Bakı Ali Neft Məktəbi ilə Fransa Neft İnstitutu arasında memorandum imzalanmışdır

 

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun dəvəti ilə Bakıda  səfərdə olan Fransa Neft  İnstitutunun rektoru Filip Pinşon və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Bakı Ali Neft Məktəbində olmuşlar. E.Qasımov qonağa dəvətini qəbul edib Bakıya səfər etdiyinə görə minnətdarlığını bildirmiş, onu ölkəmizdə və ali məktəbdə görməkdən məmnunluğunu ifadə etmişdir.

Tədbirdə çıxış edən BANM-nin rektoru Azərbaycanın keçdiyi inkişaf yolundan danışaraq bildirmişdir ki, müstəqillik dövründə ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edərək regionun aparıcı dövlətinə və dünya dövlətləri üçün əhəmiyyətli müttəfiqə çevrilmişdir. Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən uğurlu layihələrdən və islahatlardan  danışan rektor demişdir ki, dövlət başçısı İlham Əliyevin önəm verdiyi sahələrdən biri də məhz təhsildir. Prezidentin "Neft kapitalını insan kapitalına çevirməliyik" şüarı da məhz bu sahəyə verilən önəmin göstəricisidir. Daha sonra Bakı Ali Neft Məktəbi haqqında qonaqlara ətraflı məlumat verən rektor qeyd etmişdir ki, ali məktəbin yaradılmasında əsas məqsəd inkişaf edən ölkəmiz, eyni zamanda istər Azərbaycanda, istərsə də  xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanmasıdır. E.Qasımov Azərbaycanla Fransa arasında hər zaman isti və dost münasibətlərin olduğunu nəzərə çatdıraraq bildirmişdir ki, bu gün də dövlət başçılarının həyata keçirdikləri doğru,  uzaqgörən siyasətin nəticəsi olaraq, ölkələrimiz arasında olan siyasi, iqtisadi, mədəni və digər əlaqələr inkişaf edir.

Azərbaycan və Fransa arasında bir çox sahələrlə yanaşı, elm və təhsil sahəsindəki münasibətlərdən danışan E.Qasımov vurğulamışdır ki, Heydər Əliyev Fondunun təşəbbüsü və ARDNŞ-nin dəstəyi ilə Bakıda yaxın zamanlarda  fəaliyyət göstərəcək "Fransız məktəbi" və Azərbaycan Prezidenti  İlham Əliyevin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bir çox azərbaycanlı tələbələrin Fransanın tanınmış universitetlərinə təhsil almağa göndərilməsi bunun bariz nümunəsidir. Fransa təhsil və tədris sisteminə böyük maraq göstərdiyini bildirən rektor demişdir ki, BANM Fransanın neft-qaz və kimya sənayəsi sahəsində fəaliyyət göstərən institutları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında və onların təcrübələrindən yararlanmaqda maraqlıdır. Fransa universitetləri ilə əlaqələrin qurulmasında onlara böyük dəstək göstərdiklərinə görə E.Qasımov Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeyə və Bakı Ali Neft Məktəbi ilə  əməkdaşlıq edən həmin ölkənin "Total E&P Azərbaycan" şirkətinin rəhbərliyinə  minnətdarlığını bildirmişdir.

 Azərbaycana və Bakı Ali Neft Məktəbinə dəvət olunduğundan məmnunluğunu ifadə edən Fransa Neft İnstitutunun rektoru Filip Pinşon qeyd etmişdir ki, qloballaşan dünyada inkişafın əsas vasitələrindən biri müasir təhsil sisteminə və beynəlxalq təcrübəyə yiyələnməkdir. O, Fransa təhsil sisteminin dünya təhsil sistemindəki rolundan və əhəmiyyətindən danışaraq Fransa Neft İnstitutu olaraq Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq etməyə və təcrübələrini paylaşmağa hər zaman hazır olduqlarını bildirmişdir.

Səfir Paskal Mönye isə qeyd etmişdir ki, Azərbaycan və Fransa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri gündən-günə inkişaf edir. Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali təhsil müəssisəsinin  yaradılması və qısa vaxt ərzində yüksək  nailiyyətlər əldə olunmasını təqdirəlayiq hal olduğunu vurğulayan səfir demişdir ki, Fransa Neft İnstitutu ilə Bakı Ali Neft Məktəbi arasında imzalanan bu protokol Fransa ilə Azərbaycan arasında inkişaf edən münasibətlərin göstəricisidir və səfirlik olaraq bu münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün hər cür dəstəyə hazırdırlar.

Daha sonra Bakı Ali Neft Məktəbinin rektoru E.Qasımovla Fransa Neft İnstitutunun rektoru Filip Pinşon arasında tələbə və müəllimlərin mübadiləsi, tədris proqramlarının inkişafı, birgə tədqiqatlar və elmi məqalələrin mümkün mübadiləsi, seminarların, konfransların və digər tədbirlərin təşkilində qarşılıqlı yardım, akademik nəşr materiallarının və digər informasiyaların mübadiləsi, müəyyən edilmiş inkişaf sahələri üzrə təlim layihələri çərçivəsində əməkdaşlıq, o cümlədən diplomlu və diplomsuz kurslar üzrə əməkdaşlıq imkanları sahəsində "Anlaşma Memorandumu" imzalanmışdır.

 

Azərbaycan.-2013.- 2 iyul.- S.10.