Azərbaycan Respublikasının fövqəladə hallar naziri Latviyada bir sıra görüşlər keçirmişdir

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Latviyanın daxili işlər naziri Rixard Kislovskisin  dəvəti ilə iyulun 4-də Riqaya rəsmi səfərə gəlmişdir.

Latviya Prezidenti Andris Berzinş ilə görüşdə ikitərəfli əlaqələrin inkişafı məsələləri müzakirə edilmişdir.

Kəmaləddin Heydərov səmimi qəbul üçün təşəkkürünü bildirərək fövqəladə halların idarə edilməsi məsələlərində hər iki ölkənin potensialından səmərəli istifadə etməyin vacibliyini vurğulamışdır.

Elə həmin gün Latviyanın Baş naziri Valdis Dombrovskis ilə də görüş olmuşdur. Tərəflər fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd etmişlər.

Latviyanın daxili işlər naziri Rixard Kislovskis ilə görüşdə fövqəladə halların qarşısının alınması sahəsində əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Elə həmin gün Azərbaycan nümayəndə heyəti Yanğın Təhlükəsizliyi və Mülki Müdafiə kollecinin fəaliyyəti ilə tanış olmuş, daha sonra Latviya Elmlər Akademiyasında olmuşdur.

 

 

Nigar CƏfƏrli,

AzərTAc-ın xüsusi müxbiri

 

Riqa

 

Azərbaycan.-2013.- 6 iyul.- S.4.