Azərbaycanı qüdrətli dövlətə çevirən lider

 

Hər bir cəmiyyətdə mütləq çoxluğun mənafeyini ifadə edərək real təminatlara söykənən iqtisadi siyasətin həyata keçirilməsi davamlı tərəqqinin vacib şərtlərindən biri sayılır. Müasir dövrdə hər bir xalqın milli inkişaf strategiyası özündə həm də ictimaiyyətin müəyyən gözləntilərini, arzu və istəklərini təcəssüm etdirir. İqtisadi inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi ümumi məqsəd və strategiyanın reallaşdırılmasına imkan yaradır, habelə modernləşmənin vacib amilinə çevrilir. Bu prizmadan əminliklə söyləmək olar ki, müstəqil Azərbaycanın son 10 ildə əldə etdiyi böyük makroiqtisadi uğurlar, ilk növbədə, sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən islahatların nəticəsidir.

Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. Ulu öndərin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun xalqına, dövlətinə necə bağlı lider olduğu bir daha qabarıq görünür. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, nizamı çox tez-tez pozulan qlobal siyasət arenasının sərt müdaxilələri qarşısında uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlik nümayişidir. Cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son illər əldə etdiyimiz uğurlar da elə bu amilə əsaslanır.

Cənab İlham Əliyev zamanca qısa, mahiyyətcə böyük 10 illik dövr ərzində yeni əsrin, yeni zamanın lideri kimi sübuta yetirmişdir ki, xalq öz taleyini ona etibar etməkdə heç də yanılmamışdır. Azərbaycan Prezidenti dövlət adamı olaraq nəzəriyyəçidən daha çox praktikdir. O öz nitqlərini hər hansı nəzəriyyələr üzərində yox, artıq reallıqda təsdiqini tapmış müddəalar üzərində qurur. Auditoriyanın xarakterindən asılı olmayaraq, Azərbaycan Prezidenti insanlarla bütün ünsiyyət anlarında müstəqil dövlətimizin qarşısında dayanan yeni planlar, perspektivlər haqqında fikir və düşüncələrini aydın şəkildə çatdırır. Dövlət rəhbərinin hər bir nitqi onun cəmiyyət həyatının bütün əhəmiyyətli sahələri üzrə yüksək bilik səviyyəsinə malik olduğunu göstərir. Cənab İlham Əliyev biliyi heç də sırf nəzəri materiallar əsasında toplamamışdır. Bu biliyi ona həyat təcrübəsi qazandırmışdır. Bütün məsələlərə ölçülüb-biçilmiş yanaşma tərzi Azərbaycan Prezidentinin çıxışlarının nəzəri və təcrübi hazırlıq üzərində kökləndiyini göstərir.

Siyasi illüziyalardan, populizmdən uzaq olması, problemlərə rasional mövqedən, real situasiyadan yanaşması, yüksək praqmatizmi cənab İlham Əliyevin kamil siyasətçi portretini formalaşdırır. Bütün bu keyfiyyətlərini onun malik olduğu yüksək qətiyyət, intellekt, enerji, potensial, işgüzarlıq tamamlayır. Heydər Əliyevin zəngin idarəçilik keyfiyyətlərini dərindən əxz etməsi, bu və ya digər problem ətrafında müzakirələrin fəal iştirakçısı olması, çağdaş Qərb liderlərinə xas imici, ən başlıcası, təmiz keçmişi İlham Əliyev fenomeninin cəmiyyət üçün cəlbediciliyini artıran ən əsas amillərdəndir. Azərbaycan Prezidentinin xarakter etibarilə sadə və səmimi olması onun sıravi vətəndaşlarla təmaslarında da qabarıq şəkildə üzə çıxır. Cənab İlham Əliyev bütün müdrik dövlət adamlarına xas olan qabiliyyətlə hər kəslə dil tapmağı, Prezident-vətəndaş arasındakı psixoloji səddi götürməyi bacarır. Bu da dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırır.

Məhz bu inamın, vətəndaş rəğbətinin nəticəsi olaraq hakim Yeni Azərbaycan Partiyasının beşinci qurultayında cənab İlham Əliyevin prezidentliyə növöəti dəfə namizədliyi irəli sürülmüşdür. Bu qərar birmənalı olaraq Heydər Əliyev siyasi kursunun alternativsizliyini qəbul edən, ölkənin davamlı və tarazlı, sabit inkişafını bu kursdan kənarda görməyən milyonlarla insanın siyasi baxışlarını, istəklərini əks etdirir. Son 10 ildə Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin ən layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən cənab İlham Əliyev geopolitik məkanda siyasi-iqtisadi proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən liderə çevrilmişdir. Cənab İlham Əliyevin peşəkarlığı, yüksək vətənpərvərliyi, qətiyyəti onun komandasının ölkənin sürətli inkişafına yönəlmiş fəaliyyətinin uğurlarına ictimai nikbinliyi möhkəmləndirmişdir.

Azərbaycanın ictimai-siyasi, fəlsəfi fikir tarixinin görkəmli tədqiqatçısı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur" sərlövhəli müsahibəsində Prezident İlham Əliyevin fenomenal liderlik keyfiyyətlərini yüksək dəyərləndirərək yazır: "Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir. Qloballaşma şəraitində bu, olduqca vacib amildir...EYalnız öz qüvvə və resurslarına arxalanaraq müstəqil daxili və xarici siyasət yürütmək isə müstəsna çətin məsələdir. Bu məsələnin həllinə nail olan dövlət rəhbəri həqiqətən milli liderdir. Prezident İlham Əliyev müstəilliyimizin iyirminci ilində ölkəyə uğurla rəhbərlik edir və dövləti yeni üfüqlərə, inkişafın keyfiyyətcə yeni səviyyəsinə keçməyə doğru aparır".

Azərbaycan cəmiyyətində ictimai rəyin siyasi vədlərə deyil, konkret faktlara qiymət verməsi anlamında xalqımız kifayət qədər müdrikdir. İnsanlar onun da fərqindədir ki, cənab İlham Əliyev hər cür pafosdan, populizmdən tamamilə uzaq olan, praqmatik, realist təfəkkürlü liderdir. Ölkə başçısının elə bir vədi yoxdur ki, ötən 10 ildə bəyanat səviyyəsində, reallaşmamış qalsın. Əksinə, cəmi 10 ildə həyata keçirilən islahatların - real miqyasına, əhəmiyyətinə görə - ən azından onilliklər ərzində reallaşdırılması mümkünlüyü inkarolunmaz reallıqdır. Öz liderinin yüksək iradəsi, əzmi, qətiyyəti sayəsində, idarəçilik keyfiyyətləri sayəsində Azərbaycan 2003-2013-cü illərdə fantastik görünə biləcək sürətli inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur. Dövlətin, xalqın taleyinə biganə olmayan insanlar isə məhz gələcək inkişaf, sabitlik, tərəqqi, yüksək rifah naminə bu siyasətin növbəti beşilliklə də davam etdirilməsini istəyirlər.

Yeni Azərbaycan Partiyasının iyunun 7-də keçirilmiş V qurultayında dərin məzmunlu nitq söyləyən dövlət başçısı Azərbaycanın ötən 10 ildə böyük siyasi uğurlara nail olduğunu xüsusi vurğlulamışdır: "Biz on il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail ola bilmişik. İkinci belə ölkə tapılmaz ki, on il ərzində iqtisadiyyat üç dəfədən çox artsın və bütün başqa statistik göstəricilər də ən yüksək səviyyədə olsun. Hər bir ölkə üçün bu, nümunə ola bilər. Yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşübdür. Bir milyon 100 mindən çox yeni iş yeri açılmışdır. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırır. Ölkəmiz artıq rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 46-cı yerdədir...EArtıq biz "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə məşğuluq. Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəldilibdir. Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail olacağıq".

Ötən illərdə dövlət başçısı Azərbaycanın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini dəqiq xarakterizə etməklə yanaşı, özünün əsas fəaliyyət prioritetlərini açıqlamışdır: güclü dövlət, sabitliyə təminat, hər kəs üçün sosial rifah! Cənab İlham Əliyevin ötən 10 illik prezidentlik fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" - tezisini irəli sürmüş Azərbaycan Prezidenti bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirmişdir.

2003-cü ilin 15 oktyabr seçkilərindən sonrakı onilliyin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan orta statistik azərbaycanlının "Niyə növbəti seçkilərdə də məhz İlham Əliyevə səs verməliyik" sualına cavabı qəti və birmənalıdır. 2013-cü ilin oktyabr seçkilərində cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsi ölkədəki möhkəm ictimai-siyasi sabitliklə, dinamik iqtisadi inkişafla, demokratikləşmə xəttinin dönməzliyi ilə şərtlənir.

Siyasi liderin fəaliyyətinin istər daxildə, istərsə də ölkə hüdudlarından kənarda qiymətləndirilməsi zamanı ən obyektiv istinad yeri onun gördüyü işlərdir. Cənab İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə iyunun 26-da keçirilən möhtəşəm paradda söylədiyi kimi, son 10 ildə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir ölkə yoxdur. Ötən 10 il, ilk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, "Ümid", "Abşeron" kimi perspektivli yataqların kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinə başlanılması, "TANAP" layihəsinin gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.

Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bu fakt özlüyündə Azərbaycanın dünya birliyi üçün önəmini daha da artırmış, respublkamızın Avratlantik strukturlara inteqrasiya prosesini sürətləndirmişdir. Son 10 ildə həmçinin elektrik enerjisi istehsalının generasiya gücləri artırılmış, bu məqsədlə müasir tipli yeni elektrik stansiyaları tikilib istifadəyə verilmiş, həmçinin alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi üçün qanunvericilik bazası təkmilləşdirilmiş, zəruri institusional tədbirlər həyata keçirilmişdir. Ümumilikdə ölkənin elektroenergetika sisteminin ümumi generasiya gücü 6 min meqavatı üstələmiş, ölkənin elektrik enerjisinə olan tələbatı tam ödənilmiş, Azərbaycan enerji idxalçısından onun ixracatçısına çevrilmişdir.

Bununla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir. Təkcə bir faktı demək kifayətdir ki, Azərbaycan Şərqlə Qərbi birləşdirəcək strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana 25 il müddətinə 575 milyon dollar kredit vermişdir.

Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova, İçveçrə və Yunanıstan ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır. Türkiyənin nəhəng sənaye sütunu olan "Petkim"in və "Tekfen" Holdinqin səhmlərinin böyük bir hissəsinin ARDNŞ tərəfindən alınması respublikamızın iqtisadi qüdrətinin bariz nümunəsidir. Şübhəsiz, digər ölkələrin iqtisadiyyatına yatırılan investisiyalar yaxın perspektivdə respublikamıza böyük iqtisadi dividendlər qazandıracaqdır.

Prezident İlham Əliyevin 10 illik prezidentlik dövrünün ən mühüm göstəricilərindən biri də ölkənin neft gəlirlərindən asılılığının əhəmiyyətli dərəcə azaldılmasıdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmişdir və hazırda uğurla icra olunur.

Neft-qaz gəlirlərindən asılılığın ilbəil azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər son 2 ildə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin artmasına səbəb olmuşdur. Bu sahədə inkişaf tempinin neft-qaz sənayesini əhəmiyyətli dərəcədə üstələməsi bir sıra beynəlxalq təşkilatlar və maliyyə qurumları tərəfindən də müsbət dəyərləndirilir. 2007-ci ildə qeyri-neft sektorunun ÜDM-dəki xüsusi çəkisi 37,3 faiz olduğu halda, 2012-ci ildə 52,7 faiz təşkil etmişdir. Son 5 ildə bu sahənin sürətli inkişafı Azərbaycan iqtisadiyyatının ən uğurlu göstəricilərindən biridir və qeyri-neft sektorunda ümumi daxili məhsul və vergi daxilolmaları yüksək dinamizmlə artır. Qeyri-neft sektoru üzrə ÜDM 2003-cü ildə 4 milyard 447,6 milyon manat olduğu halda, 2012-ci ildə bu göstərici 28 milyard 474,9 milyon manat olmuşdur. Qeyri-neft sektoru üzrə vergi daxilolmaları isə 2003-cü ildəki 443,7 milyon manatdan 2012-ci ildə 3 milyard 286,6 milyon manatadək yüksəlmişdir. Qeyri-neft sektoru üzrə vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi isə 2003-cü ildəki 10 faizdən 2012-ci ildə 11,5 faizə yüksəlmişdir.

Qeyri-dövlət sektoru üzrə ÜDM isə 2003-cü ildəki 5 milyard 238,4 milyon manatdan 2012-ci ildə 41 milyard 300,1 milyon manata yüksəlmişdir. Qeyri-dövlət sektorunda vergitutma bazasının genişləndirilməsi nəticəsində bu sektordan vergi daxilolmaları son 10 ildə 12,5 dəfə - 2003-cü ildəki 346,4 milyon manatdan 2012-ci ildə 4 milyard 330,2 milyon manatadək artmışdır. Qeyri-dövlət sektorunda vergi daxilolmalarının ümumi vergi daxilolmalarındakı xüsusi çəkisi son 10 ildə 42,1 faizdən 71,9 faizə yüksəlmişdir.

Ümumilikdə son illərin digər makroiqtisadi göstəriciləri də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının xalqın mənafeyinə adekvat olduğunu təsdiqləyir. 2003-2012-ci illərdə ümumi daxili məhsulun orta illik artımı 13, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. ÜDM 3, onun adambaşına düşən həcmi 2,7, qeyri-neft sektoru 2,3, əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkə iqtisadiyyatı 3 dəfədən çox artmış, onun inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Dövlət büdcəsi 19, strateji valyuta ehtiyatları 29, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artmışdır. Əhalinin gəlirləri, orta aylıq əməkhaqları və pensiyaların orta məbləği müvafiq olaraq 6,9,  6,3 və 6,4 dəfə yüksəlmişdir. Bu müddətdə bir milyondan çox yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,6 faizə enmişdir. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın "yuxarı orta gəlirli" ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.

Bütün bu uğurların əsasında həm də ölkədə sahibkarlıq üçün əlverişli mühitin yaradılması tədbirləri dayanır. Hələ 2004-cü ilin fevralında yerli sahibkarlarla görüşən dövlət başçısı onların fəaliyyətinə hər cür institusional-təşkilati dəstəyin göstəriləcəyini, qanunvericiliyin təkmilləşdiriləcəyini, maliyyə-kredit təminatının yaxşılaşdırılacağını bəyan etmişdir. Ötən 5 ildə kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək "vahid pəncərə" prinsipi əsasında aparılması, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi fərmanın imzalanması və s. tədbirlər iş adamları tərəfindən razılıqla qarşılanır. Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsi kömək məqsədilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli sərəncamına uyğun olaraq, kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar  əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacağa və motor yağlarına görə dövlət tərəfindən büdcə  vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə  istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə  də buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması  məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına  əkilən hər hektar üçün 40 manat yardımın verilməsi, məhsuldarlığa təsir göstərən reproduksiyalı toxum materialının satışına görə əlavə maliyyə vəsaitinin ayrılması, habelə həftənin altıncı  və bazar günləri kənd təsərrüfatı  məhsullarının satışı üzrə yarmarkaların təşkil edilməsi yetişdirilən məhsulun itkisiz yığılmasına müsbət təsir etmişdir.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun qəbulunun ölkədə iş adamlarının fəaliyyəti üçün daha geniş imkanlar açacağı şübhəsizdir. Sahibkarlıq subyektlərində aparılan yoxlamaların vahid qaydaları bu sənədlə müəyyən edilmişdir. Məqsəd sahibkarlıq subyektlərində çoxsaylı yoxlamaları azaltmaq, qanunsuz müdaxilələri aradan qaldırmaqdır. Yeni qanunda bir sahibkarın bir neçə qurum tərəfindən yoxlanmasının qarşısını almaq üçün vahid məlumat reyestrinin yaradılması nəzərdə tutulur. Qanun sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə hallarının qarşısının alınmasına, bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsinə, habelə institusional-təşkilati tədbirlərin həyata keçirilməsinə hesablanmışdır.

Müasir dövrdə hər bir ölkənin sabit və davamlı iqtisadi inkişafında sənaye potensialının rolu böyükdür. Azərbaycan Prezidenti məhz bu reallıqdan çıxış edərək sənayenin inkişafını nəzərdə tutan dövlət proqramının hazırlanması üçün aidiyyəti nazirliklərə tapşırıq vermişdir. Sumqayıt şəhərində Texnologiyalar Parkının fəaliyyətə başlaması, habelə Yüksək Texnologiyalar Parkının yaradılması istiqamətində atılan addımlar bu baxımdan xüsusilə əhəmiyyətlidir.

Son 10 ildə Sumqayıt  şəhərində, Quba,  Şəki, Astara və Xaçmaz rayonlarında elektrik stansiyaları, Gəncədə "Kəpəz" markalı avtokran, "Belarus" tipli traktor və "Maz" tipli ağırtonnajlı yük avtomobili istehsal edən avtomobil zavodu, İmişlidə şəkər zavodu, Şamaxıda müasir standartlara cavab verən, müxtəlif ölçülü televizorlar, kondisionerlər istehsal edən zavod, Naxçıvanda "Lifan" markalı minik avtomobilləri istehsal edən avtomobil zavodu, müxtəlif rayonlarda asfalt-beton zavodları, çörək məmulatları istehsalı sexləri, Abşeron rayonunda duz zavodu, Lənkəran rayonunda yağ-süd, dondurma və pivə zavodları, Masallı rayonunda mebel zavodu, Biləsuvar rayonunda konserv zavodu, Hacıqabul rayonunda kərpic zavodu,  Xaçmaz rayonunda konserv və pivə zavodları, Qəbələ rayonunda meyvə şirələri istehsal edən zavod, Gədəbəy rayonunda qızıl-mis emalı zavodu və s. sənaye müəssisələri yaradılmışdır. Nəticədə regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə istehsal müəssisələrinin fəaliyyəti daha da genişləndirilmiş, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, məşğulluğun artırılması və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsi istiqamətində müəyyən uğurlar əldə edilmişdir.

İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Nəticə etibarilə insan resurslarının inkişafına xidmət edən investisiya layihələri Azərbaycanı hər bir sahədə mütərəqqi yeniliklərə istinad edən, müasir dövlətə çevirmək məqsədi daşıyır. Ölkədə yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi və bərpası, qaçqın və məcburi köçkünlərin yeni müasir evlərlə təmin edilməsi son nəticədə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətdə əsas meyara çevrilməsinə xidmət göstərir. Cənab İlham Əliyev infrastrukturun yeniləşdirilməsi məqsədilə dövlət büdcəsində investisiya xərclərinin ildən-ilə artırılmasını da təmin edir. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsi üçün 2007-ci ildə 1,5 milyard manat ayrılmışdırsa, 2013-cü ildə bu məqsədlə 6,4 milyard manat ayrılmışdır. Əsaslı kapital qoyuluşları çərçivəsində, o cümlədən TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi və yenidənqurulması, regionlarda, xüsusən dağ rayonlarında yol şəbəkəsinin bərpası və təkmilləşdirilməsi işləri həyata keçirilmişdir.

İctimai-iqtisadi formasiya dəyişkənliyini yaşayan bütün postsosialist dövlətlərində ictimaiyyətin baş verən köklü dəyişikliklərə mənəvi-psixoloji baxımdan adaptasiyası özünü ciddi problem kimi göstərir. Uzun illər mərkəzləşdirilmiş iqtisadiyyat şəraitində maddi yaşayışını təmin edən vətəndaşların müəyyən qisminin keçid dövrünün gerçəkliklərinə, habelə bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşması bir qədər çətin və mürəkkəb prosesdir. Bu baxımdan, keçmiş SSRİ respublikalarında, o cümlədən Azərbaycanda vətəndaşların sosial problemlərinin xüsusi diqqət mərkəzində saxlanılması son dərəcə vacibdir. Son 10 ildə sosial sahədə həytata keçirilmiş tədbirlərin miqyası həddindən artıq böyükdür. Onu demək kifayətdir ki, son 2 ildə keçmiş ittifaq respublikaları arasında ilk dəfə məhz Azərbaycanda vətəndaşların sovet dövründən banklarda qalmış əmanətlərinin qaytarılmasına başlanılmışdır.

 İyunun 21-də Bakıda BMT-nin təşkilatçılığı ilə "Azərbaycanda 2015-ci ildən sonrakı dövr üçün milli məsəhətləşmələrin nəticələrinin təsdiqi" mövzusunda keçirilən konfransda çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev haqlı olaraq bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən sosial, iqtisadi və siyasi uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib amilinə çevirmişdir. İnam və əzmkarlıqla həyata keçirilən siyasi xətt, davamlı islahatlar Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığını artırmış, insan inkişafı indeksində yüksəlişini təmin etmiş, sürətlə irəliləyən azsaylı dünya ölkələrindən birinə çevirmişdir. Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla Azərbaycan insan kapitalını yüksək inkişaf səviyyəsinə çatdıra bilmişdir: "2015-ci ildən sonrakı dövrdə Azərbaycanın inkişafının əsasını insan kapitalı təşkil edəcəkdir. Bu o demək deyildir ki, Azərbaycan enerji dövləti kimi əhəmiyyətini itirəcəkdir. Əksinə, ölkəmiz inkişafının yeni əsaslarını təyin edərək biliklərə və innovasiyalara əsaslanan, qloballaşan dünyanın müasir tələb və çağırışlarına cavab verən iqtisadiyyatını təkmilləşdirəcəkdir".

Akademik Ramiz Mehdiyev vurğulamışdır ki, Azərbaycanda qurulan iqtisadi model öz humanizmi ilə sosial bazar konsepsiyasına, insan kapitalına əsaslanan bilik iqtisadiyyatı fəlsəfəsinə, əhatəliliyinə, davamlı inkişaf prinsiplərinə və maraqların uzlaşdırılmasına görə sosial korporatizmə uyğun gəlir. Bu model qeyri-adiliyi ilə sosial-iqtisadi və mədəni inkişafı balanslı və əhatəli şəkildə təmin edir, ekoloji tarazlığı qoruyur və cəmiyyətin siyasi sabitliyi üçün zəmin kimi çıxış edir. Bunun nəticəsidir ki, Azərbaycan Davamlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məsləhətləşmələr aparmaq üçün seçilən 80 ölkədən biridir. 2012-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və BMT-nin Davamlı İnkişaf Məqsədləri arasında uyğunluğun olması onu göstərir ki, Azərbaycan dövləti öz inkişafını qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur. Minilliyin İnkişaf Məqsədləri çərçivəsində Azərbaycan dövləti əldə etdiyi uğurları 2015-ci ildən sonra Davamlı İnkişaf Məqsədlərinə uyğun şəkildə daha da irəli aparacaqdır.

Respublikanın uzunmüddətli inkişafını təmin edəcək strateji əhəmiyyətli sənəd - "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının layihəsində qeyd olunduğu kimi, qarşıdakı illərdə başlıca hədəflərdən biri də məhz yeni informasiyalı cəmiyyətin qurulması üçün informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin genişləndirilməsi olmalıdır. Konsepsiyada qarşıdakı 10 ildə İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində etibarlı təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırılması, ölkə üzrə tam rəqəmsal yayımın tətbiq olunması və analoq yayımın dayandırılması, eləcə də "e-dövlət" xidmətlərinin 100 faiz tətbiqi nəzərdə tutulur.

Bu sahədə islahatların davam etdirilməsi məqsədilə Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan) təsdiq edilmişdir. Hazırda bu proqramla yanaşı, İKT-nin müxtəlif sahələrdə geniş tətbiqini nəzərdə tutan 20-dək dövlət proqramı uğurla icra olunur. Bu proqramların qəbulunda başlıca məqsəd ölkənin informasiya cəmiyyətinə keçidinin, İKT-nin geniş tətbiqini təmin etmək yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətədavamlı iqtisadiyyatın qurulması, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması, qərarların qəbulu prosesində vətəndaşların, sosial institutların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının dolğun ödənilməsidir. Bu baxımdan, müasir standartlara cavab verən informasiya-kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya-kommunikasiya xidmətlərinin genişləndirilməsi istiqamətində önəmli işlər görülür. 2013-cü ildə milli telekommunikasiya peykinin orbitə çıxarılması da cənab İlham Əliyevin son 10 ilik prezidentlik dövrünün ən böyük uğurlarından biridir.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan cəmi 10 ildə bir sıra dövlətlərin qərinələrlə əldə etdiyi uğurlara sahib olmuş, respublikanın inkişaf etmiş ölkələr sırasına yüksəlməsi üçün əlverişli iqtisadi zəmin formalaşdırılmışdır.  Azərbaycan 10 il ərzində islahatların uğurla aparılması nəticəsində dünyanın ən sürətli iqtisadi inkişaflarından birinə nail ola bilmişdir. İnanırıq ki, təkcə Yeni Azərbaycan Partiyasının deyil, cəmiyyətdə mütləq çoxluğun prezidentliyə namizədi olan cənab İlham Əliyev qarşıdakı seçkilərdə də layiqli qələbə qazanmaqla ölkəmizin perspektiv üçün qarşısında duran strateji hədəfləri uğurla gerçəkləşdirəcək.

 

 

 

Əlican BABAYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə-1" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı Ali Məclisinin sədri

 

Azərbaycan.-2013.- 3 iyul.- S.6.