Azərbaycan Mətbuat Şurasında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir

 

Fevralın 26-da Azərbaycan Mətbuat Şurasında (MŞ) Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycan Mətbuat Şurasının və Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) birgə həyata keçirdikləri proqram çərçivəsində Xocalı soyqırımı qurbanlarını anma tədbirləri ilə əlaqədar Azərbaycana gəlmiş türkiyəli jurnalistlər, MŞ idarə heyətinin üzvləri, KİV rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları amansızlıqla qətlə yetirilmiş Xocalı faciəsi qurbanlarının, erməni soyqırımılarına məruz qalmış günahsız insanların, Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

MŞ-nin sədri Əflatun Amaşov Xocalı soyqırımının tarixi, qanlı faciəni törədən erməni millətçilərinin vəhşiliyi haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən həmin müdhiş gecədə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalıya hücum etmişlər. Onlar dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı aktı törətmişlər.

Hərbi təcavüz nəticəsində Xocalı darmadağın edilmiş, dinc sakinlərə amansız divan tutulmuşdur. Bu dəhşətli faciə nəticəsində 613 nəfər məhv edilmiş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərinin taleyi bu günə kimi məlum deyildir. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. Qırğın nəticəsində 8 ailə tamamilə məhv edilmiş, şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmişdir.

Ə.Amaşov vurğulamışdır ki, insanlığa sığmayan vəhşiliklərin təfərrüatları ilə beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan və Türkiyə jurnalistləri arasında son illər daha da genişlənən əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Biz bunun əməli nəticələrini görür, dəyərləndirir və davamında israrlıyıq. Xocalı faciəsinin 21-ci ildönümü ərəfəsində türkiyəli jurnalistlərin ölkəmizə gəlişi məhz bu baxımdan önəmlidir.

Şura sədri yeni görüşün daha dolğun yaradıcılıq nümunələrinin təqdimatına təsirsiz qalmayacağına əminliyini bildirmişdir.

"Todays Zaman" qəzeti baş redaktorunun müavini Cəlil Sağır, "Kanaltürk" telekanalının xəbər müdiri Ərkan Akkus, "FOX TV"-nin xəbər müdiri Ercan Gün, "Samanyoluxəbər"in baş redaktoru Enes Engin Sağ, TİKA-nın Orta AsiyaQafqaz regionu üzrə sədri Ali Özgün Öztürk çıxış edərək hər iki qardaş ölkənin kütləvi informasiya vasitələrinin təmsilçilərini bir araya gətirən tədbirlərin təkcə həmkarlar arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət etməklə kifayətlənmədiyini, eyni zamanda, onların ortaq dəyərlərmaraqlarla bağlı proqramlarının reallaşdırılmasına müsbət təsir göstərdiyini vurğulamışlar. Qonaqlar Xocalı faciəsinin daha geniş miqyasda tanıdılması istiqamətində məsuliyyətin həm Azərbaycan, həm də türk mediasının üzərinə düşdüyünü qeyd etmişlər.

Tədbirdə MŞ-nin idarə heyəti üzvlərindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və başqaları  xalqımıza qarşı erməni şovinist dairələrinin təhriki ilə ötən əsrlərdə mərhələ-mərhələ həyata keçirilən etnik təmizləmə siyasətindən söz açmışlar.

Faciələrimizin bir daha təkrar olunmaması üçün bu ağır hərbi cinayətə beynəlxalq miqyasda siyasi-hüquqi qiymətin verilməsinin vacibliyi qeyd edilmişdir. Çıxışlarda həmçinin bütövlükdə türk dünyasının məruz qaldığı soyqırımıları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ortaq türk dünyası mediasının müstəsna rolu təhlil olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 27 fevral.- S.3.