Şəkidə «İpək Yolu» IV Beynəlxalq musiqi festivalı başa çatmışdır

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "İpək Yolu" IV Beynəlxalq musiqi festivalı başa çatmışdır.

İyunun 28-də başlananbir həftə davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları və yerli sakinlər bir sıra xarici ölkələrin milli musiqi, rəqs, folklor nümunələri ilə yaxından tanış olmuş, Azərbaycanın musiqiteatr kollektivlərinin çıxışlarını izləmişlər.

AzərTAc xəbər verir ki, iyulun 4-də XIX əsrə aid tarixi-memarlıq abidəsi "Aşağı Karvansaray" kompleksində festivalın təntənəli bağlanış mərasimi olmuşdur.

Tədbirdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Şəki Musiqi Kollecinin xor kollektivi tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış etmişlər.

Kollektivin bədii rəhbəri və dirijoru xalq artisti, professor Ağaverdi Paşayevdir.

Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 1938-ci ildə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən yaradılmışdır. Müxtəlif dövrlərdə kollektivə Azərbaycan bəstəkarlarından Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov və başqaları rəhbərlik etmişlər. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Afaq Məlikova və onlarla digər görkəmli rəqs ustası yetişmişdir. 2000-ci ildən ansamblın nəzdində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri fəaliyyət göstərir.

Festivalın yekun konsertinin proqramına Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Cəngi" və "Çənlibel xoru", Tofiq Quliyevin "İlk bahar", "Sənə də qalmaz", Cahangir Cahangirovun "Füzuli" kantatasından ikinci hissə, Kamal Heydərovun "Xalq Heydər söyləyəcək" və digər tanınmış bəstəkarların əsərləri, habelə xalq mahnısı "Qaragilə", "Gözəl Vətən" xoreoqrafik süitası, "Ay ləli" və digər xalq rəqsləri daxil edilmişdir.

Konsert tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanmışdır.

Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın keçirilməsində yaxından iştirak edən "Mədəni İrsin Qorunmasına Dəstək" İctimai Birliyinin rəhbəri Dünyamin Xəlilov çıxış edərək "İpək Yolu" IV Beynəlxalq musiqi festivalının Azərbaycanın mədəni həyatında çox mühüm hadisə olduğunu diqqətə çatdırmışlar.

Bildirilmişdir ki, 2013-cü il Azərbaycanın dahi oğlu, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlamətdardır. Təşkilat komitəsinin qərarı ilə festivalın yekun konserti ulu öndərin ölməz xatirəsinə həsr olunmuşdur. Məhz buna görə də konsert ümummilli liderin çox sevdiyi Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun ariyasının ifa olunması ilə tamamlanmışdır.

Firəngiz Əlizadə festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiklərinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Sonda şəhər icra hakimiyyəti adından festivalın bədii rəhbəri Firəngiz Əlizadəyə, yekun konsertində çıxış edən kollektivin bədii rəhbəri və dirijoru, xalq artisti Ağaverdi Paşayevə, habelə kollektivin solistlərinə xatirə hədiyyələri təqdim olunmuşdur.

Festival bayram atəşfəşanlığı ilə başa çatmışdır.

 

Azərbaycan.-2013.- 6 iyul.- S.12.