Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi «Yay məktəbi»nin Oğuz turu başa çatmışdır

 

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər  Birliyinin təşkil etdiyi  "Yay məktəbi"nin  Oğuz  turu  iyulun 4-də "Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsi" mövzusunda təqdimatın keçirilməsi ilə davam etmişdir.

Qurumun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə YAP Siyasi Şurasının üzvü,  "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanın uğurlarını şərtləndirən amillərdən biri kimi dünyanın müxtəlif ölkələrindəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsini vurğulamışdır. Dahi şəxsiyyət Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycanlı olması ilə fəxr etdiyini ən yüksək tribunalardan bəyan edən ulu öndər Heydər Əliyev bildirirdi ki, suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi tələb olunur.

Qeyd edilmişdir ki,  ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra   daha çox diqqət göstərdiyi sahələrdən  birinin məhz Azərbaycan diaspor quruculuğunun olması da səbəbsiz deyildi. Diasporu bir dövlətin xaricdə varlığı kimi dəyərləndirən  ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində ciddi səylər göstərirdi. Onun xarici ölkələrə səfərləri zamanı orada yaşayan azərbaycanlılarla görüşmək, onların problemləri ilə yaxından tanış olmaq, tövsiyələrini çatdırmaq istəyi də  bu məqsəd və məramdan irəli gəlirdi. Ümummilli liderin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın  həmrəyliyinin təməl daşına çevrilmişdir.

Dahi şəxsiyyət Heydər Əliyev həmişə soydaşlarımızın yaşadığı ölkələrdə birliyinin, həmrəyliyinin yaradılması istiqamətində səylərin göstərilməsinin vacibliyini önə çəkirdi. Həmin dövrdə yaranan, bu gün sayı artmaqda olan Azərbaycan mərkəzləri, cəmiyyətləri də məhz bu məqsədə xidmət edir. Buna nail olduqdan sonra dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirə edilməsi nəzərə alınaraq, ulu öndər Heydər Əliyevin 2001-ci ilin mayın 23-də imzaladığı sərəncam əsasında həmin il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Bu addım diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu.

Diaspor quruculuğu işinin  gücləndirilməsi, xaricdə yaşayan azərbaycanlılara  milli-mənəvi dəyərlərini qoruyub saxlamaları, Azərbaycan həqiqətlərini təbliğ etmələri, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal rol oynamaları üçün  dövlətimizin  atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Ulu öndər  Heydər Əliyev siyasi kursunun layiqli davamçısı  Prezident İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ilin martında Dünya Azərbaycanlılarının II qurultayı, 2011-ci ilin iyulunda isə III qurultayı keçirilmişdir. Daim çıxışlarında Azərbaycanın müharibə şəraitində yaşadığını, dünyada azərbaycanlılara və türklərə qarşı əks-təbliğat aparan erməni diasporunun olduğunu önə çəkən dövlət başçısı İlham Əliyev bildirir ki, birlik olmasa, biz güclü ola bilmərik. Birgə səylər qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verir.

Təqdimatda bu fikir xüsusi qeyd edilmişdir ki, ulu öndər  Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından  sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən etibarən başlanan Heylər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Bu inkişaf strategiyası 1993-cü ildən başlayaraq Azərbaycana bir-birindən əhəmiyyətli uğurlar qazandırır.

Tədbirdə çıxış edən gənclər bildirmişlər ki, dinamik inkişaf edən, Cənubi Qafqazın parlayan ulduzu kimi dəyərləndirilən Azərbaycan, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar üçün qürur mənbəyidir. Azərbaycanın bugünkü iqtisadi, siyasi, diplomatik sahədə qazandığı uğurlar barədə dünya ictimaiyyətinin dolğun məlumatlandırılmasında gənclərin də üzərinə böyük məsuliyyət düşür. Çıxışlarda bir məqam da qeyd olunmuşdur ki,  Dünya Azərbaycanlılarının III qurultayına qatılan 600-ə yaxın  nümayəndənin 100-dən çoxunun gənc olması onların Azərbaycan həqiqətlərinin təbliğinə töhfələrini artırmaq istəklərinin göstəricisi idi.

Gənclər bundan sonra da ölkə həqiqətlərinin təbliğində fəal iştirak edəcəklərini, ölkənin daha da qüdrətlənməsinə, möhkəmlənməsinə  töhfələrini verəcəklərini bildirmişlər.

İyulun 5-də isə Oğuz "Yay məktəbi"nin iştirakçılarının rayon ilə tanışlığından sonra birinci turun bağlanış mərasimi keçirilmişdir. Ən fəal qrup elan olunmuş, qısa müddətdə gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirləri özündə əks etdirən videoçarx nümayiş etdirilmişdir. Gənclər onlara göstərilən diqqət və qayğıya, biliklərini və təcrübələrini genişləndirməyə, asudə vaxtlarını lazımi səviyyədə təşkil etməyə, ən əsası, müstəqil Azərbaycanımızın ayrı-ayrı sahələrdə qazandığı uğurların təməlində dayanan düşünülmüş və məqsədyönlü siyasət barədə dolğun məlumatların əldə olunmasına yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə, YAP rəhbərliyinə və icra katibliyinə minnətdarlıqlarını bildirmişlər. Onlar  2013-cü il prezident seçkilərində ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının namizədinin qələbəsi kimi tariximizə yazılacağına əmin olduqlarını bildirmişlər.

Sonda xatirə şəkli çəkdirilmişdir.

 

Azərbaycan.-2013.- 6 iyul.- S.10.