«İpək Yolu» IV Beynəlxalq musiqi festivalı

 çərçivəsində daha bir konsert proqramı təqdim edilmişdir

 

İyulun 4-də Şəki şəhərindəki yay teatrında tamaşaçılar "İpək Yolu" IV Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayevanın konsertini izləmişlər.

AzərTAc xəbər verir ki, ifasına başlamazdan əvvəl müğənni Şəkidə ənənəvi "İpək Yolu" Beynəlxalq musiqi festivalının keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirmiş, belə bir musiqi bayramında iştirak etdiyinə görə özünü xoşbəxt saydığını bildirmiş, dəvətə görə festivalın təşkilatçılarına minnətdarlıq etmişdir.

 "Hicaz" qrupunun müşayiəti ilə müğənninin ifasında tanınmış Azərbaycan bəstəkarlarının əsərləri, məşhur türk müğənnisi Barış Mançonun, habelə dünyanın məşhur pop musiqisi ifaçılarının repertuarlarından mahnılar tamaşaçıların böyük marağına səbəb olmuşdur.

Tünzalə Ağayevanın özünün müəllifi olduğu "Mən Azərbaycanlıyam" mahnısını Şəki Musiqi Kollecinin tələbələri ilə birlikdə ifa etməsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Müğənni konsert proqramına Cəfər Cabbarlının sözlərinə Asəf Zeynallının bəstələdiyi "Ölkəm" romansı ilə yekun vurmuşdur.

Sonda şəhər icra hakimiyyəti adından müğənni Tünzalə Ağayevaya festivalla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.

Əməkdar artist Tünzalə Ağayeva müğənni kimi sola karyerasına 2001-ci ildə gənc ifaçıların "Bakı payızı" musiqi müsabiqəsində qalib gəldikdən sonra başlamışdır. Müxtəlif illərdə o, Rusiyada, Ukraynada keçirilən beynəlxalq musiqi müsabiqələrinin qalibi olmuşdur.

Müğənni respublikanın ictimai həyatında, uşaqlarla bağlı xeyriyyə layihələrində, müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində, diaspor təşkilatlarının tədbirlərində, habelə bir sıra beynəlxalq layihələrdə fəal iştirakına görə fəxri diplomlara və mükafatlara layiq görülmüşdür.

 

Azərbaycan.-2013.- 5 iyul.- S.8.