Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının quru qoşunları komandanı, ordu generalı Hayrı Kıvrıkoğlu iyulun 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Hayrı Kıvrıkoğlu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət etmişdir.

Nazir Səfər Əbiyev hörmətli qonağın Azərbaycana gəlişini məmnunluq hissi ilə qeyd edərək bu səfərin qarşılıqlı dostluq və qardaşlıq ənənələrinə söykəndiyini bildirmişdir.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın perspektivləri, təlim və tədris prosesinin uzlaşdırılması istiqamətində faydalı fikir mübadiləsi aparılmışdır.

Azərbaycan müdafiə nazirinin əmrinə əsasən, Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsinə verdiyi böyük töhfələrə görə ordu generalı Hayrı Kıvrıkoğlu "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" və "Azərbaycan Silahlı Qüvvələrinin 95 illik yubileyi" medalları ilə təltif olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 4 iyul.- S.3.