Dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət

 

O Bir Olan Yaradanın adı ilə!

Artıq 21-ci ildir ki, Azərbaycan Respublikasının milyonlarla vətəndaşının iradə hisslərini ifadə edərək dinindən, dilindən, irqindən milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə, planetimizin taleyi üçün məsuliyyət daşıyan dünya liderlərinə, dövlət rəhbərlərinə, parlamentlərə beynəlxalq təşkilatlara üz tutur, israrla müraciət edirəm. Çünki əminəm ki, cahanda elə bir xalq, elə bir din ola bilməz ki, ümumbəşəri mənəvi dəyərləri inkar etsin, zor, qətl, təcavüz kimi qeyri-humanist əməllərə haqq qazandırsın, qanlı cinayətlərə bəraət versin.

Bəşəriyyət insanlığa qarşı cinayətləri daim nifrətlə damğalamış, insan sifətini itirmiş qatillərin əməllərini hər zaman lənətləmişdir. Lakin təəssüflə qeyd olunmalıdır ki, dünya tarixinin qanlı səhifələrindən birini təşkil edən, Azərbaycan şəhəri Xocalının insanlıq adına ləkə olan faciəsi hələ tarixin mühakiməsinə verilməmiş, bu misli görünməmiş soyqırımı faktı layiqli siyasi qiymətini almamışdır. Bu gün mənim həmvətənlərimin ədalətə ümidləri Allahın mərhəmətinə bəşəriyyətin düzgün münasibətinə bağlıdır.

Bəşər övladının qan yaddaşında ikili standartlar yolverilməzdir, lakin artıq iyirmi bir ildir ki, barəsində aləmə car çəkdiyimiz Xocalı faciəsi bugünədək beynəlxalq səviyyədə qınaq obyektinə çevrilməmiş, onun baiskarları lənətlənməmişdir. 1992-ci il fevralın 26-da  bütöv bir şəhərin - minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakininin erməni quldurlarının qəfil amansız basqınına məruz qalması, 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmaması, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qalması, meyitlərin üzərində təhqiramiz həqarətlər edilməsi kimi vəhşiliklərə biganə qalmaq bəşəriyyətə başucalığı gətirə bilməz. Lakin təəssüf təəccüb doğuran fakt odur ki, bəşəriyyət ədalət çağırışlarımıza laqeyd yanaşır, beynəlxalq təşkilatlar bu misli görünməmiş cinayətin üzərindən hələ sükutla keçirlər.

Acı reallıq ondan ibarətdir ki, zaman-zaman törətdikləri cinayətlərə görə hələ cəza almamış, heç bir beynəlxalq qurumun, hətta BMT-nin qətnamələrinə məhəl qoymadıqları halda heç bir sanksiya ilə üzləşməmiş erməni ekstremistləri ərazimizin 20 faizini işğal etmiş, milyonlarla azərbaycanlını doğma yurdlarından didərgin salmış, qəsb etdikləri torpaqlarda vandalizm aktları həyata keçirərək mədəniyyət abidələrimizi, məscid qəbiristanlıqlarımızı xarabalığa çevirmiş, maddi mənəvi terror gerçəkləşdirmiş, tarixi sənəd əşyaları mənimsəyərək özününküləşdirmişlər. Xocalıda törədilən məqsədyönlü soyqırımı aktı isə bütün bu vəhşiliklərin kulminasiya nöqtəsi olmuşdur.

Mən dünya ictimaiyyətini sayıq olmağa, erməni ekstremistlərinin məkrli təbliğatına uymamağa, özgə torpaqlarına göz dikən terrorçu dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa zidd qanlı qırğını öz adı ilə çağırmağa səsləyirəm. Artıq 21 ildir ki, Xocalı qurbanlarının ahı Qarabağın dağlarında dolaşır. Hər bir sülhsevər insanın borcu bu işdə bizə həmrəy olmaqdır. Bəşəriyyət bu gün haqqa-ədalətə səs verməsə, sabah daha ağır rəzalətin qurbanı ola bilərik.

Təəssüf doğuran haldır ki, müasir dünyada əsl deyil, qondarma soyqırımlarla bağlı qayğılananların şahidi oluruq. Beynəlxalq aləmdə, bir çox hallarda, saxta soyqırımlarının tanınması, soyqırımı törədənlərin "soyqırımı qurbanları" kimi qələmə verilməsi yönündə meyillər bizi narahat edir. Yaxın tarixdə - 1992-ci ildə Azərbaycan xalqının yaşadığı Xocalı qətliamına hüquqi-siyasi qiymət verilməsi ilə bağlı illərdir etdiyimiz müraciətlərimiz, şükürlər olsun ki, artıq nəticələrini verməkdədir. Biz inanırıq ki, dünya soyqırımlarına məruz qalmış Azərbaycan xalqının səsinə bundan sonra da biganə qalmayacaq, onun haqq işinin zəfər çalmasına, tarixi ədalətin bərpasına yardımçı olacaqdır. Ümidvarıq ki, Azərbaycan həqiqətlərinin israrla dünyaya yayılması, "Xocalıya ədalət" kampaniyası qəsbkar dövlət olan Ermənistanın əsl simasının açılmasına yardım göstərəcəkdir. Artıq dünyanın bir neçə dövlətinin Xocalı soyqırımını tanıması bu ümidlərimizi daha da artırır.

Mən, din xadimi olaraq, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq rifah diləyirəm. Hər kəsə xatırlatmağı vacib sayıram ki, Rəbbimiz bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin bərqərarına nail olmaqdır. Odur ki, üzümü bir daha dünya ölkələrinin dövlət başçılarına, parlamentlərinə, xalqlarına beynəlxalq təşkilatlara tutaraq onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, Xocalı müsibətini insanlığa qarşı soyqırımı aktı kimi tanımağa çağırıram.

Qoy, Uca Yaradan hamımıza savab əməllərdə, düzgünü yanlışdan seçməkdə ədalətli olmaqda yardımçı olsun! Amin!

 

 

 Şeyxülislam Allahşükür PAŞAZADƏ

 

Azərbaycan.-2013.- 23 fevral.- S.6.