Bakıda akademik Həsən Abdullayevin 95 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

 

İyulun 5-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun təşkilatçılığı ilə görkəmli alim, keçmiş SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Abdullayevin 95 illik yubileyinə həsr olunmuş "Yeni və təkmilləşdirilmiş yarımkeçirici materiallar və strukturlar" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə əvvəlcə akademik Həsən Abdullayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin həyat və fəaliyyətindən, sanballı elmi tədqiqatlarından, dünya fizika elminə əvəzsiz töhfələrindən danışmışdır. Bildirmişdir ki, Azərbaycanda bərk cisim fizikası məktəbinin banisi, böyük alim, fizika elminin inkişafında misilsiz xidmətləri olmuş akademik H.Abdullayevi tanıyanlar onu parlaq şəxsiyyət, görkəmli alim kimi xatırlayırlar. Gələcək rifahın açarını elmdə görən alim ömrünün mənalı illərini elmin inkişafına həsr etmişdir.

Akademik A.Əlizadə görkəmli alimin dünya fizikləri ilə yaradıcı əlaqələrindən, sovet elmində olan yenilikləri Azərbaycana gətirməyə can atmasından, elm və  istehsalat arasında əlaqələrin yaradılmasında fəaliyyətindən danışmışdır.

Vurğulanmışdır ki, H.Abdullayevlə bir dəfə ünsiyyətdə olan insan onu heç zaman unuda bilməzdi. O, həqiqətən, unudulmaz insanlardandır. Görkəmli alim və pedaqoq, gözəl elm təşkilatçısı, dərin zəkaya, yüksək mənəviyyata və əxlaqa malik insan bilik və bacarığı ilə həvəslə bölüşür, cəsarətli qərarlardan çəkinmir, tələbələrinə, gənc alimlərə səmimi, qayğıkeş münasibət bəsləyirdi. Akademik H.Abdullayev ötən əsrin 70-ci illərində AMEA-nın prezidenti olmuşdur. Onun akademiyaya rəhbərlik etdiyi illər Azərbaycan elminin inkişafının ən parlaq dövrlərindəndir.

Konfransda rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov görkəmli alimin gənclərə diqqət və qayğısından, fizika elmimizin sanballı tədqiqatlarla zənginləşməsi sahəsində yorulmaz fəaliyyətindən, respublikamızın yeni sənaye sahələrinin inkişafında xidmətlərindən danışmışdır.

Bacarıqlı elm təşkilatçısı kimi akademik Həsən Abdullayev Naxçıvan, Gəncə və Şəki elmi mərkəzlərinin yaradılmasının təşəbbüskarı olmuşdur. Görkəmli alim onlarla elmlər doktoru, elmlər namizədi yetişdirərək respublikamızda və onun hüdudlarından kənarda Azərbaycan yarımkeçiricilər fizikası məktəbinin nəyə qadir olduğunu sübuta yetirmişdir.

Böyük alim elmi nailiyyətlərinə görə 1971-ci ildə Vavilov adına qızıl medalla təltif olunmuşdur. Ondan artıq monoqrafiyanın, 350-dən çox elmi əsərin və 45 elmi ixtiranın müəllifi olan akademik H.Abdullayevin iki ixtirası ABŞ-da və Fransada patent almışdır.

AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev alimin elmi fəaliyyəti haqqında danışaraq bildirmişdir ki, görkəmli elm xadimi, akademik Həsən Abdullayev müasir Azərbaycan elminin tarixində yarımkeçiricilər fizikası sahəsində dəyərli tədqiqatlar aparmış və özündən sonra bu işi uğurla davam etdirən onlarla istedadlı fiziki birləşdirən məktəb yaratmışdır. Bu məktəbin yetirmələrinin yarımkeçiricilər fizikası sahəsində əldə etdiyi elmi nəticələr dünyanın məşhur alimləri tərəfindən təsdiq edilmişdir. Azərbaycanın istedadlı fizikləri və mütəxəssisləri bu məktəbin yetirmələri olmuşdur.

Akademik H.Abdullayev ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ümummilli strateji vəzifələrin, o cümlədən elmi quruculuq işlərinin həyata keçirilməsində AMEA-nın prezidenti kimi ən fəal mövqedə duran şəxslərdən biri olmuşdur. O, bu elm mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi, akademiya institutlarında fundamental tədqiqatların genişləndirilməsi, elmi nəticələrin nəzəri cəhətdən yüksək səviyyədə işlənməsi ilə yanaşı, respublikanın müxtəlif təbii sərvətlərinin daha dərindən öyrənilməsi və elmin iqtisadi səmərəsinin artırılmasına yönəldilən kompleks tədqiqatlara da üstünlük verirdi.

A.Hacıyev vurğulamışdır ki, akademik H.Abdullayev öz tükənməz enerjisi, məqsədyönlü fəaliyyəti ilə ötən əsrin 70-80-ci illərinin gənclərinə örnək idi. O, ixtisasından asılı olmayaraq gənc alimlərin fəaliyyəti ilə yaxından maraqlanır, onlara qayğı, maddi və mənəvi yardım göstərilməsini özünə borc hesab edirdi. Alim ömrünün 50 ilindən çoxunu yarımkeçiricilər fizikasına və biofizikaya həsr etmiş, bu sahə üzrə yüksək elmi kadrlar hazırlamışdır.

Sonra tədbir iştirakçıları xalqımızın həyatında silinməz iz qoymuş, ümummilli lider Heydər Əliyevin yüksək qiymətləndirdiyi alimin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmə baxmışlar.

AMEA Fizika İnstitutunun direktoru, professor Nazim Məmmədov görkəmli elm xadiminin fəaliyyətindən söz açaraq bildirmişdir ki, akademik H.Abdullayev kimyəvi birləşmələr olan selenin, tellurun, onların mürəkkəb birləşmələrinin və bunların əsasında yarımkeçirici cihazların fizikası, selenin bioloji proseslərdə rolunun tədqiqi sahəsində əsaslı elmi təcrübələr qazanmışdır. Alimin  rəhbərliyi ilə mürəkkəb yarımkeçiricilərdən bir sıra yeni cihazlar, o cümlədən yeni fiziki prinsiplə işləyən uzunmüddətli elektrik yaddaşlı cihazlar yaradılmışdır. Akademik H.Abdullayevin ölkənin və dünyanın fizikləri arasında görkəmli xidmətləri olan bir alim, elmin böyük təşkilatçısı kimi nüfuz qazandığı vurğulanmışdır.

Qeyd olunmuşdur ki, görkəmli alim Azərbaycanda müasir fizikanın, xüsusilə, yarımkeçiricilər fizikası və texnikasının əsasını qoymuş, onu hərtərəfli inkişaf etdirmiş, yüksək səviyyəli fiziklər kollektivi yaratmışdır. Onun yaratdığı və rəhbərlik etdiyi elmi məktəbdə Azərbaycan, Rusiya, Ukrayna, Moldova, Orta Asiya respublikaları və başqa ölkələrin nümayəndələri elmi hazırlıq keçmişlər. Bu elmi məktəbin alimlərinin əksəriyyəti hazırda ABŞ, Avropa, Türkiyə, İran, Rusiya, Ukrayna, Orta Asiya və respublikamızın ali məktəblərində, elmi-tədqiqat ocaqlarında uğurla çalışırlar.

Akademik H.Abdullayevin Naxçıvan, Gəncə və Şəkidə elmi mərkəzlər yaradaraq regionlarda elmi kadrların hazırlanması sahəsində gördüyü işlərdən söhbət açılmış, Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında, ümumiyyətlə, respublikamızda astronomiya elminin inkişafında böyük xidmətləri qeyd edilmişdir.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Dağıstan Elmi Mərkəzi Əmirxanov adına Fizika İnstitutunun direktoru İbrahimxan Kamilov, fransalı alim Jan-Pyer Jarri akademik H.Abdullayevin elmi irsinin əhəmiyyətindən, elmi nailiyyətlərindən, dünya fizika elminin inkişafına töhfələrindən danışmışlar.

Akademik Maqsud Əliyev görkəmli fizik Həsən Abdullayevin   çoxşaxəli elmi və ictimai fəaliyyətindən söz açmış, alimlə bağlı xoş xatirələrini bölüşmüşdür. Bildirmişdir ki, alimin yarımkeçiricilər fizikası sahəsində uğurlu tədqiqatları sayəsində AMEA-nın Fizika İnstitutu ötən əsrin 50-ci illərində keçmiş SSRİ-nin aparıcı təşkilatı kimi təsdiq edilmişdi.

Tədbirin sonunda alimin qızı, fizika-riyaziyyat elmləri doktoru Sevda Abdullayeva ailəsi adından AMEA-nın rəhbərliyinə, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.

Sonra konfrans bölmə iclasları ilə davam etmişdir.

İclaslarda Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, Fransa, Böyük Britaniya, Almaniya və digər ölkələrdən alim və mütəxəssislərin mövzuya dair məruzələri dinlənilmişdir.

Beynəlxalq konfrans iyulun 6-da işini davam etdirəcəkdir.

 

Azərbaycan.-2013.- 6 iyul.- S.11.