ABŞ-ın müstəqillik günü qeyd edilmişdir

 

İyulun 3-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan edilməsinin 237-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil etmişdir.

AzərTAc xəbər verir ki, qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ABŞ konqresmenləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.

Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkəsinin müstəqillik tarixindən danışmışdır. Qeyd etmişdir ki, 1776-cı il 4 iyul ABŞ-ın "Müstəqillik Bəyannaməsi"nin imzalandığı gündür.

Azərbaycan ilə ABŞ arasındakı münasibətlərdən danışan R.Morninqstar qeyd etmişdir ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra diqqətəlayiq uğurlar qazanmışdır. Azərbaycan özünü həqiqətən də regionalqlobal aləmdə önəmli rol oynayan müstəqil ölkə kimi təsdiq etmişdir. Diplomat Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsini, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamasını, hər iki ölkənin əsgərlərinin Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlarda çiyin-çiyinə fəal iştiraklarını yüksək qiymətləndirmişdir.

Azərbaycan hökuməti adından ABŞ xalqını təbrik edən maliyyə naziri Samir Şərifov ölkələrimiz arasındakı diplomatik münasibətlərdən danışmışdır. Bildirmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında diplomatik əlaqələr qurulmuş və əməkdaşlıq münasibətləri yüksələn xətlə inkişaf etməkdədir.

Nazir diqqətə çatdırmışdır ki, ümummilli lider Heydər Əliyev həmişə ABŞ-Azərbaycan münasibətlərinə önəm vermiş, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin hazırkı səviyyəyə çatmasında mühüm rol oynamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə, demokratiyanın inkişafına və terrorçuluğa qarşı mübarizədə birgə səylərin artırılmasına, o cümlədən təhlükəsizlik və enerji sahəsində əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir.

Azərbaycan ilə ABŞ arasında indiyədək müxtəlif sahələr üzrə 73 sənədin imzalandığını deyən S.Şərifov diqqətə çatdırmışdır ki, ikitərəfli əlaqələrin genişləndirilməsi üçün səmərəli hüquqi baza yaradılmışdır. Geosiyasi baxımdan mürəkkəb bir regionda yerləşən Azərbaycan ABŞ ilə qlobalregional təhlükəsizlik, demokratik islahatlar, insan hüquqlarına hörmət, tolerantlıq kimi ümumi dəyərləri bölüşür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir qeyd etmişdir ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi problemin tənzimlənməsində mühüm rol oynayır. S.Şərifov ABŞ-ın ən yüksək rəhbərliyi səviyyəsində mövcud status-kvonun qəbuledilməzliyinə dair qəbul olunmuş bəyanatı yüksək qiymətləndirmişdir.

Nazir çıxışının sonunda Prezident İlham Əliyevin Azərbaycanın ABŞ ilə tərəfdaşlığına dair fikirlərini xatırlatmışdır: "Azərbaycan bu regionda etibarlı tərəfdaşdır. Biz bunu sadəcə bəyanatlarla deyil, real işlərimizlə sübut edirik".

 

Azərbaycan.-2013.- 4 iyul.- S.5.