Xocalı soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindən biridir

 

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (MİHİRK) fevralın 22-də Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı anma mərasimi keçirmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının və ölkəmizin müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Komitənin sədri Cəmilə Səttarova tədbiri açaraq bildirmişdir ki, Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdikləri cinayət bəşər tarixinin ən qanlı səhifələrindən biridir. Xocalı soyqırımı zamanı 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulmuş, 487 dinc sakin ağır yaralanaraq şikəst olmuş, 1275 nəfər əsir və girov götürülmüşdür. İtkin düşmüş 150 nəfərin taleyi indiyədək məlum deyildir.

Qeyd edilmişdir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmişdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində yorulmaq bilmədən çalışır, bu sahədə ardıcıl iş aparır. İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş "Xocalıya ədalət" beynəlxalq kampaniyası da bu işə öz töhfəsini verməkdədir.

Xocalı rayon mədəniyyət evinin əməkdaşı Anar Hüseynov, MİHİ RK-in Xocalı və Qubadlı rayon təşkilatlarının sədrləri Telman Abbasov və Əmrah Hüseynov, Şuşa Dövlət Dram Teatrı həmkarlar ittifaqı komitəsinin sədri Enurə Abdullayeva və başqaları çıxış edərək Xocalı faciəsi zamanı həlak olmuş soydaşlarımızın ailələrinin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulamış, bu soyqırımın heç zaman qan yaddaşımızdan silinməyəcəyini söyləmişlər.

Sonda Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.-2013.- 23 fevral.- S.6.