Xarkov vilayəti Azərbaycan-Ukrayna Dostluq Cəmiyyəti 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin «soyqırımının» rəsmi şəkildə tanınması haqqında qanun layihəsi ilə əlaqədar qətnamə qəbul etmişdir

 

AzərTAc-ın Ukraynadakı müxbir məntəqəsinə Xarkov vilayəti Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinin ("Dostluq") qətnaməsinin mətni daxil olmuşdur. Ukrayna Prezidentinə, Ukrayna Ali Radasının sədrinə, Ukrayna Milli-Mədəni Birliklər Assosiasiyasının prezidentinə göndərilmiş bu qətnamə baxılması üçün Ukrayna Ali Radasına təqdim edilmiş 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin "soyqırımının" rəsmi surətdə tanınması haqqında qanun layihəsinə cavab olaraq cəmiyyətin idarə heyətinin iclasında qəbul edilmişdir.

Xarkov vilayəti Ukrayna-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyəti 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin "soyqırımının" rəsmi surətdə tanınması haqqında qanun layihəsinin deputatlar Vilen Şatvoryan (Regionlar Partiyası) və Arsen Avakov ("Batkivşina") tərəfindən Ukrayna Ali Radasına təqdim edilməsi ilə əlaqədar xəbərdarlıq edir ki, belə qanunların qəbul edilməsi yolverilməzdir.

Dünya xalqlarının hər birinin tarixində faciəli hadisələr vardır. Hər şeyi öz adı ilə çağırsaq, 1930-1933-cü illərdə Ukraynada dinc vaxtı  6 milyondan çox insanın həyatına son qoymuş, həm miqyasına, həm də qəddarlığına görə daha faciəli Qolodomor əsl soyqırımıdır. 1992-ci il fevralın 26-da Xocalının dinc əhalisinin erməni quldur dəstələri tərəfindən məhv edilməsi məgər əsl soyqırımı deyilmi? Nədənsə, Ermənistan parlamenti Xocalı və Qolodomor faciələrini xalqlara qarşı yönəldilmiş soyqırımı kimi tanımağa tələsmir və çətin ki, nə zamansa buna cəsarət etsin.

Daha sonra sənəddə deyilir: "Zənnimizcə, müstəqil Ukraynanın  ən sanballı nailiyyətlərindən biri tolerantlıq, ölkədə millətlərarası və dinlərarası zəmində münaqişələrin olmamasıdır. Bizim bərəkətli Ukrayna torpağında bölünəsi heç nəyimiz yoxdur".

Sənəddə deyilir: "Biz, Ukraynada Azərbaycan diasporunun  nümayəndələri bəyan edirik ki, çoxmillətli Ukraynada belə bir qanunun qəbul edilməsi bu ölkədə milli sabitliyin və həmrəyliyin  pozulmasına gətirib çıxara bilər".

Qətnamədə vurğulanır ki, belə bir qətnamənin qəbul edilməsi  Ukrayna ilə türkdilli ölkələr (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan) arasında dövlətlərarası  münasibətlərin pozulmasına gətirib çıxara bilər.

Qətnamənin sonunda deyilir: "Biz bütün Ukrayna xalqının maraqlarını təmsil edən xalq deputatlarını Ukraynada millətlərarası  sabitliyin pozulmasına, cəmiyyətin parçalanmasına səbəb ola biləcək  tələsik qərarlar qəbul etməməyə çağırırıq".

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

Azərbaycan.-2013.- 5 iyul.- S.1.