Xocalı soyqırımı XX əsrin ən dəhşətli və qanlı faciələrindən biridir

 

Xocalı soyqırımı XX əsrin ən dəhşətli və qanlı faciələrindən biridir.

AzərTAc xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun fevralın 22-də Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş tədbirdə demişdir.

Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən tədbirdə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin deputatları, səfirliyin əməkdaşları, Azərbaycan və türk cəmiyyətlərinin təmsilçiləri və KİV-lərin nümayəndələri iştirak etmişlər.

Səfir İsmayıl Alper Coşkun Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Azərbaycan üçün mühüm olduğu qədər, Türkiyə dövləti üçün də eyni dərəcədə önəmli məsələdir.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü ardıcıl və məqsədyönlü işlərdən söhbət açmışdır.

Əli Həsənov həmçinin qeyd etmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası öz bəhrəsini verməkdədir. Artıq beynəlxalq kampaniya çərçivəsində həyata keçirilən təbliğat və təşviqat tədbirləri nəticəsində dünyanın bir neçə ölkəsinin parlamentləri Ermənistan hərbi birləşmələrinin 1992-ci ilin fevralında Xocalıda azərbaycanlılara qarşı törətdikləri vandalizm aktını soyqırımı kimi tanımışdır.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov çıxış edərək ötən il Türkiyədə Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar çoxsaylı tədbirlərin keçirildiyini xatırlatmış, qardaş xalqın bu dəstəyini yüksək qiymətləndirmişdir.

Mərasim iştirakçıları qardaş Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyinin Azərbaycan üçün çox mühüm olduğunu bildirmişlər.

Sonda Türkiyənin "TRT" teleşirkəti tərəfindən hazırlanmış "Öldürülmüş ümidlər" sənədli filmi nümayiş etdirilmişdir.

Türkiyənin "TRT" teleşirkətinin Bakı təmsilçisi Yüksəl Dəyərcan "Öldürülmüş ümidlər" sənədli filminin "TRT Haber", "TRT Türk", "TRT Avaz" və "TRT Anadolu" telekanallarında da nümayiş etdiriləcəyini diqqətə çatdırmışdır.

 

 

Azərbaycan.-2013.- 23 fevral.- S.2.