Pakistanın 50 nüfuzlu ictimai-siyasi xadimi Xocalı soyqırımını pisləyən memorandum imzalamışdır

 

Pakistanın nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzetinin 23 fevral tarixli buraxılışında "Xocalı soyqırımını pisləyən memorandum BMT-nin Pakistandakı nümayəndəsinə təqdim edilmişdir" sərlövhəli məqalə dərc olunmuşdur.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, məqalədə bildirilir ki, Pakistanın 50 nüfuzlu ictimai-siyasi xadimi tərəfindən hazırlanmış (onların arasında "Pakistan Observer"in baş redaktoru, "el ağsaqqalı", vətənə xidmətlərə görə ali dövlət ordeni "Sitari İmtiaz" ilə təltif olunmuş Zahid Malik, Milli Assambleyanın deputatları Mian Aslam, Aqil Anjum, sabiq mədəniyyət naziri, Nazirlər Kabinetində xristian azlığını təmsil etmiş S.K.Tressler, sabiq informasiya naziri Səlim Şeyx, ölkənin mərkəzi seçki komissiyasının eks-sədri Xanvar Dilşad, "Daily Ausaf" qəzetinin baş redaktoru Mehtab Xan, İslamia Rizvia Universitetinin rektoru Dr.Zafar İqbal, Pakistan Müsəlman Liqasının qadınlar qanadının prezidenti Farux Xan və digər nüfuzlu şəxslər vardır), Xocalıda törədilmiş soyqırımı pisləyən memorandum cari il fevralın 22-də BMT-nin Pakistandakı nümayəndəsi David Neyll Rayta təqdim edilmişdir.

Yeddi bənddən ibarət memorandumda Xocalı soyqırımının bəşər tarixində qara ləkə olaraq qaldığı, münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonunun işğal edildiyi, 20 mindən çox insanın həlak olduğu, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün həyatını yaşadığı vurğulanmışdır.

Sənəddə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən məhv edildiyi, soyqırımı nəticəsində uşaq, qadın və ahıllar da daxil olmaqla yüzlərlə günahsız  mülki insanın xüsusi qəddarlıqla qətlə yetirildiyi bildirilmişdir.

Memorandumda BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin hələ də icra olunmadığı vurğulanmışdır.

Sənəddə erməni hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması, regional iqtisadi əməkdaşlığın bərpasının təmin edilməsi tələb olunmuşdur.

BMT-nin Pakistandakı nümayəndəsi D.Neyll Rayta ünvanlanmış məktubda memorandumun BMT-nin baş katibi Pan Gi Muna çatdırılması xahiş olunmuşdur.

Məqalədə qeyd olunmuşdur ki, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da "Pakistan Observer"in baş ofisinə gələrək qəzetin baş redaktoru Zahid Malikə və memorandumu hazırlayan digər şəxslərə təşəkkürünü bildirmişdir.

Məqalənin tam mətni ilə http://pakobserver.net/detailnews.asp?id=197243  linkindən tanış olmaq mümkündür.

 

 

Azərbaycan.-2013.- 24 fevral.- S.2.