Avropanın gənc siyasətçiləri Bakıda bir araya gəlmişlər

 

İyulun 4-də Bakıdakı "Modern" mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının  (AGAT) təşkilatçılığı ilə "Beynəlxalq gənc siyasətçilər məktəbi"nin açılış mərasimi  keçirilmişdir.

AzərTAc xəbər verir ki,  tədbirdə Fransa, Almaniya, Bolqarıstan, Ukrayna, Polşa, İtaliya, Türkiyə, BosniyaHerseqovina, Moldovanın gənc diplomatları, həmçinin Azərbaycanın dövlət rəsmiləri və gənc fəalları  iştirak etmişlər.

Tədbiri açan  AGAT-ın sədri Gülsel Səfərova demişdir ki, "Beynəlxalq gənc siyasətçilər məktəbi"nin məqsədi Avropa və Azərbaycanın gənc siyasətçiləri arasında dostluq  əməkdaşlığın yaradılması, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. Sədr bildirmişdir ki, bu il ölkəmizdə prezident seçkiləri keçiriləcəkdir. Ona görə də  istədik ki, Avropanın gənc siyasətçiləri Azərbaycanda bütün sahələrdə nəzərə çarpan müsbət dinamikanı və reallıqları öz gözləri ilə görsünlər.

 G.Səfərova bildirmişdir ki, növbəti günlərdə gənclərin aidiyyəti dövlət qurumları ilə görüşləri keçiriləcəkdir. Məktəb iştirakçıları siyasi bilik təcrübəsindən başqa, Azərbaycan həqiqətləri və ölkəmizdə demokratik dövlət quruculuğu  istiqamətində qazanılan nailiyyətlər barədə hərtərəfli məlumat alacaqlar. Sonda isə Gənc Siyasətçilər Şəbəkəsinin yaradılması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev ölkəmizdə 250-dən çox gənclər təşkilatının fəaliyyət göstərdiyini diqqətə çatdırmış və gənclər üçün yaradılan şəraitdən danışmışdır. Qeyd etmişdir ki,  bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Gənclərlə sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər vətəndaş cəmiyyətinin qurulmasına töhfələrini verirlər. Artıq Azərbaycan gəncləri bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edirlər.

V.Quliyev bütün bu uğurların kökündə Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə diqqət və qayğısının dayandığını bildirmişdir.

Fransanın Azərbaycandakı səfiri  Paskal Mönye isə Azərbaycan və Avropa gənclərinin əməkdaşlıq və dostluq əlaqələrinin qurulmasında belə tədbirlərin vacibliyini qeyd etmiş, bu sahədə AGAT-ın böyük işlər gördüyünü diqqətə çatdırmışdır. Diplomat Azərbaycanda ədalətli seçki keçiriləcəyinə inandığını söyləmiş, eyni zamanda, Azərbaycanda bütün sahələrdə gedən dinamik inkişafı diqqətə çatdırmışdır. Bildirmişdir ki, hətta 3-4 il bundan əvvəlki Azərbaycan ilə müqayisədə bugünkü Azərbaycan müsbət istiqamətə doğru inanılmaz dərəcədə dəyişmişdir.

Rumıniyanın ölkəmizdəki səfiri Daniel Kristian Çiobanu Azərbaycan-NATO əməkdaşlıq əlaqələrinin strateji dəyərlər üzərində qurulduğunu söyləmiş, bu münasibətlərin möhkəmləndirilməsində ötən il Prezident İlham Əliyevin keçirdiyi görüşlərdən bəhs etmişdir. O, Azərbaycan-NATO münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı  isə ölkəmizdə insan hüquqlarının qorunması və bu istiqamətdə yaradılan mexanizmlərdən danışmışdır. Diqqətə çatdırmışdır ki, artıq Azərbaycan ekspertləri bu sahədə beynəlxalq sənədlərin hazırlanmasına dəvət olunurlar.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov siyasətə gənclər təşkilatının rəhbəri kimİ gəldiyini diqqətə çatdırmışdır. Demişdir ki, insanı siyasətə gətirən onun ambisiyalarıdır. Lakin  ambisiyalarla siyasətdə qalmaq mümkün deyildir. Siyasətdə qalmaq üçün gərək siyasi biliklərini də artırasan, dünyada baş verən dəyişiklikləri görə biləsən. Bu dəyişikliklərin ən uğurlu modeli isə Azərbaycandır.

Ölkəmizin son ildə qazandığı uğurlardan danışan politoloq bildirmişdir ki,  bu gün Azərbaycanın yolu Avropaya inteqrasiya yoludur. Azərbaycanın neftqazla bağlı bütün layihələri Avropaya yönəlmişdir. İndi Azərbaycan gəncləri təhsil almaq üçün dövlət tərəfindən ABŞ-a, Türkiyəyə və Avropa ölkələrinə öndərilirlər.

 Ölkəmizdə gənclərə dövlət qayğısından danışan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov bildirmişdir ki, bugünkü tədbirin Gənclər Fondunun maliyyə vəsaiti ilə təşkili  bunun bariz nümunəsidir. S.Orucov indiki qloballaşma şəraitində bir çox problemlərin həllində gənc diplomatların səylərinin birləşdirilməsinin vacibliyini bildirmişdir.

Tədbirdə çıxış edənlər, həmçinin  iştirakçıların suallarını da avablandırmışlar.

"Beynəlxalq gənc siyasətçilər məktəbi"  öz işini  iyulun 8-dək davam etdirəcəkdir.

 

Azərbaycan.-2013.- 5 iyul.- S.5.