Əmək və əhalinin sosial müdafiəsi naziri Lənkəranda cənub bölgəsindən olan vətəndaşları qəbul etmişdir

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq iyulun 5-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının sakinlərini qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbul zamanı qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılmışdır. Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapmışdır.

Qəbulda həmçinin fəal sosial müdafiə tədbirlərinə, o cümlədən "Özünədəstək" proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların fəal sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınmışdır.

Nazir Fizuli Ələkbərov digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həll edilməsi barədə müvafiq struktur bölmələrinə tapşırıqlar vermişdir.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Nazirliyin aparat rəhbəri Elnur Kələntərli jurnalistlərə müsahibəsində bildirmişdir ki, ötən il və cari ilin 6 ayı ərzində əmək və əhalinin sosial müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə, ümumilikdə 23 dəfə birbaşa, eyni zamanda bölgələrdə yaşayan vətəndaşların videokonfrans sistemi vasitəsilə distant formada qəbulu keçirilmişdir.

Qəbullar zamanı ümumilikdə min nəfərədək vətəndaşın müraciətləri araşdırılaraq müvafiq tədbirlər görülmüşdür.  

Bununla yanaşı, nazir Fizuli Ələkbərov tərəfindən ölkədə ilk dəfə olaraq nazirliyin rəsmi "Facebook" səhifəsi vasitəsilə 70-ə yaxın, ümumən isə bu sosial şəbəkə üzrə indiyədək 120-yə yaxın müraciət cavablandırılmışdır.

 

Azərbaycan.-2013.- 6 iyul.- S.10.