Erməni qatillərinin Sumqayıtda «KQB» məkri

 

Erməni millətçiləri tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqına qarşı törətdikləri çoxsaylı cinayətlərin müəllifidirlər. 1988-ci il fevralın 28-29-da Sumqayıtda planlaşdırılıb qəddarcasına reallaşdırılan qanlı hadisələr də bu qəbildən olan cinayətlərin sırasındadır.  Aradan 25 il ötməsinə baxmayaraq, diqqətlə araşdıranda ermənilərin uydurub dünyaya yaydıqları soyqırımı əfsanəsi sabun köpüyü kimi partlayır və erməni faşizminin riyakar mahiyyətini ifşa edir. İftira və yalanlardan "əzabkeş erməni xalqına" ağı deyib təəssübkeşlərində özlərinə mərhəmət, müsəlmanlara nifrət oyatmaq istəyən erməni faşistləri  törətdikləi cinayətləri tarixən türklərin və azərbaycanlıların adına yazmağa cəhd ediblər. Qarşılarına qoyduqları məkrli niyyətlərə yetmək üçün hər cür vəhşilikdən, terrordan, insanlığa sığmayan cinayətlərdən, hətta günahsız ermənilərin qanını tökməkdən belə çəkinməyiblər. Sumqayıtda olduğu kimi.

Böyük bir imperiya dağılırdı. Qanlı hadisələr keçmiş ittifaqın əksər respublikalarında planlaşdırılırdı. Sadə bir ssenari özünü aydın büruzə verirdi: bu qanlı hadisələr bütün sovet ittifaqı xalqlarında Moskvaya, Kremlə qarşı nifrət hissi oyadır, parçalanmanı qaçılmaz və zəruri reallıq kimi ortaya çıxarırdı.

İttifaq rəhbərləri tez-tez dəyişirdi. K.U.Çernenko vəfat etdikdən sonra erməni diasporu və Sovet İttifaqının dağılmasında maraqlı olan güc mərkəzləri tərəfindən M.S.Qorbaçov hakimiyyətə gətirildi. Bundan sonra Qorbaçovun siyasi məsələlər üzrə köməkçisi Şahnazaryan, iqtisadi məsələlər üzrə köməkçisi A.Aqanbekyan, Dövlət Plan Komitəsinin birinci müavini Sitaryan və yuxarı eşelonda vəzifələrə otuzdurulan yüzlərlə erməni böyük bir dövlətin xarici və daxili siyasətini maraq və ambisiyalarına uyğun asanlıqla istiqamətləndirə bildilər. Aqanbekyan 1987-ci ildə Fransadakı məlum çıxışında Qarabağın Ermənistana verilməsi təklifini irəli sürdü. Bundan sonra ermənilərin yenidənqurma, demokratiya şəraitində həmin problemin həllini tapacağına ümidləri artdı. Bu ümidlər də yubanmadan Qarabağda və Ermənistanda fasiləsiz  mitinqlərə çevrilir, siyasi tələblərin fonunda azərbaycanlılara qarşı təzyiqlər, hücumlar güclənir. Quldur dəstələrinin təqiblərinə məruz qalan müdafiəsiz insanların Ermənistanı tərk etməkdən başqa yolları qalmır. Qaçqınların ilk böyük dalğası Sumqayıtı silkələyir.

Həmin hadisələrin canlı şahidlərindin biri Sumqayıt səhər icra hakimiyyətinin məsul işçisi Seyfəddin Rəhimov o günləri belə xatırlayır:

- Sovet Ittifaqı tədricən çökür, dağılırdı. Ermənilər isə belə məqamlardan yararlanaraq ərazilərini genişləndirmək üçün bütün vasitələrdən istifadə edirdilər. Ermənistandan zorla qovulan yüz minlərlə azərbaycanlı haqqında heç kim danışmırdı. Dünya bu hadisələrə biganə idi. Yaxşı yadımdadır: Sumqayıtda yaşayan ermənilərə qarşı zorakılıq hallarının, təzyiqlərin baş verməsi barədə erməni təbliğat maşını şaiyələr yaymağa başlamışdı. Bizə isə yüz minlərlə azərbaycanlı qaçqının faciələrindən danışmağa icazə vermirdilər. Əsl həqiqətlərdən beynəlxalq aləm xəbərsiz idi. Biz dünyadan təcrid olunmuşduq.

Sov.KP MK-nın birinci katibi Mixail Qorbaçov, akademik Aqanbekyan, digər yüksək vəzifəli ermənilər və erməni diasporu, habelə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi əməkdaşlarının da bu məsələdə xüsusi rolu vardı.

Həmin dövrdə şəhərin icra qurumlarının, hüquq-mühafizə orqanlarının fəaliyyəti SSRİ rəhbərliyi tərəfindən məhdudlaşdırılmışdı. Sumqayıt şəhərinin prokuroru İsmət Qayıbovun və digər səlahiyyət sahiblərinin hadisələrə nəzarət etmək imkanları yox idi. Çünki SSRİ Prokurorluğunun xüsusi istintaq qrupu, Dövlət Təhlükəsizlik Komitəsinin nümayəndələri şəhərə ezam olunmuşdular. Hadisələr baş verərkən soydaşlarımızın qeyri-qanuni həbsləri, ölüm cəzasına məhkum olunmaları məhz bu amillərlə bağlı idi. Şəhərə əvvəlcədən çəkiliş, terrorçu qrupların göndərilməsi, xarici müşahidəçilərin dəvət edilməsi bu hadisələrin məqsədyönlü şəkildə düşünülmüş planın tərkib hissəsi olduğunu göstərirdi. Azərbaycan xalqını törətmədiyi faciələrdə ittiham etmək üçün böyük təbliğat maşını işə salınmışdı.

Ermənilər Sumqayıtı boş yerə hədəf seçməmişdilər. Həmin ərəfədə minlərlə soydaşımız Ermənistandan - öz ata-baba yurdlarından qaçqın düşərək məhz Sumqayıta pənah gətirmişdilər. Burada xeyli məxfi erməni təxribatçıları fəaliyyət göstərirdi. Planlı şəkildə aparılan qətllər, talanlar və digər cinayət halları göstərir ki, proseslər şəhərdəki təxribatçı qüvvələr tərəfindən idarə edilirdi. Hadisələrin Moskvadan göndərilmiş yüksək səlahiyyətli şəxslərin gözü qarşısında törədilməsi onların hər şeydən məlumatlı olduğunu söyləməyə əsas verir.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Vaqif Qəhrəmanov isə 1988-ci ildə baş verənləri belə xatırlayır:

- 1988-ci ildə baş vermiş Sumqayıt hadisələri, eyni zamanda, gələcəkdə Azərbaycan ərazilərinin işğalını ört-basdır etmək məqsədi güdürdü. Qarşıdurma baş verdikdən dərhal sonra şəhərdə tibb işçilərindən ibarət xüsusi qərargah yaradıldı. Təcili tibbi yardım maşınları yaralıları xəstəxanalara daşıyırdılar. Bizə məlum oldu ki, yaralanan, ölən ermənilərin hamısı Qarabağ əsillilərdir. Həmin dövrdə Xankəndidə mitinqlər təşkil olunurdu. Ermənilər bunu həmin aksiyaların miqyasını genişləndirmək üçün edirdilər.

Hamıya məlum idi ki, bütün təxribatların başında ermənilərin özləri dayanır. Bir məsələni xüsusi qeyd etmək istəyirəm - həmin dövrdə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində hərbi qarnizon vardı. Sumqayıtda yaşayan ermənilərin çoxu orada məskunlaşmışdı. O zaman tibb işçiləri əraziyə gəldikdə məlum olur ki, orada olan xəstə bir uşağı ermənilər özləri öldürmək istəyirlər.  Onlar bununla həmin qətlin guya azərbaycanlılar tərəfindən törədildiyini dünyaya çatdırmaq istəyirdilər. Tibb  işçiləri həmin uşağı nəzarət altına aldılar.  Sumqayıtda uşaq ölümünün olmamasına görə isə onları Ermənistanda çox incitmişdilər. Bu mənfur insanlar  öz məqsədlərinə çatmaq üçün günahsız körpəni belə qətlə yetirməkdən çəkinmirdilər.

Bir hadisə də heç yadımdan çıxmır. Sumqayıt idman dispanserinin baş həkimi E.Avakyan həmin hadisələrin baş verdiyi gün qəribə bir məntiqin açarını özü də bilmədən bizə açdı. Əslən erməni olanları bir yerə yığıb onları öz erməni düşmənlərindən qoruyurduq. Ondan soruşanda ki, bütün bunlar nə ilə bitəcək, sualıma o belə cavab verdi: "Bu məsələlər sizlik deyil. Bu qırğınların arxasında xallı rəhbər dayanır. Yoxsa bu necə şişirdilə bilərdi?!" Sovet dövlətinin başçısı Qorbaçova ünvanlanan bu cavab sonradan Avakyanın sözlərinin həqiqət olduğunu təsdiq elədi. Ermənilər düşünülmüş, öncədən planlaşdırılmış Sumqayıt hadisələrindən uzun müddət yararlandılar. Təxribatları törədənlər qətllərin kimlər tərəfindən həyata keçirildiyini özləri də aydın bilirlər. İndi isə öz uşaqlarına türklərin, azərbaycanlıların "qəddarlıq"larından danışır, bizə qarşı nifrət oyatmağa çalışırlar. Sumqayıt hadisələri törədilməsəydi, Xankəndidə mitinqlər səngiyəcəkdi və daşnakların planları alt-üst olacaqdı.

1982-1996-cı illərdə Sumqayıt şəhər 1 saylı doğum evinin baş həkimi işləyən Şəhla Abışova bildirdi ki, 28 fevral tarixində şöbəyə zorlama faktı ilə erməni Karina və Anna bacıları gətirildi. Hadisədən bir neçə dəqiqə sonra şöbəyə iki nəfər müstəntiq gələrək onları sorğu-suala tutdu. Həmin adamlar qızlara öncə rus,  daha sonra erməni dilində suallar verməyə başladılar. Erməni dilini bilən bir tibb bacısı Ş.Abışovaya həmin adamların qızları məcburən azərbaycanlıların əleyhinə ifadə verməyə təhrik etdiklərini bildirirdi. Qızlar isə hər dəfə həmin adamın Edik olduğunu göstərirdilər.

- Mən həmin faktı o zaman respublikanın baş prokuroru işləyən mərhum İsmət Qayıbova  bildirdim, - Ş.Abışova söhbətinə davam edir. - Sonralar məlum oldu ki, onlar Moskvadan gələrək Sumqayıtda başverənləri öz istədikləri kimi mərkəzə çatdırmaq niyyətini güdürmüşlər. Ümumiyyətlə, haradasa bir qətl baş verirdisə, həmin anda orada mərkəzdən gəlmiş hüquq-mühafizə orqanlarının əməkdaşları peyda olurdular.

Sumqayıt hadisələrindən öncə şəhərdə gəzən söz-söhbət fevralın 28-nə keçən gecə baş vermiş hadisələrdə öz təsdiqini tapdı. Şəhərin müxtəlif ərazilərində tonqallar yandırılır, nömrəsiz maşınlardakı xüsusi təlim görmüş adamlar küçələri dolaşaraq hamını səfərbər olmağa, ermənilərə qarşı hücuma çağırırdı. Bəzi maşınlardan səsgücləndiricilərlə ermənilərin yaşadığı ünvanlar, ad və soyadları səsləndirilirdi.

Hadisə baş verən gündən bir gün sonra  ermənilər öz soydaşlarını sağ-salamat gördükdə çox sevinirdilər. Sonradan məlum oldu ki, talan və qarətləri törədənlər elə xüsusi təlim görmüş ermənilərdir.

Lyubov İsmayılova Sumqayıt rus icmasının rəhbəridir. Həmin qanlı- qadalı günlərin onun da yaddaşına saldığı silinməz izlərdən belə danışır:

- Sumqayıt hadisələrinin baş verdiyi dövr əzəmətli bir dövlətin can verməsini xatırladırdı. "Krunk" erməni təşkilatının üzvlərinin bir qismi Sumqayıtda yaşayırdı. Onlar Ermənistanla mütəmadi əlaqə saxlayır, təlimatlanırdılar. Şəhərdə qalan ermənilər isə hələ də böyük sovet ideyalarına inanaraq heç bir yerə getməmişdilər. Onu da qeyd edək ki, həmin ermənilərin çoxu heç bir təşkilatın üzvü olmamışdılar, sadə, öz əməkləri ilə yaşayan insanlar idilər. Mitinqlərdən sonra başlanan qətllərin qarşısını almaq o qədər də çətin olmadığı halda, heç bir tədbir görülməmiş, seyrçi münasibət bəslənilmişdi. Xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri şəhərin hansı yerlərində çəkiliş aparmaq barədə əvvəlcədən təlimatlandırılmışdılar.

Sumqayıtda elə bir erməni ailəsi yox idi ki, onun yaşayış şəraiti digər xalqlardan olan sakinlərdən aşağı səviyyədə olsun. Tolerant ölkə olan Azərbaycanda onlar üçün hər cür şərait yaradılmışdı. Hətta orta məktəblərdə erməni dili tədris olunurdu. Hadisələrdən sonra Ermənistana köçənlər orada yaşaya bilmədilər, Rusiyanın müxtəlif şəhərlərində məskən saldılar. Bu gün onların hər birinin yaddaşında azərbaycanlılarla bağlı şirin xatirələr yaşayır.

Sumqayıtda yaşayan rus icmasının üzvləri Böyük Vətən müharibəsindən sonra bura köçənlərdir. O vaxtlar az adam tapılardı ki, Xəzərin sahilində yerləşən gənclər şəhərindən danışmasın. Rus millətindən olan elə bir adam tapmazsınız ki, nə vaxtsa doğma Sumqayıtı tərk etmək haqqında düşünsün. Çünki biz ruslar özümüzü bu şəhərin əhalisinin ayrılmaz bir hissəsi sayırıq. Bütün bayramlarda öz qonşularımızla bir yerdə olur, onların sevincinə sevinir, kədərinə kədərlənirik.

Bu hadisələr daşnakların Sumqayıtda törətdikləri növbəti təxribat idi. Sonradan məlum oldu ki, onlar həmin siyahıları şəhərdə özləri tərəfindən talan törədiləcək komitə üzvlərinə paylamışdılar. Hadisələri lentə almaq üçün hər cür şərait yaradılmışdır. Dünyanın bir çox ölkələrindən, eləcə də Ermənistanın özündən əvvəlcədən planlı şəkildə hazırlanan hadisələri lentə almaq üçün operatorlar, fotoqraflar  bu şəhərə üz tutmuşdular.  Məhz o vaxtkı hökumət rəhbərlərinin gözü qarşısında baş verəcək qondarma "genosid" planı günü-gündən şişməkdə idi. İndi bizə məlum olur ki, fevral ayı başlayandan ermənilər əmanət kassalarına qoyduqları bütün pulları niyə geri almışdılar.

Sumqayıt hadisələrindən bir neçə gün əvvəl ermənilər yaşayan evlər xüsusi adamlar tərəfindən işarələnmişdi. Təsəvvürə gətirin ki, fevralın 27-28-da Sumqayıtda iğtişaşlar törədirlir, ermənilər öz millətlərindən olan insanları amansızcasına qətlə yetirir, SSRİ-nin o vaxtkı hərbi prokuroru Katusev Bakıda ola-ola Sumqayıtda baş verənlərin qarşısını almaq üçün hadisələrə təcili müdaxilə etmir. Azərbaycanı fakt qarşısında qoymaq üçün onlar güc strukturlarını işə salmağa tələsmədilər, çünki bu faciənin miqyası mütləq genişlənməli idi. Sumqayıtda baş verən qanlı hadisələr, əslində, erməni terror təşkilatlarının işi idi və SSRİ DTK-sı tərəfindən iğtişaşlar idarə olunurdu.

Hadisələrdən iki gün sonra ölənlərin siyahısı üzə çıxdı. Məlum oldu ki, onların hamısı Dağlıq Qarabağdan idi. Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Erməni millətçiləri öz soydaşlarını Sumqayıtda öldürməklə Xankəndidə başlanan mitinq dalğasını gücləndirə bildilər. Xankəndidə ermənilər operatorların çəkdikləri kadrları göstərərək hadisələri qızışdırdılar, dünyanı yalançı Sumqayıt hadisələri ilə lərzəyə saldılar.

Sumqayıtda erməni qətllərinin mahir icraçısı iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnsə də, danılmaz şahid ifadələri əsl günahkarın erməni əsilli Eduard Qriqoryan olduğunu sübut etdi.

Məhz həmin günlərdə şəhər əhalisinin sayıqlığı nəticəsində yüzlərlə erməni ailəsi qəddar qriqoryanlardan qoruna bildi. Çünki Sumqayıtda yaşayanların çoxu bir-birini tanıyır. Minlərlə azərbaycanlı ailəsi ermənilərə öz evlərində sığınacaq verdi. Buna görə də hadisələrin daha geniş miqyas almasının qarşısı alındı.

  Qətllərdə birbaşa iştirak edən Eduard Qriqoryan sonralar etdikləri barədə belə bir ifadə vermişdi: "Atam erməni, anam isə rusdur. O, evə içib gələr, anamı yerli-yersiz döyər, təhqir edərdi. Bütün bunlara görə mən ermənilərdən intiqam almaq istəyirdim və aldım da". İstintaq gedəndə bəlli oldu ki, qətlə yetirilən ermənilərin bir qismi "Krunk" erməni terror təşkilatına "üzvlük" haqqı ödəməyənlərdir. İkicə  gün sonra Xankəndidə keçirilən mitinqdə çıxış edən Silva Kaputikyan öldürülən erməniləri yazdığı şeirlə "tərənnüm" etmişdi. Sonda yana-yana dilinə gətirmişdi ki, necə yəni, diri erməni uşağı tapılmadı ki, qətlə yetirəsiniz?! Əgər ölənlərdən bircəciyi uşaq olsaydı, mən sizin hamınızın əlindən öpərdim.

Xilqəti xainliklə dolu olan ermənilər üçün Sumqayıt hadisələri bir növ ilk "məşq" oldu. Ermənilər gələcək planlarının bünövrəsini hörərkən Sumqayıt hadisələri barədə ölkə rəhbərliyi tələm-tələsik qərar çıxardı. Qəbul edilən qərarda göstərilirdi ki, qətllərdə birbaşa azərbaycanlılar iştirak edərək məlum hadisələri törətmişlər. Ermənilər həmin qərardan lazımınca faydalandılar və hazırda da faydalanmaqdadırlar. Bu qərar onların "yazıq, zavallı erməni" obrazını dünyaya bəyan etməkdə karlarına gəldi.

Keçmiş SSRİ Baş Prokurorluğunda Sumqayıt hadisələri ilə bağlı 444 nəfərə cinayət işi açılmış, onlardan 400 nəfəri 10-15 sutka saxlandıqdan sonra buraxılmış, bir neçəsi isə uzunmüddətli həbs cəzasına məhkum edilmişlər. Keçmiş SSRİ Prokurorluğu Baş İstintaq İdarəsinin rəis müavini V.Nenaşev və SSRİ Prokurorluğu yanında xüsusilə mühüm işlər üzrə müstəntiq V.Qalkinin başçılıq etdikləri istintaq araşdırmalarında SSRİ DTK-nın və Hərbi Prokurorluğunun  əməkdaşları iştirak etmişlər. Həmin qruplar baş vermiş hadisələrin səbəblərini cinayətlərin törədilməsi üçün yaradılmış şəraiti, təşkilatçıları müəyyən etməyə səy göstərmiş, ermənilərin özləri tərəfindən edilmiş cinayət hadisələrini ört-basdır etmək üçün qondarma şahidlərin ifadələrinə əsaslanaraq yanlış ittihamnamələr hazırlayaraq keçmiş ittifaqın müxtəlif məhkəmələrində baxılmaq üçün təqdim etmişlər. 1988-ci ilin 18 oktyabr-18 noyabr tarixlərində Moskvada keçmiş Ali Məhkəmədə Ə.Əhmədovun, Y.Cəfərovun, T.İsmayılovun cinayət işlərinə baxılmışdır. Həmin məhkəmə iclaslarında müttəhimlərə  işi bütövlükdə yenidən istintaqa qaytarmaq əvəzinə yalnız Y.Cəfərov və T.İsmayılovun cinayət materialları yenidən istintaqa qaytarılmışdır.  Digər müttəhim Ə.Əhmədov isə heç bir hüquqi dəlil-sübut olmadan hadisələrin "təşkilatçısı" kimi güllələnməyə məhkum edilmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş bu hökm nə az, nə çox 17 ay sonra Moskva şəhərində icra olunmuşdur. Həmçinin Sumqayıt şəhər sakinləri Elçin Gəncəliyev təcridxanada müəmmalı şəkildə öldürülmüş, T.İsmayılov isə 15 il müddətinə azadlıqdan məhrum edilərək siyasi məhbus kimi Tbilisiyə göndərilmişdir. Bir neçə ay sonra o da həlak olmuşdur.

Bu gün ermənilər Sumqayıtda törədilən fevral hadisələrindən bəhrələnərək  dünya ictimaiyyətinin nəzərində azərbaycanlıların qaniçən, qəddar obrazını yaratmağa, onlarla birgə yaşamağın qeyri-mümkünlüyünü sübuta yetirmək üçün həmin hadisələrdən zalım, qəddar türk obrazını formalaşdırırlar.

Çünki illərlə aparılan araşdırmalar sübut etdi ki, məhz Sumqayıt hadisələri Dağlıq Qarabağ münaqişəsini alovlandırmaq üçün  erməni millətçiləri tərəfindən düşünülüb həyata keçirilən uydurma genosid aktı idi.

Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev uzaqgörənliyi sayəsində məkrli erməni siyasətçilərinin təxribat xarakterli terror aktlarının qarşısını aldı. Məhz aparılan düzgün xarici siyasət nəticəsində ermənilərin bir neçə yalançı "genosid" planı dünya ictimaiyyətinə çatdırıldı. Azərbaycan xalqı əmindir ki,  hazırda ümummilli lider Heydər Əliyevin siyasətini  qətiyyətlə davam etdirən respublika Prezidenti İlham Əliyevin səyləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini təmin edəcək, əzəli torpaqlarımız geri qaytarılacaqdır.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.-2013.- 28 fevral.- S.10.