MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclasının iştirakçıları İçərişəhərlə tanış olmuşlar

 

Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının (MDB İnformasiya Şurasının) XVI iclasının iştirakçıları fevralın 25-də İçərişəhərlə tanış olmuşlar.

AzərTAc xəbər verir ki, tədbir iştirakçılarının İçərişəhərdə gəzintisi Qız qalası ilə tanışlıqdan başlamışdır. Qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da qonaqlarda böyük maraq doğurmuşdur.

Elektromobillə gəzinti zamanı qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı iclas iştirakçıları təndir çörəyinə qonaq edilmişdir. Gəzinti zamanı qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bugünədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Sonda qonaqlara hədiyyə verilmişdir.

Qədim İçərişəhərlə tanışlıq qonaqlarda zəngin təəssürat yaratmışdır.

 

 

Azərbaycan.-2013.- 26 fevral.- S.5.