Azərbaycan Respublikasının müdafiə naziri NATO-nun Mənzil Qərargahında keçirilən iclasda iştirak etmişdir

 

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən AzərTAc-a verilən məlumata görə, fevralın 22-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin müdafiə nazirlərinin Brüsseldə NATO-nun Mənzil Qərargahında keçirilən iclasında iştirak etmişdir.

İclasda ISAF əməliyyatının cari vəziyyəti və NATO-nun Əfqanıstanda 2014-cü ildən sonrakı yeni missiyası müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, ölkədə keçid prosesi qaydasında gedir və Əfqan milli təhlükəsizlik qüvvələrinin döyüş bacarığı artır. Əfqan milli təhlükəsizlik qüvvələri bir neçə aydan sonra ölkə üzrə əsas, 2014-cü ilin sonunadək isə tam təhlükəsizlik məsuliyyətini öz üzərinə götürmək əzmindədir. 2015-ci ildən NATO Əfqanıstanda ISAF-dan həcmcə xeyli kiçik olan yeni qeyri-döyüş xarakterli, təlim, dəstək və yardım missiyasına rəhbərlik edəcəkdir. ISAF yüklərinin Əfqanıstandan geriyə daşınması gündəlikdə duran prioritet məsələlərdən biridir.

Brüsselə səfəri çərçivəsində general-polkovnik Səfər Əbiyev bir sıra dövlətlərin müdafiə nazirləri ilə görüşmüş və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan NATO-nun Əfqanıstanda 2014-cü ildən sonrakı yeni missiyası üzrə potensial əməliyyat tərəfdaşı kimi tanınmışdır. Həmçinin Əfqanıstandan geriyə daşınma üzrə əsas tranzit xətlərindən biri olan Mərkəz Tranzit yolu Azərbaycan ərazisindən keçir. Əməliyyata hərbi dəstəklə yanaşı, Azərbaycan Əfqanıstana müxtəlif sahələrdə təlim, maliyyə və digər dəstək göstərir.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Brüssel

 

Azərbaycan.-2013.- 24 fevral.- S.3.