Məhkəmə-hüquq islahatları ölkəmizin demokratik yüksəlişinə dəyərli töhfələr verir

 

Ədalətin, qanunçuluğun üstün olduğu dövlətdə yaşamaq arzusu Azərbaycan xalqının da şanlı mücadilə salnaməsinin əsas qayəsini təşkil edir. Xalqımız tarixən formalaşmış demokratik ənənələr əsasında milli dövlətçilik modeli yarada biləcək böyük sərkərdəyə, liderə daim ehtiyac duymuş, fəqət, bu istəyi yalnız ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşmişdir. XX əsrdə xalqımızın yetirdiyi ən böyük şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyev özünün mükəmməl dövlətçilik konsepsiyasında ədalət, müdriklik və həqiqət kimi üç ali dəyəri bir araya gətirərək çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, siyasətin gücünü ortaya qoymuşdur. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası hakimiyyət bölgüsü prinsipinin, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun əsaslarının, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının möhkəm təməlini qoymuşdur.

Əsas Qanunda respublikada müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması ilə bağlı bir sıra mühüm müddəalar əksini tapmış, habelə bu qurumun dövlət idarəçiliyi sistemində layiqli yerirolu müəyyənləşdirilmişdir. Ulu öndər Heydər Əliyev çıxışlarında xüsusi qeyd etmişdir ki, hüquqi dövlətin ən prinsipial şərti məhkəmə sistemində islahatların keçirilməsidir. 1996-cı il fevralın 21-də yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən hazırlanan "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlar ölkədə məhkəmə-hüquq islahatları sahəsində ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin fəaliyyət göstərməsinə imkan yaratmışdır. Bu qanunların qəbulu məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşması baxımından da mühüm əhəmiyyət daşımışdır. Bunların əsasında məhkəmə-hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmişdir. Xüsusilə qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası məhkəmələrinin təşkili və fəaliyyətinin təmin edilməsi haqqında" 1999-cu il 17 iyun  tarixli fərmanına əsasən, qanunun aliliyi və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi  zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda yeni - üçpilləli məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamış və şəffaf prosedur əsasında hakim korpusu formalaşmışdır.

Müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv həyata keçirilməsi, bu zaman insan hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakimlər korpusunun sağlamlaşdırılmasına da xüsusi diqqət yetirilmişdir. "Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2000-ci il 17 yanvar tarixli fərmanla hakimlərin seçilməsi prosesinin təşkili, məhkəmə fəaliyyəti ilə bağlı digər funksiyaların həyata keçirilməsi məqsədilə yüksək ədliyyə nazirindən, məhkəmə sədrlərindən ibarət tərkibdə Məhkəmə-Hüquq Şurası təsis edilmişdir. Şura Azərbaycan Respublikasında müstəqil məhkəmə sisteminin təmini, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən müstəqil orqan kimi fəaliyyət göstərir. Məhkəmə orqanlarının müstəqilliyinin təmin edilməsi üçün hakimlərin tamamilə şəffaf və demokratik yolla - test üsulu ilə seçilməsi təcrübəsinin əsası hələ 2000-ci ildə ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə qoyulmuşdur. Məhz həmin il hakimliyə namizədlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsi məqsədilə test üsulu ilə imtahanın və şifahi müsabiqənin keçirilməsi təmin edilmişdir. Bunun nəticəsi olaraq hakimlərin seçilməsi və təyinatı ilə bağlı cəmiyyətdə müsbət rəy formalaşmışdır.

2002-ci il avqustun 24-də  ümumxalq referendumu əsasında Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər respublikada məhkəmə orqanlarının fəaliyyətini daha da təkmilləşdirmişdir. Konstitusiyanın 96-cı maddəsinə edilmiş dəyişikliklə Ali Məhkəməyə qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Eləcə də mühüm yeniliklərdən biri kimi hər bir vətəndaşın hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə birbaşa müraciət hüququ təmin edilmişdir. Bununla əlaqədar "Konstitusiya məhkəməsi haqqında" qanuna da əlavə və dəyişikliklər olunub. Ən nəhayət, Konstitusiya və məhkəmə-hüquq islahatlarının məntiqi nəticəsi olaraq ölkə vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət imkanı yaradılmışdır.

Ümumilikdə 1993-2003-cü illərdə reallaşdırılan məhkəmə-hüquq islahatı ölkənin siyasiiqtisadi sisteminin kökündən dəyişdirilməsinin tərkib hissəsi kimi həyata keçirilən və mahiyyətcə təkamül xarakteri daşıyan islahatların həm ilkin şərti, həm də obyektiv nəticəsi olmuşdur.

Dövrün tələbi ilə səsləşən mütərəqqi hüquq islahatlarının aparılması, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin müstəqilliyinin təmin olunması, qanunun aliliyi prinsipinin bütün səviyyələrdə qorunması vətəndaş cəmiyyəti quruculuğu prosesinin fundamental şərtlərindən biridir. Təcrübə göstərir ki, yeni, müasir və mükəmməl dövlətçilik modelinin yaradılması, demokratik idarəetmə meyarlarının cəmiyyət  həyatının ən müxtəlif sahələrində bərqərar olması çevik hüquqi mexanizmlərin yaradılmasından bilavasitə asılıdır. Şübhəsiz ki, ictimai münasibətlər qanunlarla tənzimləndiyindən, cəmiyyət həyatındakı mühüm yeniliklər hüquq sistemində də əsaslı dəyişikliklər və yeniləşmə tələb edir. Bunu nəzərə alaraq ulu öndər Heydər Əliyevin insan hüquqlarının qorunmasını ön plana çəkməklə əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 10 ildə onun layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Dövlət başçısı sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin fəaliyyətinin  müasirləşdirilməsini vacib sayır. Çünki respublikamız son illərdə inkişafının elə uğurlu mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının ən müxtəlif sahələrində sosial rifaha, iqtisadi azadlığa və səmərəli təşəbbüskarlığa yönələn, hər bir vətəndaşın taleyində kardinal dəyişikliklərlə müşayiət olunan, demokratik islahatların dərinləşdirilməsi yolu ilə insan amilinin inkişafına xidmət edən liberal islahatları dinamizmlə gerçəkləşdirmək imkanı yaradır. Vətəndaşların yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan dəyişikliklər ümumbəşəri səciyyə daşıyan demokratik-hüquqi idealların ictimai şüurda adekvat dərkinə, qanunçuluğun, hüquq qaydalarının, insan hüquq və azadlıqlarının təminatına yaxşı imkanlar açır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv şəraitdə həyata keçirilməsi, bu zaman insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakimlər korpusunun sağlamlaşdırılması vacib şərtlərdən biridir.

Məhz ölkə rəhbərliyinin iradəsi və təşəbbüsü ilə 2004-cü ildən başlayaraq məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işi davam etdirilir. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər çərçivəsində Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində hazırlanaraq qəbul edilmiş "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlar xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq norma və prinsiplərə uyğun olan həmin qanunlara əsasən məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Yeni qanunvericiliklə hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə yenidən baxılmış, hakim vəzifəsinə müddətsiz təyinat müəyyən olunmuş, onların intizam məsuliyyəti məsələləri şuranın səlahiyyətinə aid edilmiş, hakim vəzifələrinə namizədlərin seçilməsi üçün yeni qurum - Hakimlərin Seçki Komitəsi yaradılmışdır. Bununla yanaşı, Məhkəmə-Hüquq Şurası yanında hakimlərin və dövlət ittihamçılarının, o cümlədən hakimliyə namizədlərin tədrisi ilə məşğul olan ayrıca sektor fəaliyyətə başlamışdır.

Prezident İlham Əliyevin inamla həyata keçirdiyi məhkəmə-hüquq islahatlarının əsas qayəsində həm də regionlarda yaşayan vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi olmuşdur. Bu baxımdan dövlət başçısının 2006-cı il 19 yanvar tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanı respublikanın məhkəmə sisteminin əsaslı şəkildə müasirləşməsi və təkmilləşdirilməsi  prosesində mühüm addımlardan biri kimi dəyərləndirilə bilər. Bu fərman əsasında qanunvericiliyə edilən bir sıra mühüm dəyişikliklər regionlarda yeni apelyasiyaiqtisad məhkəmələrinin yaradılmasına, ümumilikdə məhkəmələrdə hakimlərin sayının artırılmasına xidmət etməklə yanaşı, məhkəmə islahatlarının keyfiyyətcə yeni mərhələsidir və reallıqdan doğan zərurətdir. 2000-ci ildən Azərbaycan Respublikasında cəmi bir apelyasiya məhkəməsi fəaliyyət göstərirdisə, sözügedən fərmana əsasən, Bakı, Gəncə, Şirvan, Sumqayıt, Şəki apelyasiya məhkəmələri yaradılmışdır. Fərman əsasında həmçinin Bakı, Sumqayıt və Şəki şəhərlərində yerli iqtisad məhkəmələri formalaşdırılmışdır. Bu da yerlərdə əhaliyə göstərilən hüquqi yardımın səviyyəsinin keyfiyyətcə daha da yaxşılaşmasını təmin etmişdir. Sözügedən fərmanda həmçinin məhkəmələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, onların yeni bina və zəruri inventar, habelə informasiya texnologiyaları ilə təminatı, eləcə də Ali Ədliyyə Məktəbinin yaradılması, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilərək tətbiqi və s. məsələlər geniş əksini tapmışdır. Bütün bu məsələlər ötən illərdə praktiki olaraq uğurla reallaşdırılmış, nəticədə ədalət mühakiməsinin keyfiyyəti və səmərəliliyi yüksəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli "Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında" fərmanı da məhkəmə-hüquq islahatlarının uğurlu davamı sayıla bilər. Fərmanla Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası təsdiq edilib.

Bundan əlavə, Prezident İlham Əliyevin 2010-cu il 9 avqust tarixli "Məhkəmə quruluşunda bəzi dəyişikliklər, hakimlərin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyası haqqında" fərmanı da Azərbaycan Respublikasında məhkəmə quruluşunu təkmilləşdirmək məqsədi daşıyır. Fərmanla respublikanın məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 600 nəfər müəyyən olunub. Şübhəsiz, hakim korpusunun sayının artırılması respublikamızda ədalət mühakiməsinin demokratikliyinin, şəffaflığının, obyektivliyinin təmini istiqamətində mühüm addımdır.

Son illər Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə məhkəmələrin yeni binainventarla təmin olunması, onların şəraitinin yaxşılaşdırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Bu qəbildən olan məsələlər dövlət başçısının hələ 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nda da geniş əksini tapıb. Son illər Bakıda və regionlarda inşa olunan yeni məhkəmə binalarının bir üstün cəhəti də ondan ibarətdir ki, onlar inzibatiictimai zonalara bölünürlər və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçısı və vəkillər ictimai zonadan istifadə edirlər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.

Dövlət başçısı cənab İlham Əliyev ölkədə hüquqi, siyasi və iqtisadi islahatların bundan sonra da paralel şəkildə aparılacağını, o cümlədən ədliyyə və məhkəmə orqanlarına dövlət səviyyəsində lazımi diqqət və qayğının göstəriləcəyini xüsusi vurğulayır. Şübhə etmədən demək olar ki, dövlət başçısının uğurla həyata keçirdiyi bu islahatlar nəticəsində Azərbaycanda məhkəmələrin fəaliyyəti daha da müasirləşəcək, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksələcək, ədalət mühakiməsinin daha çevik, işlək mexanizmlər əsasında həyata keçirilməsi mümkün olacaqdır.

 

 

 

Fəxrəddin AĞAMİRZƏYEV,

Füzuli Hərbi Məhkəməsinin hakimi

Azərbaycan.-2013.- 5 iyul.- S.6.