Şəki ilə qardaşlaşmış Türkiyənin Giresun və Konya şəhərləri rəqs ansambllarının çıxışları böyük maraqla qarşılanmışdır

 

Şəkidə "İpək Yolu" IV Beynəlxalq musiqi festivalı uğurla davam edir.

AzərTAc xəbər verir ki, iyulun 2-də festival çərçivəsində Yay Teatrında Şəki ilə qardaşlaşmış Türkiyənin Giresun və Konya şəhərləri rəqs ansambllarının konserti olmuşdur.

Konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, Türkiyənin Giresun və Konya şəhərlərindən gəlmiş geniş tərkibdə nümayəndə heyəti, musiqisevərlər, şəhər sakinləri iştirak etmişlər.

Türkiyədə keçirilən "Yetenek sizsiniz" yarışmasında finala qədər gəlib çıxmış, yekunda dördüncü yeri tutmuş Konya şəhərinin "Kaşıks" rəqs qrupunun təqdim etdiyi bir-birindən maraqlı, oynaq, şux rəqslər tamaşaçıların böyük marağına səbəb olmuşdur. Giresun şəhər bələdiyyəsi konservatoriyası orkestri solistlərinin ifa etdikləri türk xalq musiqisi nümunələri, habelə Azərbaycan xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Konsertdən sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festivalda çox fəal iştirak etdiklərinə görə qardaş Türkiyədən olan musiqi kollektivlərinin üzvlərinə təşkilatçılar adından minnətdarlığını bildirmişdir.

Türkiyədən gəlmiş nümayəndə heyətinin rəhbərliyinə festivalla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.

 

Azərbaycan.-2013.- 4 iyul.- S.11.