edən deputatlar Fazil Mustafa, İlham Məmmədov və Rafael Cəbrayılov bunun müsbət təsirinin olacağını vurğuladılar. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov isə dedi ki, tütün məmulatlarının reklamı qadağan olunsa da, son zamanlar Azərbaycan teleseriallarında tütünün (siqaretin) əsl reklamı aparılır.

Deputat Ceyhun Osmanlı isə KİV-də, xüsusən telekanallarda sosial reklamların olmamasından şikayətləndi. Onun sözlərinə görə, dövlət tərəfindən həm cizgi, həm də bədii serialların, filmlərin çəkilişi üçün vəsait ayrılsa da, indiyədək çəkilən seriallarda milli qəhrəmanlarımız haqqında süjet yoxdur: "Yenə də uşaqlar əcnəbi cizgi filmlərində başqa qəhrəmanlara tamaşa edirlər. Yerli serialların heç birində qəhrəmanlarımız görünmür. Bu isə milli ideologiyamıza təsirsiz ötüşmür".

Müzakirələrdən sonra "Reklam haqqında" dəyişiklik səsə qoyularaq qəbul edildi.

Sonra İnzibati Xətalar Məcəlləsinə daha iki dəyişiklik müzakirə edildi. Komitə sədri Əli Hüseynli dedi ki, məcəlləyə edilən birinci dəyişiklik "Sosial xidmət haqqında" qanunun tələblərinin pozulmasına görə cərimələrin müəyyən edilməsi ilə bağlıdır. Dəyişikliyə əsasən, dövlət tərəfindən göstərilən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi, müəyyən edilməsi və qərar qəbul edilməsi üçün düzgün olmayan məlumatların verilməsinə görə 50 manat miqdarında cərimə tətbiq ediləcək. Eyni zamanda dövlət tərəfindən sosial xidmət göstərilməsinin dayandırılmasına təsir göstərən dəyişikliklər barədə sosial xidmət göstərən subyektlərin məlumatlandırılmamasına görə 50 manat cərimə müəyyən ediləcək. Sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina barədə qərar haqqında qanunla müəyyən olunmuş müddətdə müraciət edən şəxsə rəsmi məlumatın verilməməsi və ya sosial xidmətdən imtina barədə qərarda imtinanın səbəblərinin göstərilməməsinə görə vəzifəli şəxslər 100 manat miqdarında cərimə olunacaq. Sosial xidmət göstərilməsinin keyfiyyətini, həcmini və şərtlərini müəyyən edən tələblərin pozulmasına görə isə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 150 manat miqdarında cərimə olunacaq.  Dəyişiklik müzakirə olunmadan qəbul edildi.

"Veteranlar haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verərək bildirid ki, adıçəkilən sənədə "Sosial xidmət" haqqında qanuna əsasən dəyişiklik olunur. Dəyişikliyə əsasən, veteranlara "Sosial xidmət" haqqında qanuna uyğun olaraq sosial xidmət göstərilir.

Onun fikrincə, hazırda ölkədə 90 min veteran var. Qanuna edilən dəyişiklik onların həyat şəraitinin yaxşılaşmasına səbəb olacaq. Deputatlar sənədə müsbət rəy bildirdilər və eyni zamanda Azərbaycan Respublikasının 2001-ci il 8 may tarixli 129-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik, "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər təsdiqləndi. Parlament həmçinin "Könüllü fəaliyyət haqqında" qanunda dəyişiklik edilməsi barədə layihəni səsə qoyaraq qəbul etdi. "Azərbaycan Respublikasının 2006-ci il 8 dekabr tarixli 195-IIIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qanun layihəsi də səsə qoyularaq qəbul edildi.

"Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında komitə sədri Əli Hüseynli məlumat verdi. Dəyişikliyə görə, vətəndaşlar və dini qurumlar qeyd olunan materialları müvafiq icra hakimiyyəti orqanının verdiyi nəzarət markası ilə markalanmış formada, istədikləri dildə əldə edə və onlardan istifadə edə bilərlər. Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həmin materialları istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilər. Eyni zamanda nəzarət markası ilə markalanmış materialların satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir.

Müzakirələr zamanı çıxış edən deputat Fazil Mustafanın fikrincə, qanuna dəyişiklikdən sonra dini kitabların hədiyyə verilməsi çətinləşəcək. Deputat Qüdrət Həsənquliyev isə həmkarına dedi ki, Azərbaycanda mollalar çoxalıb. İndi gözləməliyik ki, Azərbaycanda ekstremizm yayılsın, sonra ona qarşı mübarizə aparılsın?! Deputat İlham Əliyev də Qüdrət Həsənquliyevlə həmrəy olduğunu bildirdi: "Bizim dinimiz var və biz bu dinə qulluq edirik. Mən bu qanuna dəyişikliyi dəstəkləyirəm. Çünki biz çalışmalıyıq ki, qısaşalvarlıları və saqqalı sinəsinə qədər düşənləri cəmiyyətimizdən təcrid edək". Deputat Bəxtiyar Əliyev isə dedi ki, qanun layihəsi insanların öz dini inanclarını kənar müdaxilə olmadan, sərbəst həyata keçirməsinə şərait yaradacaq.

Spiker Oqtay Əsədov isə diqqətə çatdırdı ki, Azərbaycan dövlətçiliyinə və islam dininə qarşı olan qüvvələrin ölkəmizdə fəallaşmasının qarşısının alınması məqsədi ilə bu dəyişiklik edilir. O, deputatları layihəyə səs verməyə çağırdı və sənəd səsə qoyularaq qəbul edildi.

Sonra iclasda "Dərman vasitələri haqqında" qanunda dəyişikliklər edilməsi barədə və Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirəyə çıxarılaraq qəbul edildi. "Dərman vasitələri haqqında" qanuna dəyişikliyə görə, dərman vasitələrinin üzərinə müvafiq icra hakimiyyəti orqanının verdiyi nəzarət markası yapışdırılmalıdır. İkinci layihəyə görə  isə Şahbuz şəhər inzibati ərazi dairəsi genişləndirilir.

Dəyişikliklər təsdiq edildikdən sonra Milli Məclisin plenar iclası başa çatdı.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 23 fevral.- S.1.