Bakıda V Koreya Respublikası - Mərkəzi Asiya beynəlxalq seminarı keçirilmişdir

 

İyulun 3-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun (KBİSİ) birgə təşkilatçılığı ilə V Koreya Respublikası - Mərkəzi Asiya beynəlxalq seminarı keçirilmişdir.

AzərTAc xəbər verir ki, "Mərkəzi Asiya və Azərbaycanda iqtisadi islahatlar və açıq iqtisadi siyasət: Koreya Respublikası-Mərkəzi Asiya-Azərbaycan iqtisadi əməkdaşlığını gücləndirmək üçün atılan addımlar" mövzusunda keçirilən seminarda azərbaycanlı və koreyalı alimlərlə yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan nümayəndələr iştirak etmişlər.

Seminarın Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan SAM-ın direktoru Fərhad Məmmədov bildirmişdir ki, "beyin mərkəzləri"nin regionda cərəyan edən proseslərə baxışı Azərbaycan üçün böyük maraq doğurur. Azərbaycanın yaxın gələcəyinin inkişaf tempini qeyri-neft sektorunun artımı təşkil edəcəkdir. Qeyri-neft sektorunun artımı dünyada, xüsusilə də Avrasiya məkanında cərəyan edən iqtisadi proseslərdən kənarda qala bilməz. Ona görə də bu istiqamətdə cərəyan edən proseslərin və təcrübələrin öyrənilməsi böyük əhəmiyyət daşıyır.

Azərbaycanın iqtisadi inkişafına dair bir sıra araşdırmaların, tədbirlərin həyata keçirildiyini deyən SAM-ın direktoru qeyd etmişdir ki, ölkəmizin iqtisadi inkişafının əsasını qeyri-neft sektoru təşkil edir. Hər kəsə məlumdur ki, cari il Azərbaycanda Dünya İqtisadi Forumu keçirilmişdir. Burada iqtisadi, xüsusilə enerji və digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır. Ötən ildən Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında müxtəlif sahələrdə əlaqələr yüksələn xətlə inkişaf etmişdir. Azərbaycanın nəinki Koreya Respublikası, eləcə də Mərkəzi Asiya regionu ilə əlaqələri gələcəkdə də uğurla inkişaf edəcəkdir.

KBİSİ-nin nümayəndəsi Jeong Yeo Cheon Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı mövcud münasibətlərdən danışmışdır. Vurğulanmışdır ki, ölkələrimiz arasında əlaqələr durmadan genişlənməkdədir. Bu münasibətlərin tarixi köklərə malik olduğunu deyən J.Y.Cheon əməkdaşlığımızın gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Koreya Respublikası Milli Assambleyasının üzvü Hvang Jin Ha isə qeyd etmişdir ki, Qara və Xəzər dənizləri arasında strateji mərkəz olan Azərbaycan Mərkəzi Asiya, Yaxın Şərq və Avropanı birləşdirən körpü rolunu oynayır. Azərbaycan Xəzər regionunun 19,1 faiz neft, 11,3 faiz qaz ehtiyatlarına malikdir.

Koreya Respublikası üçün Mərkəzi Asiya regionunun böyük əhəmiyyət daşıdığını deyən H.J.Ha qeyd etmişdir ki, 2011-ci ildə ölkəsi ilə Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi 3,3 milyard ABŞ dolları təşkil etmişdir.

Son illər Azərbaycanın dinamik inkişaf etdiyini vurğulayan Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İnn demişdir ki, Azərbaycanda  uğurla fəaliyyət göstərən Koreya Respublikasının şirkətlərinin sayı gündən-günə artmaqdadır. Bu da ölkələrimiz arasında mövcud münasibətlərin inkişafından xəbər verir.

Sonra seminar işini sessiyalar üzrə davam etdirmişdir.

F.Məmmədovun moderatorluğu ilə "Azərbaycan və Koreya Respublikası arasında iqtisadi əməkdaşlığın qiymətləndirilməsi və Azərbaycanın iqtisadi inkişaf perspektivləri" adlı sessiyada "Azərbaycanın dayanıqlı inkişafı: iqtisadi artım və əmək məhsuldarlığı arasında səbəb-nəticə əlaqəsi", "Azərbaycanın xarici iqtisadi əlaqələri və Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlıq", "Azərbaycan və Koreya Respublikası arasında iqtisadi əməkdaşlığın qiymətləndirilməsi və inkişaf perspektivləri" mövzularında məruzələr dinlənilmişdir.

 J.Y.Cheonun moderatorluğu ilə "Mərkəzi Asiya ölkələrində sənayenin diversifikasiya strategiyası və iqtisadi inkişaf yolları" adlı  sessiyada "Özbəkistanın sənaye diversifikasiyası siyasəti və iqtisadi inkişaf perspektivləri", "Mərkəzi Asiya ölkələrində sənayenin diversifikasiya strategiyası və Koreya Respublikası-Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq" mövzularında müzakirələr aparılmışdır.

SAM-ın elmi işçisi Zaur Vəliyevin moderatorluğu ilə "Mərkəzi Asiya ölkələrinin açıq iqtisadi siyasəti və Koreya Respublikası-Mərkəzi Asiya-Azərbaycan iqtisadi əməkdaşlığın genişləndirilməsi yolları" adlı sessiyada "Qazaxıstanın Gömrük ittifaqına daxil olmasının əsas nəticələri", "Qırğızıstanın açıq iqtisadi əməkdaşlığının genişləndirilməsi", "Tacikistanın ÜTT-yə daxil olması və inkişaf perspektivləri" mövzularında fikir mübadiləsi aparılmışdır.

Sonda SAM ilə KBİSİ arasında əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalanmışdır.

 

Azərbaycan.-2013.- 4 iyul.- S.7.