Oqtay Əbdülkərim oğlu Əfəndiyev

 

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın qocaman tarixçi və şərqşünas alimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Elmlər Akademiyası Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Oqtay Əbdülkərim oğlu Əfəndiyev 2013-cü il fevralın 27-də ömrünün 87-ci ilində vəfat etmişdir.

Oqtay Əfəndiyev 1926-cı il mart ayının 26-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirərək o, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuş, bir il sonra ali təhsilini Moskvada davam etdirmiş və 1946-1950-ci illərdə burada Şərqşünaslıq İnstitutunun İran bölməsində oxumuşdur. Oqtay Əfəndiyev 1951-ci ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasına qəbul olunmuş, elə həmin il Moskvaya ezam edilərək 1955-ci ilədək SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspirantı olmuşdur.

Əmək fəaliyyətinə 1955-ci ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda başlayan Oqtay Əfəndiyev daim burada çalışaraq kiçik elmi işçi və baş elmi işçi olmuş, 1975-ci ildən isə "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir. O, ömrünün sonunadək bu vəzifəni tutmuşdur.

Oqtay Əfəndiyev 1955-ci ildə Moskvada namizədlik, 1969-cu ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1993-cü ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv seçilmişdir.

Oqtay Əfəndiyev Azərbaycanın tarix elminə layiqli töhfələr verərək onun nailiyyətlərlə zənginləşməsi və yeni mərhələyə yüksəlməsində rolu olan görkəmli alim idi. Uzun illər ərzində o, Azərbaycan dövlətçiliyi ənənələrini tədqiq etmişdir. Milli tarixin mühüm əhəmiyyətə malik orta əsrlər dövrünün dərin təhlili Oqtay Əfəndiyevin adı ilə sıx bağlıdır. Alim respublikada sanballı elmi, ensiklopedik və elmi-kütləvi nəşrlərdə tariximizin bu dövrünü əks etdirən çoxsaylı məqalələrin müəllifi olaraq tanınırdı. Səfəvilər dövlətinin sosial-iqtisadi, siyasi və mədəni tarixinə dair araşdırmaları alimə geniş şöhrət qazandırmışdır. Bilavasitə ilkin mənbələrə, nadir əlyazmalara istinadla aparılan və şərqşünaslıqda o vaxtadək hökm sürmüş bəzi müddəaların əsassız olduğunu meydana çıxaran həmin tədqiqatlar elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Bu əsərlərin zamanın sınağından çıxaraq, milli müstəqillik illərində öz dəyərini qoruması tarixi keçmişə obyektiv münasibətin nəticəsidir.

Azərbaycan tarixi ilə bağlı akademik nəşrlərin və çoxcildlik kitabların müəlliflərindən olan Oqtay Əfəndiyev ölkəmizin orta əsrlər tarixi xəritələrinin hazırlanıb nəşr edilməsi istiqamətində diqqətəlayiq işlər görmüşdür. Gözəl tarixçi-şərqşünas və mənbəşünas kimi o, həm də fars dilindən tərcümələri ilə yadda qalmışdır. Onun Yaxın Şərq tarixinə aid qiymətli qaynaqların üzə çıxarılmasında özünəməxsus xidmətləri vardır. Geniş erudisiyaya sahib Oqtay Əfəndiyevin araşdırmalarının nəticələri 200-ə yaxın elmi əsərdə öz əksini tapmışdır. Nüfuzlu alimin bir sıra tədqiqatları dünya dillərinə tərcümə olunmuşdur. Həmin əsərlərə dünyanın tanınmış alimləri bu gün də istinad etməkdədirlər.

Səmərəli elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu şəkildə əlaqələndirən Oqtay Əfəndiyev ixtisaslı kadrların hazırlanmasına və elmin təşkilinə böyük qüvvə sərf etmişdir. Alimin Azərbaycan tarixinə, xüsusən Qarabağ probleminin tarixi aspektinə həsr olunmuş mühazirələri ölkəmizdə və onun hüdudlarından kənarda diqqətlə izlənilmişdir. Səfəvişünaslıq məktəbinin əsasını yaradan alimin yetirmələri indi bu məktəbin layiqli davamçılarıdır. Oqtay Əfəndiyev mötəbər beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə ölkə elmini yüksək səviyyədə təmsil etmiş, tarixi mənbələrə professional yanaşma tərzi nümayiş etdirmişdir.

Oqtay Əfəndiyevin uzunmüddətli zəngin elmi fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Görkəmli alim, müdrik pedaqoq və qayğıkeş insan Oqtay Əfəndiyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

 

Allah rəhmət eləsin!

 

 

İlham Əliyev, Artur Rasi-zadə, Oqtay Əsədov,

 

Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,

 

Fatma Abdullazadə, Akif Əlizadə, Nailə Vəlixanlı,

 

Vaqif Fərzəliyev, Kamal Abdullayev, İsmayıl Hacıyev,

 

İsa Həbibbəyli, Yaqub Mahmudov, Ziyad Səmədzadə,

 

Ömər Eldarov, Gövhər Baxşəliyeva, Vasim Məmmədəliyev,

 

Teymur Bünyadov, Asəf Nadirov, Ağamusa Axundov

 

* * *

 

Mərhumun cənazəsi vidalaşmaq üçün 2013-cü il fevralın 28-də saat 13.00-dan 15.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaqdır.

 

 

Azərbaycan.-2013.- 28 fevral.- S.3.