Ölkəmizdə keçirilən möhtəşəm hərbi parad erməni hərbçilərini vahiməyə salıb

 

İşğalçı ölkənin ordusunda qeyri-döyüş şəraitində yaşanan itkilərin sayı sürətlə çoxalır

 

 

Bu gün Ermənistan silahlı qüvvələrində yaranan xaotik vəziyyətin miqyası daha da genişlənməkdədir. Vəziyyətin kifayət qədər ağır və təhlükəli olması Ermənistanın özündə də açıq etiraf olunur. Qeyri-döyüş şəraitində yaşanan itkilərin sayının sürətlə çoxalması Ermənistan ordusunda nizamnamədənkənar hərəkətlərin və digər qanunsuzluqların məntiqi nəticəsi kimi vurğulanır. İşğalçı ölkənin Müdafiə Nazirliyinin başında duran şəxslərin daha çox şəxsi mənfəətlərini güddüklərindən ordunun məhvolma prosesi onlar üçün hər hansı bir vacib əhəmiyyət daşımır.

Bütün bunlar isə faktiki olaraq Ermənistan ordusundakı özbaşınalıqların, əsgərlərin fiziki işgəncələrə məruz qalmasının, incidilməsinin dözülməz həddə çatmasına gətirib çıxardır. Yaranmış bu vəziyyət isə öz növbəsində gənclərin hərbi xidmətdən yayınmalarına səbəb olur. Artıq işğalçı ölkənin gəncləri ordudan yayınmağın yeni metodunu tapıblar. "Facebook" və "Twitter" sosial şəbəkələrində, eləcə də internet forumlarında yer alan şərhlərdən və statuslardan belə bir nəticəyə gəlmək olar ki, indi Ermənistan gəncləri cinsi azlıqlara mənsub olmaları barədə hərbi komissarlıqlara arayış təqdim edərək hərbi xidmətdən yayınır, sonra isə ölkəni tərk edirlər.  Bu onu  göstərir ki, Ermənistan ordusu təkcə çağırışçıların sayının sürətlə azalmasına görə problem yaşamır, bu ölkənin silahlı qüvvələrinin maddi-texniki təchizatında da əvvəlki kimi böyük çətinliklər mövcuddur.

Ermənistanın ən çox oxunan qəzetlərindən sayılan "Lragir" yazır ki, orduda zorakılığa və dözülməz şəraitə qarşı ictimai etirazın genişlənməsinə baxmayaraq, yenə də əsgər ölümləri davam edir. O da xüsusi olaraq vurğulanır ki, vəziyyət belə davam edə bilməz və ölkədə mütləq partlayış olacaq: "Əslində, bu cür dözülməz şəraitdə fövqəladə vəziyyət elan etmək lazım idi. Lakin ordu rəhbərliyi, ali baş komandan susur. İqtidarın nəzarətində olan telekanallar, hakimiyyətpərəst media Müdafiə Nazirliyinin arzusuna uyğun olaraq əsgərləri özlərini öldürən intiharçılar kimi təqdim edir. Lakin hərbçilərin intihara görə məsuliyyəti yoxdur, əsgər ailələri isə övladlarının intihar etməsinə inanmır. Hərbi prokurorluq isə nəyisə araşdırmağa ehtiyac görmür, hətta adi izahat da verilmir. Bu vəziyyət uzun müddət davam edə bilməz. Sonda çox güclü partlayış olacaq".

Artıq ölüm halları təkcə orduda yox, Yeravanda yerləşən Vazgen Sarqsyan adına Hərbi İnstitutda da baş verib.  "Armenia Today" saytının verdiyi xəbərdə bildirilir ki, kursant Armen Melkumyan avtomat silahdan tələbə yoldaşı Sipan Movsisyana atəş açıb. Döş nahiyəsindən güllə yarası alan yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı qətl maddəsi üzrə cinayət işi başlanıb. İlkin məlumata görə, kursantlar arasında mübahisə düşüb, bir-birini təhqir edən zaman kursantlardan biri avtomatla digərinə atəş açıb. Armen Melkumyan artıq saxlanıb, araşdırma aparılır.

2011-ci ilin oktyabr ayında qətlə yetirilmiş baş leytenant Artak Nazaryanın bacısı Tsavinar Nazaryan isə mətbuata verdiyi açıqlamada bildirib ki, əgər prezident orduda fəaliyyət göstərən cinayətkar qruplaşmalara himayədarlıq etməsə, baş vermiş ölüm hadisələrinin üstü açılar: "Ordudakı bu eybəcər vəziyyəti prezident olmamışdan əvvəl məhz S.Sarkisyan yaradıb. Qardaşım Ermənistan ordusundakı cinayətkar qrupların əməllərinin şahidi olduğu üçün onu aradan götürüblər. "Bu, necə dövlətdir?", "Bu, necə ordudur?"

Bununla yanaşı, komandir heyəti tərəfindən əsgər valideynlərinin pul gətirməyə məcbur edilmələrini, hərbi qulluqçuların qeyri-qanuni yolla müəyyən olunmuş pul müqabilində ay ərzində hərbi hissədən kənara buraxılmaları halları, hərbi qulluqçular tərəfindən mülki əhaliyə qarşı bir çox cinayət, o cümlədən mülki şəxslərin əmlakının oğurlanması, əhaliyə qarşı zor tətbiq etmə, zorlama, təcavüz və digər belə hadisələrin törədilməsi ilə bağlı faktların sayı da artmaqdadır. O da bildirilir ki, orduda şəxsi heyət arasında narkotik maddə qəbul edənlərin sayı da sürətlə artmaqdadır və narkotik maddələrin hərbi hissələrə gətirilməsi, şəxsi heyətə satılması planlı şəkildə zabit-gizirlərin himayəsi altında çavuş heyəti tərəfindən həyata keçirilir.

Azərbaycan Ordusunun son hərbi paradı hələ də Ermənistanda, əsasən  onun hərbi dairələrində fəal müzakirə mövzusu olaraq qalmaqdadır. Artıq ermənilər Azərbaycan Ordusunun hansı gücə malik olduğunu  gördükdən sonra  böyük narahatlıq hiss etməyə başlayıblar. Erməniləri daha çox narahat edən məqamlardan biri də Azərbaycanın Rusiyadan aldığı yeni silahlardır. Bununla bağlı Qarabağ separatçılarının silahlı dəstələrinin sabiq rəhbəri Arkadi Karapetyan mətbuata verdiyi açıqlamasında Rusiyanın Azərbaycana böyük həcmdə silah satmasının minlərlə erməninin məhvinə yönələcəyini ifadə edib: "Düşünmürəm ki, Rusiya silah sataraq Cənubi Qafqazda balansa riayət etməyə çalışır. Əksinə, o, vəziyyəti közərdir və öz bazasını gücləndirir, hansı ki, Ermənistana aid deyil. Xüsusilə Azərbaycanın "Smerç" reaktiv yaylım atəş komplekslərini əldə etməsi məni narahat edir. Heç düşünürsünüz, bu silahlar Xankəndiyə yönəldilsə, nə olacaq? Minlərlə insan həlak olacaq".

A.Karapetyan qeyd edib ki, Rusiya Ermənistana T-72, Azərbaycana isə T-90 tanklarını satır: "Niyə balans üçün onlar bizə "Smerç" və qırıcı təyyarələr vermirlər?"

Rusiyanın Ermənistanda yerləşdirdiyi "İskəndər" operativ-taktiki raketlərindən danışan Karapetyan bildirib ki, bu raketlər Rusiyanın Ermənistandakı bazasına verilib. Ermənistanda həmin raketlərin tətbiqi üzrə mütəxəssis yoxdur: "Bundan başqa, "İskəndər" qərargahlara və ayrı obyektlərə qarşı yönəldilmiş ola bilər. Amma "Smerç" -  kütləvi qırğın yaradan silahdır. Bir "Smerç" maşını 67 hektar ərazidə hər şeyi məhv edə bilər. Bizim regionumuzda "Smerç" atom bombasına bərabərdir. Azərbaycanın Qarabağda "Smerç"ləri tətbiq etməsi ermənilərin soyqırımı deməkdir. Rusiya müəyyən etməlidir - biznesmendirya ciddi dövlət?"

Bu  açıqlamalardan belə bir nəticəyə gəlmək olar ki,  möhtəşəm hərbi parad ermənilərin Rusiyaya olan ümidlərini heç də özünü doğrultmadığını göstərdi. İndi seçim Ermənistan hakimiyyətindədir: ya sülh, ya da hərb yolu ilə işğal edilmiş Azərbaycan ərazilərini tərk etmək. İkinci seçimin Ermənistan üçün böyük fəlakət olacağı isə təkcə işğalçı ölkədə yox, dünyada da qəbul edilən həqiqətdir.

 

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2013.- 5 iyul.- S.4.