Xocalı faciəsi xarici mətbuatda

 

"Ər-Riyad" qəzeti

 

Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu "Ər-Riyad" qəzetində Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayevin Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı məqaləsi dərc olunmuşdur.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni ordusu tərəfindən SSRİ-nin Xankəndidə yerləşmiş 366-cı motoatıcı alayının zirehli texnika və hərbçilərinin köməyi ilə Xocalı şəhərinin yerlə yeksan edilməsi, burada yaşayan mülki əhalini qəddarlıqla qətlə yetirməsi, bu cinayət nəticəsində Ermənistan dövlətinin Dağlıq Qarabağı özünə birləşdirmək yolunda hər cür hərəkətə hazır olduğu və erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qırğın zamanı 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanın öldürülməsi və 1275 dinc sakinin əsir götürüldüyü qeyd olunmuşdur.

Həmçinin səfir R.Rzayev Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşəti ilə dünya ictimaiyyətinə çatdırmaq, bunun Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasəti kimi tanınmasına nail olmaq, beynəlxalq hüquqi-siyasi qiymət verməyin, onun təşkilatçılarını, ideoloqlarını və icraçılarını cəzalandırmağın, insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərt olduğunu vurğulamışdır.

Məqalənin sonunda isə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının iştirakı ilə cari il fevralın 6-7-də Qahirədə keçirilmiş XII sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəndin Səudiyyə Ərəbistanı Krallığı tərəfindən dəstəklənməsi və Xocalı faciəsini insanlığa qarşı törədilmiş cinayət və soyqırımı aktı kimi tanınmasına görə Səudiyyə rəsmilərinə minnətdarlıq bildirilmişdir.

 

 İRS-Heritage jurnalı

 

 Xocalı soyqırımı haqqında həqiqətin çatdırılması, o cümlədən ictimaiyyəti cəlb etməklə xatirə tədbirlərinin keçirilməsi Misirin aparıcı KİV-ində materiallar dərc edilməsi sahəsində Azərbaycanın Misirdəki səfirliyinin apardığı geniş miqyaslı iş çərçivəsində bu ərəb ölkəsində həmçinin kitablar və digər nəşrlər yayılır. Onların arasında ingilis dilində buraxılan İRS-Heritage jurnalı da vardır. Bu jurnal dünyanın 70 ölkəsində yayılır.

Beynəlxalq jurnalın növbəti nömrəsi Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biri olan Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində çapdan çıxmışdır. Təbii ki, jurnalın əsas materialları bu faciəvi tarixə həsr olunmuşdur.  

Nəşrin baş redaktoru Musa Mərcanlı redaktor sütununda yazır ki, bu mövzu, Xocalıda dinc insanlara - uşaqlara, qadınlara, qocalara vəhşicəsinə divan tutulması barədə həqiqəti xarici auditoriyaya çatdırmağa çalışan jurnalın səhifələrində dəfələrlə işıqlandırılmışdır. Xocalı faciəsindən dərhal sonra dünyanın aparıcı KİV-nin 15 jurnalistindən ibarət qrupu Ağdamadək müşayiət etmiş müəllif qanlı hadisələrin baş verdiyi yerdə qarşılaşdığı dəhşətli mənzərə haqqında öz xatirələrini bölüşür.

Azərbaycan Respublikası hərbi prokurorunun keçmiş birinci müavini, Azərbaycana qarşı Ermənistanın təcavüzü zamanı törədilmiş cinayətlərin təhqiqi üzrə birgə əməliyyat-istintaq qrupunun rəhbəri İlham Məmmədovun jurnalda dərc olunmuş məqaləsi belə adlanır: "Bəşəriyyətə qarşı cinayətlərə görə beynəlxalq-hüquqi məsuliyyət". Məqalədə müəllif bəşəriyyətə qarşı cinayətlərə görə məsuliyyəti müəyyən edən beynəlxalq hüquqi sənədlərə istinad edir.

Jurnalın bu nömrəsinə Rusiya yazıçısı publisisti Yuri Pompeyevin "Kütləvi qətlin xronikası" adlı məqaləsi digər materiallar da daxil edilmişdir.

 

 "Korea Times" qəzeti

 

 Koreya Respublikasının nüfuzlu mətbu orqanı olan "Korea Times" qəzetində "Xocalı soyqırımı XX əsrin ikinci yarısının ən dəhşətli müharibə cinayəti" sərlövhəli məqalə dərc edilmişdir.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının Xocalı şəhərinə hücumundan, 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl olmaqla, 613 nəfər azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsindən, 1275 nəfərin əsir götürülməsindən, ermənilərin Azərbaycan torpaqlarının 20 faizini işğal etdiklərindən, minlərlə günahsız insanı öldürdüklərindən məlumat verilir.

Yazıda ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərinin işğal edilməsinin günahsız əhaliyə qarşı yönəldilmiş misli görünməmiş vəhşiliklərin törədilməsi ilə davam etdiyi qeyd edilmişdir. Vurğulanmışdır ki, hərbi təcavüz nəticəsində səkkiz ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir.

Məqalədə qeyd olunmuşdur ki, Xocalı soyqırımının hələ o vaxt "Boston Globe", "Washington Post" "New-York Times", "Financial times", eləcə bir sıra Avropanın Rusiyanın nüfuzlu xəbər mərkəzlərində geniş yer aldığı qeyd edilmişdir. "Human Rights Watch" təşkilatı Xocalı faciəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş ən böyük soyqırımı adlandırmışdır. BMT Təhlükəsizlik Şurası tərəfindən 822, 853, 874 884 nömrəli qətnamələrin qəbul edilməsinə baxmayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən hələ çıxarılmadığı qeyd edilmişdir.

Yazıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Justice for Khojaly" kampaniyası haqqında da məlumat verilmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 27 fevral.- S.3.