Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Tovuz rayonunda bir sıra tədbirlər görülmüş, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən HemodializDiaqnostika Mərkəzi yaradılmış, Olimpiya İdman Kompleksi və müasir tələblərə cavab verən turizm obyektləri istifadəyə verilmiş, yaşayış məntəqələri tam qazlaşdırılmış, yeni yollar çəkilmiş və abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Tovuz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Tovuz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 iyul 2013-cü il

 

Azərbaycan.-2013.- 7 iyul.- S.1.