Nikolay PatskeviÇ: «Azərbaycanın uğurlarına sevinməmək mümkün deyil»

 

"Qəbələnin MDB-nin mədəniyyət paytaxtı seçilməsi münasibətilə Azərbaycan xalqını təbrik edirəm".

AzərTAc xəbər verir ki,  bu sözləri Qəbələdə "MDB-nin mədəniyyət paytaxtları - 2013" dövlətlərarası proqramının təntənəli açılış mərasimində iştirak edən Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç jurnalistlərə müsahibəsində demişdir.

Qəbələnin sürətli inkişafının şahidi olduğunu söyləyən belaruslu diplomat bildirmişdir ki, regionların bu cür inkişafı, ümumilikdə Azərbaycanın inkişafından xəbər verir.

Ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini deyən Nikolay Patskeviç, Azərbaycanda yaşadığı son 7 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasi kursu, həm də sosial siyasətin uğurlu nəticələrini yüksək qiymətləndirmişdir .

Səfir bildirmişdir ki, bu siyasətin nəticəsidir ki, Azərbaycanın bütün regionları indi sürətlə inkişaf edir. Diplomat bu yaxınlarda Azərbaycanda keçirilən Belarus Mədəniyyət Günləri iştirakçılarının Xaçmaza səfər etdiklərini və buradan çox xoş təəssüratla ayrıldıqlarını bildirmişdir.

 "Azərbaycanın uğurlarına sevinməmək mümkün deyildir", - deyən səfir xalqımızın öz zəngin mədəniyyətinin qorunmasına mühüm əhəmiyyət verdiyini demişdir.

 

Azərbaycan.-2013.- 2 iyul.- S.11.