BosniyaHerseqovina Parlament Məclisinin Xalqlar Palatasında Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin dəstəklənməsinə və hörmət olunmasına dair ekdilliklə qətnamə qəbul olunmuşdur

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsi olaraq, Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının (yuxarı palata) fevralın 26-da keçirilən iclasında mütləq səs çoxluğu ilə Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair rəsmi sənəd - "Azərbaycan Respublikasının ərazi bütövlüyününsuverenliyinin dəstəklənməsi və hörmət olunması"na dair qətnamə qəbul olunmuşdur.

 

AzərTAc qətnamənin tərcüməsini təqdim edir.

 

"Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi və hörmət olunması"na dair QƏTNAMƏ

 

 BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, beynəlxalq hüququn norma və prinsiplərini əldə rəhbər tutaraq Xalqlar Palatasının deputatları:

- Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını təsdiqləyirlər və dəstəklərini ifadə edirlər.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bütün tövsiyə, qətnamə və bəyannamələrin, xüsusilə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin (822, 853, 874 və 884 saylı qətnamələr) yerinə yetirilməsinə, eləcə də bütün erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağırırlar.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, xüsusilə Xocalı şəhərində dinc əhalinin milli və etnik zəmində kütləvi qırğınını bəşəriyyət əleyhinə cinayət və xalqların dinc birgə yaşamasına təhlükə olaraq pisləyirlər və münaqişənin qurbanları, onların ailələrinin kədərinə tam şərik çıxırlar.

- Azərbaycan Respublikasının regional və beynəlxalq təhlükəsizliyinə yönəlmiş təhdidlərin aradan qaldırılmasına zəmin yaradılması məqsədi ilə bütövlükdə öz ərazisi üzərində suverenliyinin bərpa olunması istiqamətində səylərini alqışlayırlar.

- Regionda möhkəm sülhün və sabitliyin bərqərar olması məqsədi ilə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh prosesinin sürətləndirilməsinin vacibliyini xatırladırlar.

- Hökumət və qeyri-hökumət qurumlarının iştirakı ilə yuxarıda göstərilən münaqişənin sülh yolu ilə həllinə nail olunmasına töhfə verən beynəlxalq təşkilatların səylərini dəstəkləyirlər və qanunun aliliyi, demokratiya, insan haqları və təməl azadlıqların universal sisteminə tam dəstəklərini ifadə edirlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 28 fevral.- S.9.