Misirin aparıcı «Əl-Əhram İnternational» qəzetində «Xocalı soyqırımı: beynəlxalq ictimaiyyətin susqunluğu» adlı məqaləsi dərc edilmişdir

 

Ərəb dünyasının aparıcı qəzetlərindən olan "Əl-Əhram İnternational" qəzetində "Xocalı soyqırımı: beynəlxalq ictimaiyyətin susqunluğu" adlı məqalə dərc edilmişdir. Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin və 366-cı sovet motoatıcı alayının Xocalı şəhərinə hücumundan, 106-sı qadın, 63-ü uşaq, 70-i yaşlı olmaqla, 613 nəfər azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsindən, 1.275 nəfərin əsir götürülməsindən, ermənilərin Azərbaycan torpaqlarının 20 faizini işğal etdiklərindən, minlərlə günahsız insanı öldürdüklərindən danışılır.

Məqalənin müəllifi Xocalıya hücumun dəqiqliklə planlaşdırılmış hərbi əməliyyat olduğunu vurğulamışdır. Məqalədə, həmçinin faciə ilə əlaqədar Fransa, Almaniya, Rusiya, İngiltərə və ABŞ jurnalistlərinin yazdıqlarından da sitatlar gətirilmiş və ermənilərin özləri tərəfindən Xocalı qırğınlarının etiraf olunduğunu oxucuların diqqətinə çatdırmışdır.

Ermənistanın təkziblərinə baxmayaraq, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya yayıldığını və bir sıra ölkələrin qanunverici orqanları tərəfindən bu soyqırıma hüquqi və siyasi qiymətin verildiyini yazan müəllif İslam Əməkdaşlıq Təşkilatının cari il fevralın 2-dən 7-dək Qahirədə keçirilmiş zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçılarının Qahirə Yekun Kommunikesində Xocalı soyqırımını insanlıq əleyhinə cinayət adlandırdıqlarını, milli və beynəlxalq səviyyədə onun soyqırımı kimi tanınması üçün israrlı çağırış etdiklərini vurğulamışdır.

Məqalədə Xocalıda törədilmiş insanlıq əleyhinə cinayət və soyqırımından sonra Ermənistanın tarixi saxtalaşdıraraq, "erməni soyqırımı" iddiasını irəli sürməsinin ikrah hissi doğurduğunu bildirmişdir. 

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Qahirə

 

Azərbaycan.-2013.- 26 fevral.- S.9.