ATƏT Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış etmişlər

 

Xəbər verdiyimiz kimi, fevralın 21-22-də Vyanada ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) 12-ci qış sessiyası keçirilmişdir.

Sessiyada ölkəmizi Milli Məclis Sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyəti təmsil etmişdir.

Fevralın 22-də ATƏT PA-nın daimi komissiyasının iclası keçirilmişdir. İclasda ATƏT PA və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi (ATƏT DTİHO) arasında əməkdaşlığı tənzimləyən, xüsusilə seçkilərdə müşahidə missiyalarının işini nizamlayan və ötən ilin dekabr ayında ATƏT PA-nın prezidenti tərəfindən ləğv olunmuş Kopenhagen Sazişi ilə bağlı gərgin müzakirələr aparılmışdır. Çıxış edən deputatlar seçki müşahidə missiyaları çərçivəsində hər iki qurum arasında baş verən fikir ayrılığının səbəbini sazişin müddəalarında deyil, əməkdaşlıq mühitində axtarmaq lazım olduğunu diqqətə çatdırmış, qurumlar arasında əməkdaşlığı gücləndirmək üçün birgə yollar aranmasını təklif etmişlər. Sonda deputatlar Belçika parlamentinin deputatı Fransua-Xavier de Donneaya ATƏT PA və ATƏT DTİHO arasında danışıqları aparmaq üçün mandat vermişlər.

Milli Məclisin deputatı Azay Quliyev sessiyada çıxış edərək Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı rejim tərəfindən Xocalı aeroportunun istifadəyə verilməsi niyyəti ilə bağlı narahatlıq ifadə etmiş, bu addımın Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının müddəalarına zidd olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, Ermənistanın Azərbaycanın işğal altında olan Xocalı aeroportundan uçuşlar həyata keçirmək niyyəti Azərbaycana qarşı ciddi təhlükə yaradır. Bu hava məkanı Azərbaycana məxsusdur, Ermənistan tərəfindən istifadəsi qeyri-leqaldır və buna görə də Azərbaycan Çikaqo Konvensiyasının hüquqi müstəvidə tətbiqini gücləndirəcəkdir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin rəhbəri Yaneş Lenarçiç, milli azlıqlar üzrə ali komissar Knut Vollebek, ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç, ATƏT-in iqtisadiyyat və ekologiya məsələləri üzrə əlaqələndiricisi Halil Yigitgüden məruzələrlə çıxış etmişlər.

Üç komitənin birgə iclasında ATƏT PA-nın gender məsələləri üzrə xüsusi nümayəndəsi Hedi Fray hesabatla çıxış etmişdir. Eyni zamanda, "ATƏT ölkələri Suriya, Sahel və Şimali Afrikadakı böhranlara necə cavab verməlidir?" mövzusunda xüsusi müzakirə keçirilmişdir. Müzakirə zamanı ABŞ-dan olan konqresmen Elsi Hastinq Suriyadakı mövcud vəziyyətlə bağlı məruzə ilə çıxış etmiş, xüsusilə diqqəti yaranmış humanitar böhrana, mülki əhalinin vəziyyətinə, hər gün qətlə yetirilən, qaçqına çevrilən uşaqların taleyinə yönəltmişdir.

Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova da çıxış edərək Suriyadakı uşaqların aqibəti ilə bu günlərdə növbəti ildönümü qeyd olunacaq Xocalı soyqırımı zamanı qətlə yetirilmiş uşaqlar arasında müqayisə aparmışdır. Qeyd edilmişdir ki, bir gecə içərisində erməni separatçıları tərəfindən Azərbaycanın Xocalı şəhərində qətlə yetirilmiş 613 sakindən 63 nəfəri uşaq olmuş, onların əksəriyyətinin bədən üzvləri kəsilmişdir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində başlamış münaqişə artıq 25 ildir davam etməkdədir və təkcə region üçün deyil, eyni zamanda, dünyada təhlükəsizlik üçün ciddi təhlükə törətməkdədir.

Bildirilmişdir ki, Suriya böhranı nəticəsində yüzlərlə erməni əsilli suriyalı ailənin Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırılması haqqında məlumatlar ciddi narahatlıq doğurur. B.Muradova həmin məlumatlardan biri kimi ATƏT PA-nın Beynəlxalq Katibliyi tərəfindən hazırlanmış "Suriyada humanitar böhran" adlı jurnalı misal gətirmişdir. Həmin jurnalda göstərilir ki, Suriyadan olan 29 qaçqın ailə (təxminən 90 nəfər) Azərbaycanın zəbt olunmuş Laçın rayonu ərazisində məskunlaşdırılmışdır. Bununla Ermənistan işğal olunmuş ərazilərdə demoqrafik vəziyyəti dəyişmək, özünə canlı sədd yaratmaqla azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına geri dönməsinin qarşısını almaq və onların şəxsi əmlak hüquqlarından istifadəsindən məhrum etmək məqsədini güdür. B.Muradova vurğulamışdır ki, ATƏT PA və digər beynəlxalq təşkilatları Ermənistanı suriyalı qaçqınların faciəsindən öz məqsədləri üçün sui-istifadə etməkdən çəkinməyə çağırmalıdırlar. Çünki bu məqsədlər öz ev-eşiklərindən məhrum olmuş həmin insanların gələcək taleyi üçün böyük təhlükə yaradır və daha ağrılı məqam ondan ibarətdir ki, həmin qaçqınlar öz ata-baba yurdlarına qayıdacaqları günü gözləyən azərbaycanlı qaçqınların evlərində yerləşdirilirlər. Yekunda bir daha qeyd edilmişdir ki, Ermənistanın bu addımları mövcud vəziyyəti gərginləşdirməklə yanaşı, münaqişənin ədalətli və davamlı həlli üçün göstərilən cəhdlərə zərbə vuraraq onları zəiflədir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Suriya böhranının hazırda dünya siyasətində ən vacib mövzulardan birinə çevrildiyini qeyd etmişdir. Bildirilmişdir ki, böhran nəticəsində hər gün insan tələfatı, qaçqın axını və iqtisadi-humanitar fəlakət daha da geniş vüsət almaqdadır. Artıq Suriya böhranı regional dairədən çıxaraq beynəlxalq münaqişəyə çevrilmişdir. Suriyada baş verən insan faciəsini, 1 milyon 161 min qaçqın düşmüş insanın acı taleyini çox yaxşı anladığını bildirən R.Aslanova 20 ildən də artıq davam edən Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda da 1 milyon insanın qaçqın olduğunu, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığını diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, buna rəğmən  Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı pessimist deyil və problemin sülh yolu ilə həlli istiqamətində səylər göstərir. 1951-ci ildə dünyada 1 milyon insanın qaçqın olduğunu qeyd edən azərbaycanlı deputat 2012-ci ildə bu rəqəmin 48 milyon nəfərə çatdığını söyləmiş, dünya ictimaiyyətinin bu problemin həlli üçün ciddi şəkildə çalışmalı olduğunu ifadə etmişdir.

Sessiya öz işini Suriya böhranı ilə bağlı müzakirələrlə yekunlaşdırmışdır.

ATƏT PA-nın yay sessiyasının iyunun 29-dan iyulun 3-dək İstanbul şəhərində keçirilməsi qərara alınmışdır.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.-2013.- 23 fevral.- S.1-2.