Azərbaycan İsveçrəyə böyük həcmdə sərmayə yatırıb

 

İyulun 1-də Milli Məclisin Sədri Oqtay Əsədov İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-İsveçrə əlaqələri müzakirə olunub.

Oqtay Əsədov qeyd edib ki, bu, F.Lombardinin ölkəmizə ilk rəsmi səfəridir: "Əminəm ki, bu səfər təkcə parlamentlərarası deyil, ölkələrimiz arasındakı əlaqələrin də inkişafına təkan verəcək. Azərbaycan-İsveçrə əlaqələri yüksək səviyyədədir. Bu əlaqələr bütün istiqamətdə inkişaf edir. Bu inkişafda dövlət başçılarının qarşılıqlı səfərləri böyük rol oynayır. İkitərəfli əlaqələrin göstəricisi kimi deyə bilərəm ki, Azərbaycan ilə İsveçrə arasında 26 sənəd imzalanıb, 6 sənəd isə imzalanmaq ərəfəsindədir. Ölkələrarası iqtisadi əlaqələr yüksək səviyyədədir".

Milli Məclisin Sədri bildirib ki, Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. Bu baxımdan Azərbaycandakı İsveçrə şirkətlərinin də rolu böyükdür. Hazırda ölkəmizdə 70-ə qədər İsveçrə şirkəti fəaliyyət göstərir. Hətta iqtisadi böhran olanda da İsveçrə şirkətləri Azərbaycana investisiya qoyublar. Biz çox şadıq ki, bu gün Azərbaycan çox sürətlə inkişaf edir, artıq investisiya qoyulan ölkədən, investisiya qoyan ölkəyə çevrilib. Azərbaycan SOCAR vasitəsilə İsveçrəyə böyük həcmdə sərmayə yatırıb.

O.Əsədov qeyd edib ki, ölkələrarası əlaqələrin inkişafında parlamentlərin də böyük rolu var. Həm İsveçrə, həm də Azərbaycan parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Parlament sədrlərinin və dostluq qrupu numayəndələrinin qarşılıqlı səfərləri əlaqələrin və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə imkan yaradır.

Oqtay Əsədov Azərbaycanın dinamik inkişafı ilə yanaşı, onun Dağlıq Qarabağ kimi böyük probleminin olduğunu da qonaqların diqqətinə çatdırıb. Bildirib ki, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq hüquqa əsaslanan siyasəti aparır: "Bu münaqişənin çözülməsi üçün ATƏT-in Minsk qrupu fəaliyyət göstərir. BMT-nin dörd qətnaməsi qəbul olunub. Təəssüflər olsun ki, Ermənistan tərəfi həm Minsk qrupuna, həm BMT-nin qətnamələrinə və beynəlxalq huquqi normalara böyük sayqısızlıq göstərir. Hesab edirik ki, artıq vaxt gəlib çatıb. Bu problem beynəlxalq prinsiplər əsasında öz həllini tapmalıdır".

Filippo Lombardi isə yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycanla İsveçrə arasındakı iqtisadi əlaqələr yüksəkdir: "Amma istərdik ki, daha sabit əlaqələr quraq. Bunun üçün bütün səylərimizi birləşdirməliyik. İsveçrənin Azərbaycanla oxşarlıqları var. Hər iki ölkə kiçik olmasına baxmayaraq, sürətlə inkişaf edir. Biz əlimizdən gələni edəcəyik ki, Azərbaycanla hərtərəfli əlaqələrimiz daha da inkişaf etsin".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəlincə isə qonaq deyib ki, İsveçrə problemin sülh yolu ilə həllinin tərəfdarıdır: "Biz istənilən halda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və hər zaman əlimizdən gələn dəstəyi göstərməyə hazırıq. Bu münaqişənin həlli üçün səylərimizi birləşdirməliyik. İsveçrə həmişə Azərbaycanın yanındadır".

 

 

Elgün MƏNSİMOV

 

Azərbaycan.-2013.- 2 iyul.- S.6.