Qəbələ MDB-nin mədəniyyət paytaxtıdır

 

İnzibati rayon kimi 1930-cu ildə yaradılan Qəbələ Böyük Qafqazın cənub yamacında yerləşsə də, sorağı çox-çox uzaqlara yayılıb. Bu gün ölkə hüdudlarından kənarda da yaxşı tanınan bu qədim diyar müasir görkəmi, milli memarlıq nümunələri, yüksək infrastruktur səviyyəsi ilə hər kəsin diqqətini çəkir.

Hər il sosial-iqtisadi sahədə qazanılan nailiyyətlər Qəbələni tanınmaz dərəcədə yeniləşdirib. Şübhəsiz, bu inkişafın təmin olunmasında dövlətin yüksək qayğısı həmişə hiss olunur. Bu qayğıdan ruhlanan qəbələlilər ildən-ilə qurub-yaratmaq əzmini, təşəbbüskarlığı daha da artırırlar. Bunun nəticəsidir ki, Qəbələdə hər ilin inkişaf tempi əvvəlki ilin uğurlarını üstələyir.

Qəbələdə tikinti-quruculuq işlərinin miqyası çox genişdir. Bütün bu tədbirlərin həyata keçirilməsi isə rayonun simasını dəyişməklə yanaşı, turizm potensialını da artırır. Son illər bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Qəbələdə 14 mədəniyyət evi, 22 klub, Heydər Əliyev Mərkəzi, incəsənət məktəbi, dövlət rəsm qalereyası, tarix-diyarşünaslıq muzeyi, mərkəzləşdirilmiş kitabxana sistemi və onun 26 filialı, tarix-bədii qoruğu fəaliyyət göstərir.

Rayonda turizmin perspektivini şərtləndirən amillərdən biri də AMEA-nın Tarix və Etnoqrafiya İnstitutunun alimləri tərəfindən Qəbələ Tarix-Bədii Qoruğunda aparılan arxeoloji qazıntılar nəticəsində Qəbələnin və bütövlükdə Qafqaz Albaniyasının tarixi baxımından çox qiymətli tapıntıların aşkarlanmasıdır. Tapılan tarixi və elmi eksponatlar Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində toplanaraq onların görüntüləri elektron diskə köçürülüb. Azərbaycan, rus və ingilis dillərində hazırlanmış broşürlərdə qədim Qəbələ haqqında ətraflı məlumatlar öz əksini tapıb.

Qəbələdə beynəlxalq aeroportun istifadəyə verilməsi gələn qonaqların yolunu daha da rahat edib. Bu gün həqiqətdir ki, Qəbələni bir görən bir də görmək arzusundan qaça bilmir. Dörd il ardıcıl olaraq Qəbələdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Beynəlxalq Musiqi Festivalının keçirilməsi və bu festivalda dünyanın 15-dən çox ölkəsindən - ABŞ-dan, Fransadan, Rusiyadan, Çindən, Xorvatiyadan və digər ölkələrdən çoxlu sənət adamlarının iştirakı çox şeydən soraq verir (beşinci festival bu yay keçiriləcək). Elə bu ilin may ayında Qəbələdə 300-ə yaxın iş adamının qatıldığı üçüncü Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumunun keçirilməsi də bir daha sübut etdi ki, bu gözəl diyar müxtəlif məzmunlu beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. İştirakçı qonaqlar Qəbələnin inkişafına, gözəlliyinə və müasirliyinə heyranlıqlarını gizlədə bilmirdilər. Əlbəttə, Qəbələnin qucaq açdığı başqa beynəlxalq tədbirlərdən də yetərincə söz açmaq olar. Ən əsası odur ki, paytaxt Bakıdan uzaqda olsa da, Qəbələ ilin bütün aylarında böyük tədbirlərə məkan olmaq iqtidarındadır. Bu baxımdan MDB-nin üzv dövlətlərinin humanitar sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv Dövlətlərarası Fondunun 2012-ci il oktyabrın 15-dən 17-dək Aşqabadda keçirilmiş birgə iclasında qəbul edilən qərara əsasən 2013-cü il üçün Qəbələnin MDB-nin mədəniyyət paytaxtı elan olunması çox təbii qarşılandı. Çünki Qəbələ bu ada doğru çox keşməkeşli və fədakar bir yol keçmişdi.

İyunun 29-da Qəbələdə "MDB-nin mədəniyyət paytaxtları-2013" dövlətlərarası proqramının təntənəli açılış mərasimi keçirildi və Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı sertifikat rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə təqdim olundu.

10-dan çox ölkənin nüfuzlu rəsmi nümayəndəsinin iştirak etdiyi mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri, MDB-nin üzv dövlətlərinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu Azərbaycanın bu qədim şəhərinin beynəlxalq klassik musiqi mədəniyyəti mərkəzinə çevrildiyini diqqətə çatdıraraq, ölkə rəhbəri İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycanda mədəniyyət və incəsənət sahələrinin inkişafına göstərdikləri diqqəti xüsusi vurğuladı.

Digər çıxışlarda  da qeyd edildi ki, bu fakt, Qəbələdə keçirilən tədbir bir daha onu göstərir ki, paytaxt Bakı ilə yanaşı, Azərbaycanın regionları da sürətlə inkişaf edir.

Qəbələ RİH başçısı Səbuhi Abdullayev bu gün Qəbələnin öz qədim və tarixi görkəmini saxlamaqla müasirləşməsini, inkişaf etməsini Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətlə əlaqələndirdi.

Bəli, həqiqətən böyük uğurdur. Bu bir daha onu sübut edir ki, torpaqlarının iyirmi faizdən çoxunun işğal altında qalmasına, bir milyondan artıq qaçqın-köçkününün olmasına baxmayaraq, Azərbaycan, onun şəhərləri, regionları yüksək inkişaf yolundadır. Bu gün Azərbaycan öz sosial-iqtisadi, hərbi qüdrəti sayəsində torpaqlarını işğalçı Ermənistandan güc yolu ilə də azad etmək iqtidarındadır. Amma Azərbaycan hələlik münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Azərbaycana gələn qonaqlar  da dövlətimizin gücünü, qüdrətini etiraf edir, xalqımızın humanizmini, sülhpərvərliyini alqışlayırlar. Qəbələdəki beynəlxalq tədbirlərdə iştirak edən qonaqlardan da dəfələrlə buna bənzər fikirlər eşitmişik.

Qəbələ sakinləri ilə də söhbət etdik. Hər kəs bunun təkcə Qəbələnin deyil, bütün Azərbaycanın uğuru olduğunu bildirdi. Gənclərdən Qadir Mövlanov, Əmrah Məmmədov, Mənzər Mehdiyeva, ağsaqqal Şirin Şirinov, təhsil işçilərindən Məlahət Rəsulova, Ruhiyyə Tahirova, Zülfinaz Eyyubova və digərləri Qəbələnin bu yüksək ada layiq görülməyindən qürur duyduqlarını bildirməklə yanaşı, xüsusi vurğuladılar ki, hər bir qəbələli öz əməyi və sevgisi ilə Qəbələnin daha böyük uğurlarına çalışmalıdır.    

Şirin Şirinovun dediklərindən:

- Ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilən Qəbələ bu il MDB-nin də mədəniyyət paytaxtı elan olundu. Sevinirik, iftixar hissi keçiririk. Onu da yaxşı bilirik ki, istər Qəbələ, istərsə də digər bölgələrimiz böyük uğurlara  ölkə Prezidenti İlham Əliyevin yüksək diqqəti və qayğısı sayəsində nail olur. Buna görə möhtərəm Prezidentə dərin minnətdarlığımızı bildiririk.

 

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.-2013.- 3 iyul.- S.8.