«Azərbaycan dövlətçilik tarixi» mövzusunda elmi-praktik konfrans keçirilib

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin akt zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Azərbaycan dövlətçilik tarixi" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Konfransda giriş sözü ilə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tariximizin öyrənilməsinin vacib olduğunu vurğuladı. E.Əzizov bildirdi ki, şanlı tarixə malik olan ölkəmizin keçmişibu günü hər bir gəncin yaddaşında əks olunmalı, bizim gələcəyimiz üçün dərindən öyrənilməlidir. Düşmənlə üzbəüz dayandığımız indiki zamanda məktəblərdə və digər təhsil müəssisələrində hərbi-vətənpərvərlik mövzusu geniş təbliğ edilməlidir. Bu gün ermənilər tərəfindən tariximiz saxtalaşdırılır, haqq işimizə xaricidaxili düşmənlərimiz kölgə salmaq istəyirlər.

Heydər Əliyev Fondu tariximizin təbliğində və Azərbaycan həqiqətlərinin  xarici ölkələrdə yayılmasında əvəzsiz xidmətlər göstərir. Bu gün min illəri üstələyib keçən tariximizi özündə əks etdirən kitablar Heydər Əliyev Fondu tərəfindən xarici dillərə tərcümə edilir və dünyanın bir çox ölkəsində onlardan istifadə edilir.

Natiq vurğuladı ki, məktəblilərin təhsilə olan marağı artırılmalıdır. Elmi-texniki tərəqqi nəticəsində əldə edilən biliklərə üstünlik verilməli, informasiya kanallarından istifadə edərək respublikamızın dövlətçilik tarixi nəsildən-nəsilə ötürülməlidir.

E.Əzizov bildirdi ki, Sumqayıtda həyata keçirilən layihələr nəticəsində  şəhər günbəgün inkişaf edir. Bu gün şəhərdə bir müddət olmayan insanlar  dəyişiklikləri kiçik zaman kəsiyində belə hiss edirlər. Ölkə başçısının diqqət və qayğısının təzahürü olaraq şəhər sakinlərinin həyat şəraiti daha da  yaxşılaşır, işsizlərin sayı azalır. Bakı standartlarına yaxınlaşan Sumqayıt təkcə regionun deyil, ölkəmizin və Avropanın sayılıb-seçilən şəhərlərindən birinə çevrilməkdədir. Sumqayıt Texnologiyalar, Yüksək Texnologiyalar parkları tezliklə şəhərimizin şöhrətini dünyaya yayacaqdır. Bütün bunlar ölkə başçısının sumqayıtlılara göstərdiyi etimadın və diqqətin nəticəsidir.

Daha sonra çıxış edən Sumqayıt şəhər təhsil şöbəsinin müdiri Mahal Əliyev  mövzu ilə əlaqədar digər iştirakçıları səhnəyə dəvət etdi. Sumqayıtlı məktəblilər Səma İsmayılzadə, Sevil Bağırova, Fidan Həsənova, Sevər Əzizbəyova, Xanım Səfiyeva və başqaları Daş dövründən müasir zamanımıza öz çıxışları ilə bir körpü saldılar.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini E.Həbibullayev gənclərimizin qarşısında duran vəzifələrdən, tariximizin qorunub saxlanması və təbliğindən geniş söhbət açdı. 

Diskusiya şəraitində keçən elmi-praktik  konfrans öz işini sona çatdırdı.

 

 

 Akif ƏLİYEV

 

Azərbaycan.-2013.- 28 fevral.- S.8.