Kiçik rayonda böyük işlər görülür

 

Hacıqabul respublikamızın inzibati ərazisində müstəqil rayon kimi 1990-cı ildə yer almışdır. O vaxtadək uzun illər qəsəbə kimi indiki Şirvan  şəhərinin tərkibində olmuşdur. Onun sürətli inkişafı isə 2004-cü ildən başlamışdır. Ötən bu illər ərzində ölkə başçısı İlham Əliyev bir neçə dəfə Hacıqabula səfər etmiş, əhali ilə görüşüb söhbət aparmış, yeni yaradılmış rayonun inkişafı üçün tövsiyə və göstərişlərini vermişdir.

Prezidentin "Mən çox istəyirəm ki, Hacıqabul daha da sürətlə inkişaf etsin" sözləri artıq reallığa çevrilir. Qədim Şirvan torpağının qoynunda yerləşən Hacıqabul aydan-aya, ildən-ilə inkişaf edir, abadlaşır. Tikilən binalar, salınan parkxiyabanlar, çəkilən yollar, yenidən qurulan infrastruktur hacıqabulluların ürəyindən xəbər verir. Azərbaycanda ilk qazlaşdırılan rayonlardan biri məhz Hacıqabuldur. Həyata keçirilən tədbirlər nəticəsində rayonda indi təbii qaz, elektrik enerjisi problemi yoxdur. Qazanılan bu uğurlar isə gərgin əmək, yüksək təşkilatçılıq nəticəsində mümkün olmuşdur.

Bir neçə il bundan əvvəl təbiət rayon əhalisini sınağa çəkdi. Rayonun ərazisinə düşən güclü leysan yağışlar şəhər təsərrüfatına, habelə Navahı  zonasına ciddi ziyan vurdu. Şəhərin şimal-qərb hissəsindəki dağlardan gələn sel suları şəhərin evlərini, həyətlərini cənginə aldı. Navahı, Atbulaq, Rəncbər kəndlərində çoxlu sayda mal-qara, ev quşları tələf oldu, əkinlər su altında qaldı. Bundan bir müddət sonra isə Kür çayı daşdı. Nəticədə sahil boyu yerləşən kəndlərin əhalisinə xeyli ziyan dəydi. Evləri, həyətləri, yonca sahələrini su basdı.

Amma çox qısa müddətdə dövlətin yaxından köməyi ilə bütün bu çətinliklər aradan qaldırıldı. Evi uçanlar üçün ev tikildi, digər zərərçəkənlərə kompensasiya verildi. Bütün sahələrdə həyat öz məcrasına düşdü, ən ağır günlərdə belə rayon əhalisi ruhdan düşmədi, çalışaraq ölkəmizdəki ümumi quruculuqdan geridə qalmadı. Rəqəmlərə diqqət yetirək: 2004-cü ilə nisbətən 2012-ci ildə ümumi məhsul buraxılışı 8,1, sənaye məhsulu istehsalı 2,4, kənd təsərrüfatı məhsulları istehsalı 2,6, tikintinin həcmi 37,7, nəqliyyat xidməti 2,4, rabitə xidməti 2,6, ticarət 8,7, əsas kapitala investisiya qoyuluşu 36,8, əmtəə dövriyyəsi 7,4, əhalinin pul gəliri 6,9, orta aylıq əməkhaqqı 4,3, sahibkarlıq obyektlərinin sayı 3,2 dəfə artmışdır. Bu rəqəmlərin hər biri inkişafdan, insanların yüksələn həyat səviyyəsindən xəbər verir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələri uğurla həyata keçirən Hacıqabul əhalisi 2012-ci ili də nailiyyətlərlə yola salmışdır. Ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələr barədə rayon ictimaiyyəti qarşısında hesabat məruzəsi ilə çıxış edən RİH-in başçısı Əhməd Muxtarov qeyd etmişdir ki, keçən il məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 46 faiz çox olmuşdur. Hacıqabul əsasən kənd təsərrüfatı rayonudur. Elə buna görə də ümumi məhsulun 28,6 faizi bu sahənin payına düşür. 2012-ci ilin məhsulu üçün 11 min 650 hektarda taxıl əkini aparılmış və həmin sahələrdən 34 min 827 ton məhsul əldə edilmişdir. Bu da əvvəlki ildəkindən 679 ton çoxdur. Heyvandarlıqda da yaxşı nəticələr qazanılmışdır. Ət istehsalı 5 min 606, süd istehsalı 16 min 81, yun istehsalı 221 tona, yumurta istehsalı isə 168 milyona çatmışdır. Yeri gəlmişkən qeyd edək ki, respublikada istehsal olunan yumurtanın 30 faizə yaxını bu rayonun payına düşür. 2012-ci ildə mal-qaranın sayında da, meyvə, bostan-tərəvəz məhsullarının istehsalında da nəzərəçarpacaq artım olmuşdur.

Məruzəçi hesabatında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası çərçivəsində Hacıqabulda tikinti, quruculuq, abadlıq, aran zonası üçün vacib olan yaşıllaşdırma işlərinin geniş vüsət aldığını vurğulamışdır. Keçən il rayonda 19 min 139 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmiş, 6 milyon 118 min manatlıqdan artıq tikinti-quraşdırma işləri görülmüşdür. Şəhərin əksər küçələrinə, habelə şəhər qəbiristanlığına gedən yola qum-çınqıl qatışığından əsas qoyulmuş, 505 ton hamarlayıcı qat verilmişdir. Bundan əlavə, mərkəzdəki Heydər Əliyev Mərkəzi yenidən qurulmuş, küçələrin işıqlandırma sistemi təzələnmiş, rayon mərkəzinin Bakı istiqamətindən giriş hissəsində - dağüstü massivdə Bayraq meydanı salınmış, Dədə Qorqud parkı abadlaşdırılmış, köhnə binalar əsaslı təmir edilmişdir. Rayonda digər sahələrlə yanaşı, su, yol kanalizasiya sisteminin tikintisi davam edir. Ən ucqar kəndlərdən olan 1-ci 2-ci Udulu, eləcə Şorbaçı inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrinə gedən avtomobil yolunun əsaslı təmir edilməsi məsələsi isə keçən il öz həllini tapmışdır. 37 kilometrlik bu yolun əsaslı şəkildə yenidən qurulması Prezidentin sərəncamı ilə ayrılan 5 milyon manat vəsait hesabına mümkün olmuşdur.

Hazırda Hacıqabul şəhərində kafel-metlax zavodu tikilir. Müəssisə işə düşdükdən sonra burada 500 nəfər fəhlə qulluqçu işlə təmin ediləcək. Həmçinin Xilə, Şorbaçı, Abdulabad, Qubalıbaloğlan kənd məktəbləri üçün yeni binalar inşa olunur, Navahı qəsəbə şəhər 1 nömrəli məktəblərində təmir işləri görülür.

Tədbirdə qazanılan uğurlarla yanaşı, nöqsanlardan da bəhs edilmişdir. Qeyd olunmuşdur ki, rayonda növbəli əkin üçün mühüm şərtlərdən biri olan pambıqçılığın inkişaf etdirilməsi sahəsində lazımi təşəbbüskarlıq göstərilmir. Əkin suyundan səmərəli istifadə edilməsi, su pulunun ödənilməsi vəziyyəti qənaətbəxş deyil. Habelə yol kənarlarında, baytarlıq sanitar qaydalarına cavab verməyən yerlərdə ət satışının davam etməsi, səhiyyə xidmətinin bəzən günün tələblərinə cavab verməməsi üzündən rayon əhalisinin lazımi səviyyədə müayinədən keçməsi, ucqar kənd məktəblərində müəllim çatışmazlığı, Kolanı, Abdulabad, Muğanlı, Şorbaçı, Udulu, Tağılı Tava kənd məktəblərində dərsə davamiyyətin zəifliyi, yerlərdə klub kitabxanaların fəaliyyətinin müasir tələblərlə ayaqlaşmaması, istedadlı gənclərin aşkar edilib üzə çıxarılmasına lazımi diqqət yetirilməməsi, şəhərdə stadionun, gənclər evinin olmaması da həllini gözləyən problemlər sırasındadır.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.-2013.- 24 fevral.- S.6.