İçərişəhərlə tanışlıq

 

Fevralın 27-də Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs İçərişəhərlə tanış olmuşdur.

Əvvəlcə qonağa Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasında muzey konservasiyası işləri aparılır.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da qonaqda böyük maraq doğurmuşdur.

Gəzinti Azərbaycanın geniş tarixi iqtisadi və mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidələr - Buxara və Multanı karvansaraları ilə tanışlıqla davam etdirilmişdir.

Elektromobillə gəzinti zamanı qonağa və nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs təndir çörəyinə qonaq edilmişdir.

Gəzinti zamanı qonaq rəssam Əli Şəmsinin emalatxanası ilə tanış olmuşdur.

Sonra Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində olmuşdur. Qonağa məlumat verilmişdir ki, qoruq idarəsi ilə Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin birgə layihəsi əsasında fəaliyyət göstərən mərkəzdə hazırda 20 istedadlı tələbə təhsil alır. Onlara İngiltərədən gəlmiş mütəxəssislər tərəfindən rəssamlığın sirləri öyrədilir.

Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq qonağa hədiyyə təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 28 fevral.- S.4.