Bakıda «Xocalıya ədalət!» şüarı altında yürüş

 

Fevralın 26-da "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "Xocalıya ədalət!" şüarı altında yürüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə istiqamətində təşkil olunan yürüşün əsas məqsədi Xocalı faciəsini gündəmə gətirmək, diqqəti insanlıq əleyhinə yönəlmiş cinayətə cəlb etmək və azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırımı aktı barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Mərasimdə "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev ölkəmizdə və dünyanın müxtəlif yerlərində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbirlərin keçirildiyini bildirmişdir. Qeyd etmişdir ki, o qanlı qış gecəsində erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcəkdir.

Mərasim iştirakçıları faciə qurbanlarının xatirəsini ehtiramla yad etmiş, abidənin önünə qərənfillər düzmüşlər.

 

 

Azərbaycan.-2013.- 27 fevral.- S.3.