Brüsseldə Xocalı faciəsinin növbəti ildönümü münasibətilə yürüş-mitinq keçirilmişdir

 

Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyindən AzərTAc-a verilən xəbərə görə, Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar Belçika Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə Brüssel şəhərində yürüş-mitinq keçirilmişdir.

Tədbir Ermənistan səfirliyinin qarşısından başlamış, Avropa Komissiyasının inzibati binası qarşısında yekunlaşmışdır. Yürüşdə Belçikada yaşayan soydaşlarımız, həmçinin türk diasporunun nümayəndələri iştirak etmişlər. Yürüş boyu səsgücləndiricilər vasitəsilə "Xocalıya Ədalət!", "Qarabağ Azərbaycan torpağıdır", "Sarkisyan - cinayətkar!" kimi şüarlar səsləndirilmiş, yoldan keçən insanlara Xocalı faciəsi ilə bağlı bukletlər təqdim edilmişdir.

Ermənistan səfirliyinə Belçika Azərbaycanlıları Cəmiyyətinin hazırladığı bəyanat təqdim edilmişdir. Yürüş-mitinq AzTVTRT-nin Brüssel büroları tərəfindən lentə alınmışdır.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Brüssel

 

Azərbaycan.-2013.- 28 fevral.- S.11.