Təbiətin səfası, bulaqların şəfası

 

Qış son nəfəsini almaqdadır. Əslində bu il qış elə də sərt keçmədi. Bəzi bölgələrimiz ağ örpəyə bürünsə də, paytaxt sakinləri qarın, şaxtanın nə zillətini çəkdilər, nə gözəlliyini duydular. Bir-birinə bağlanan günlər bizi yaza aparır. Yaz deyəndə yadımıza ilk növbədə, xalqımızın milli və qədim bayramı olan Novruz düşür. Xalq deyimlərində qış əsasən üç çillədən ibarətdir. Təsəvvürlərə görə, birinci Böyük Çillə qışın başlanğıcından fevralın əvvəlinədək olan günlərdən ibarətdir. Böyük Çillənin yarısı sayılan və qışın "oğlan çağı" adlanan Kiçik Çillə isə fevralın ilk iki ongünlüyüdür. Kiçik Çillədən Novruz bayramınadək olan vaxta isə Boz ay deyirlər. Ayın belə adlanması onun buludlu, yağışlı, küləkli, bir sözlə, dəyişkən keçməsi ilə bağlıdır. Bineyi-qədimdən Novruz bayramını bolluq, bərəkət, firavanlıq simvolu kimi qarşılayaraq əzizləyiblər. Bu il bahar Azərbaycana martın 20-də qədəm qoyacaq. Elə Novruz bayramı da bu günə təsadüf edir. Bayrama qədər olan İlaxır çərşənbələr isə el arasında "əziz günlər" kimi dəyərləndirilir. Novruzdan öncə dörd çərşənbə axşamı qeyd edilir. Bu il Axır çərşənbə bayram axşamına düşür, yəni martın 19-na. Bu il Çərşənbə axşamlarının biri fevralın, üçü martın qismətinə yazılıb.

Etiqada görə, Novruza qədər olan İlaxır çərşənbələrinin hər birinin özünəməxsus ayin və mərasimləri var. Ona görə də həmişə bu çərşənbələri bayram kimi keçirər, xüsusi süfrə açar, şadyanalıq edərlər. Təbiətin dörd mühüm ünsürü ilə bağlı olan bu İlaxır çərşənbələrinin sırası belədir: Su, Od, Külək (Hava, Yel), Torpaq.

Novruzun müqəddəs çərşənbələrindən birincisi Su çərşənbəsi adlanır. Buna el arasında "Əzəl çərşənbə", "Gözəl çərşənbə", "Gül çərşənbə", "Sular Novruzu" da deyilir. Bu il Su çərşənbəsi fevralın 26-na düşür. İnama görə, həmin gün sular təzələnir. Gün doğmazdan öncə kənd yerlərində insanlar bulaq üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzünə su çiləyər, su üstündən atlanar, evə su gətirərək çay qoyarlar. Deyilənə görə, Su çərşənbəsi günü su üstündən keçənlər azar-bezardan uzaq olarlar. Hətta söyləyirlər ki, Su çərşənbəsi günü bulaqların şəfası da artar. Bəlkə də buna görə ta qədimlərdə insanlar həmin gün su kənarında, bulaq başında, çay qırağında su çağıran, onun gözəlliyini, qüdrətini, müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyardılar. Suyun saflığına qoşulan nəğmələrin, bayatıların, deyilən müdrik fikirlərin, atalar sözlərinin, lətifələrin, tapmacaların, bilməcələrin sayı-hesabı yoxdur:

 

Su axır samanlıqdan,

Yol keçir qaranlıqdan.

Çalış, yaxşılıq eylə,

Nə çıxar yamanlıqdan.

 

 Su çərşənbəsi ilə bağlı müxtəlif ayin və etiqadlar da var. Həmin gün su kənarında, bulaq başında dayanan insanlar ürəklərindən keçənləri suya söyləməli, onun duru aynasından, qırçınlı ləpələrindən niyyətlərinin hasil olmasını arzulamalıdırlar. Suyun qüdrətinə inananlar adətən, nikbin təbiətli olurlar. Söyləyirlər ki, ən pis qorxulu yuxunu da suya danışsan, xeyir taparsan. Ta qədimlərdən nənələrimiz suya baxaraq dodaqaltı pıçıldayarmışlar: "Suyun bəndinə qurban, belə hər fəndinə qurban..." Su gələn yerlərə birlik gələr, bar-bəhər göyərər. Susuz çöllərin sinəsi cadar-cadar olar. Su olan yerdə həyat var, hətta ən gözəl qıza da tərif deyəndə onu su pərisinə, su sonasına bənzədərmişlər.

Su ilə bağlı atalar sözləri də maraqlıdır. Bu hikmət boğçasında diqqətçəkən müqayisələr var: "Suda boğulan saman çöpündən yapışar", "Suyun lal axanı, adamın yerə baxanı", "Su bardağı suda sınar", "Su axar çuxurun tapar". İnanclar da minillərin sınağından çıxıb. Ona görə də insanlar həmişə özünü doğrultmuş müdrik fikirlərə inam bəsləyərlər: "Qaynar suyu yerə tökməzlər", "Yuxuda su görmək aydınlıqdır", "Su içərkən adamı ilan da çalmaz", "Qonşunun suyunu kəsməzlər", "Su içəni qəfil vurmazlar", "Susuza su verməmək günahdır", "Ayaq üstə su içməzlər", "Odu su ilə söndürmək günahdır", "Yol böyüyündür, su kiçiyin", "Səfərə çıxanın arxasınca su atarlar". Alqışlar da maraqlıdır: "Sucan ömrün olsun", "Su kimi duru olasan", "Su kimi paka çıxasan", "Axar murdar götürməz". Böyük Nizami onu da deyirdi ki: "Sözün də su kimi lətafəti var".

Su fallarına görə Su çərşənbəsi insanlar bulaqdan evə su gətirərlər. Buna el arasında "lal su" deyirlər. Çünki heç kəs danışmamalıdır. İnanca görə, bu suyun özgə hikməti var. Onu bir neçə piyaləyə töküb saxlayarlar. Qonum-qonşudakı qızlar bir yerə yığışaraq hərəsi öz bəxtinin üzüyünü saçına sürtüb suya atar. Üzük piyalənin divarına toxunaraq neçə dəfə cingildəsə, deməli, onun sahibi səsin sayına bərabər aydan, ildən sonra gəlin köçəcək. Su fallarının hər bir bölgədə özünəməxsusluğu var. Belə ki, bəzi yerlərdə iki iynənin başına pambıq dolayır, hərəsini piyalənin bir tərəfindən suya salırlar. İynələr piyalədə bir-birinə toxunsa, deməli, sevgililər bir-birinə tezliklə qovuşacaqlar.

Hətta qədim təbabətimizdə də su ilə bağlı maraqlı məsləhətlər var. Deyilənə görə, su çərşənbəsində övladı olmayan qadının başından qırx cam su töksən, niyyətin hasil olar. Qorxan adamın Su çərşənbəsində başından su atsan, qorxusu keçər. Qədimdən üzü bəri səksənən, qorxan adama adətən, su içirdərlər. Bayılan insanın üzünə su çiləsən özünə gələr.

Təbiətdə müalicəvi əhəmiyyəti olan sular da var. İnsanlar müxtəlif xəstəlikləri o təbii nemətin köməyi ilə sağaldarlar. Allah-təala bu nemətləri Azərbaycandan da əsirgəməyib. Turşsu, İstisu kimi səfalı sularımızın şəfaverici xüsusiyyətləri ölkəmizdən kənarda da məşhurdur.

Sübh tezdən bulaqdan yeddi balaca daş gətirərlər. Onları evin küncünə və ərzaq qablarının içinə atarlar ki, ailənin bar-bərəkəti daş kimi yerindən tərpənməsin, bol olsun. Su ilə bağlı bayatılarda insanlar öz hisslərini, hətta keçirdikləri həsrəti, qəmi dilə gətirərək sanki Tanrının bu nemətindən dərdlərinə əlac istəyirlər. Su ilə bağlı tapmacalarda da qədim insanların təfəkkürü, düşüncə tərzi, maraq dünyası var. Yığcam və lokonik bilməcələrin hər biri qədim insanın ağlı, dərrakəsi, tapıntısı qarşısında bu gün də müasir nəsli heyrətdə saxlayır: "Adam deyil hey qaçır, meşə deyil səs salır" (çay), "Yer altında yaz gedir" (su), "Bir atım var alaca, özü gedər, yəhəri qalar" (açması körpü altında su).

Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulmalıdır. Şirniyyat, quru meyvələr düzülməlidir. Həmin axşam adətən, mərci plov bişirilməlidir. Çünki Su çərşənbəsində süfrənin bəzəyi lobyalı xörəklər sayılır. Bu gün insanlar bir-biri ilə mehriban davranmalı, arzulamalıdırlar ki, növbəti çərşənbələri də şad, xürrəm keçirsinlər. Su çərşənbəsinə qoşulan nəğmələrin birində belə bir ifadə var: "Allah, məni su elə, su gözəllər yüküdür". Həqiqətən də, çox gözəl deyimdir, həm də məntiqli düşünülübdür. Gözəllərin yükü sudan ibarətdir. Bəlkə də bulaqların aynasında güzgülənən sevdası daha təmiz və dərin olur. Bu səbəbdən də igidlər əlini qulağının dibinə verərək haraylayıblar: "Sudan gələn sürməli qız...", yaxud da "Küçlərə su səpmişəm, yar gələndə toz olmasın". Su ilə qarşılayıb su ilə yola salmaq bir ənənədir. Aşıq Ələsgər məşhur qoşmalarının birində bildirir ki, "Çərşənbə günündə çeşmə başında" bir alagöz gözələ vurulub. Çox güman ki, bu da Novruz mərasiminin elə Su çərşənbəsi ilə əlaqədar keçirilən təntənə ilə bağlıdır.

Bu il Novruz bayramının ilk çərşənbəsi həm də xalqımızın qan yaddaşının qeyd olunduğu bir günə - Xocalı soyqırımının hüznlü gününə təsadüf edir. 21 ildir ki, erməni işğalında qalmış yurd yerlərimizdə Novruz təntənəsi keçirilmir, bayram tonqalları yandırılmır. 21 ildir ki, Qarabağ ellərindən didərgin düşmüş soydaşlarımız üzü yurd yerinə boylanaraq "Allah, məni su elə, Allah, məni daş elə, Allah, məni quş elə, bircə yurda tuş elə". Bu da taleyin yazısıdır. Sevinclə qəmin bir araya gəlməsi yaddaşımızı silkələyir. Müqəddəs günlərdə nə diləsən, nə istəsən, Allah ona biganə yanaşmaz. Bu günlərin xatirinə, bu Novruzun gəlişinə bizi o dağlara qaytar, İlahi! Xeyirlə şərin qovğasında çox çırpınan, mübarizə aparan xalqımızın əzmi, iradəsi möhkəmdir, səbri böyükdür. Şər işləri haqq edən Allahın elə yazıları var ki, bir də görərsən qəfildən dünya dəyişdi. Həqiqət min arşın quyunun dibinə düşsə də belə, üzə çıxan vaxtı olacaq. Artıq dünya səsimizi eşitməkdədir. Ermənilərin millətimizə qarşı yeritdiyi soyqırımı siyasəti çoxuna bəllidir. Xocalı qətliamı haqqında indi dünya bir çox həqiqətlərə bələddir. İnanırıq ki, dünyanın böyük ehtiram və məhəbbətlə 21 mart - Beynəlxalq Novruz Günü kimi qeyd edəcəyi bayramın yaradıcısı olan Azərbaycan xalqının dədə-baba torpaqlarında bayram tonqallarının alışacağı günə çox az qalıb. Heç ola bilməz ki, haqq bu qədər üzülüb qırılsın. Bir gözümüz ağlasa da, bir gözümüzdə ümid yaşları, ürəyimizdə inam var. Biz sənin hüzuruna qayıdacağıq, Xocalı! Biz sənin Cıdır düzündə bayram şərqisi deyəcəyik, Şuşa! Laçının, Kəlbəcərin, cümlə-Zəngəzurun uca dağlarında çərşənbə axşamlarında tonqallar qalayıb Qarabağın qara bəxtinə işıq düşməsinə sevinəcəyik! Ona görə də üzülmə, əziz oxucu! Qəmini də çək, bayramını da ləyaqətlə qeyd et! Bu dünyanın özü belə təzadlıdır - Olumla Ölüm kimi!

Beləliklə, əziz oxucular, elimizin gözəli, süfrəmizin bəzəyi, dörd çərşənbənin əzəli olan Su çərşənbəniz mübarək olsun! Atalar əbəs yerə onu Novruz çərşənbələrinin gözəli adlandırmayıblar. Biləsiniz ki, bu çərşənbədə yuxuda su görmək, dəryada üzmək, dənizə düşmək, çaydan keçmək, ümmanlarda qərq olmaq aydınlıqdır. Belə xeyirli yuxular, xoş yozumlu röyalar, günəşli səhərlər arzulayırıq sizlərə!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 26 fevral.- S.11.