Dövlət Xəzər Dəniz Gəmiçiliyinin kollektivi peşə bayramını və idarənin 155 illik yubileyini təntənəli şəkildə qeyd etmişdir

 

İyulun 6-da Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (DXDG) kollektivi peşə bayramını və idarənin 155 illik yubileyini təntənəli şəkildə qeyd etmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş dənizçilərin və qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Təntənəli yığıncaq Dənizçilərin Mədəniyyət Evində davam etdirilmişdir.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamı oxunmuşdur.

Yığıncaqda DXDG-nin rəisi Aydın Bəşirov gəmiçiliyin tarixiinkişaf yolu barədə məlumat vermişdir. Bildirmişdir ki, 155 illik tarixə malik olan gəmiçiliyin respublika iqtisadiyyatının inkişafında xüsusi xidmətləri və çəkisi vardır. Eyni zamanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin  təşəbbüsü ilə 1998-ci ildən etibarən dənizçilərin peşə bayramı qeyd olunur. Bu, ulu öndər Heydər Əliyevin Xəzər dənizçilərinin əməyinə hörmətinin ifadəsidir. Prezident İlham Əliyev də dəniz nəqliyyatına həmişə böyük diqqətlə yanaşır, öz dəyərli məsləhətlərini verir.

Ötən ilin iqtisadi  göstəricilərindən söz açan A.Bəşirov DXDG-nin qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirdiyini vurğulamışdır.      Gəmiçiliyin rəisi bildirmişdir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə olduğu kimi, bu gün də dəniz nəqliyyatı respublika iqtisadiyyatının strateji sahəsi olaraq qalır. Ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü layihələr dəniz nəqliyyatının inkişafına da təkan verir, bu sahədə geniş perspektivlər açır. DXDG ölkə büdcəsini formalaşdıran 9 iri vergi ödəyicisindən biridir. Təsadüfi deyildir ki, gəmiçilik cari ilin birinci yarısında struktur vahidləri ilə birlikdə ölkə büdcəsinə və sosial müdafiə fonduna ödəmələri vaxtında yerinə yetirmişdir.

Aydın Bəşirov demişdir ki, bundan əlavə ötən il nəqliyyat donanmamızın yenilənməsi istiqamətində də mühüm işlər görülmüşdür. Noyabrın 13-də Xorvatiyanın Ulyanik tərsanəsində inşa edilmiş "Bərdə" və "Balakən" gəmiləri Bakıya gətirilmiş, həmçinin "Paris kommunası" adına gəmi təmiri zavoduİlham Allahverdiyev adına gəmiqayırma-gəmi təmiri zavodunun bir hissəsi sökülərək, əvəzində Zığ şosesi yaxınlığında yeni müəssisə inşa edilmişdir. Gəmiçiliyin öz qüvvəsi və dövlət vəsaiti hesabına yaradılan "Gəmi Təmiri və Gəmiqayırma" İstehsalat Birliyinin fəaliyyətə başlaması da gəmi təmirçilərinin qarşısında yeni vəzifələr qoymuşdur. Hazırda "Zakfederasiya" adına gəmi təmiri zavodu da köçürülməkdədir.

Rusiyanın Nijni-Novqorod vilayətinin Qorodets şəhərindəki Gəmi Təmiri və Gəmiqayırma Korporasiyası ilə imzalanmış müqaviləyə əsasən inşa olunan üzən dokun birinci bloku ötən il noyabrın 30-da suya buraxılmışdır. Bu il mayın 28-də ikinci dok suya salınmışdır. Yaxın günlərdə onların da Bakıya gətiriləcəyi gözlənilir. Ümumilikdə 6 blokdan ibarət olan 160 metrlik üzən dokun burada yığılacağı və istifadəyə veriləcəyi planlaşdırılır. Yeni dok gəmi təmirini sürətləndirmək, keyfiyyəti artırmaq üçün mühüm vasitə olacaqdır. Bundan əlavə, bu yaxınlarda Türkiyənin Terme tərsanəsində inşa olunmuş "Kapitan Ağasiyev" yedək gəmisinin Bakıya gətiriləcəyi və donanmamızın işinə böyük töhfə verəcəyi gözlənilir.

Prezident İlham Əliyevin sərəncamı ilə Xəzər Dəniz Gəmiçiliyinin yaranmasının 155 illiyi münasibətilə 15 nəfər dəniz nəqliyyatı işçisinin səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilməsini bütün dənizçilərə göstərilən dövlət qayğısının əyani təzahürü olduğunu deyən A.Bəşirov qeyd etmişdir ki, Azərbaycanın bugünkü sürətli inkişafı, dünya ölkələri arasında söz-nüfuz sahibi olması məhz dövlət başçısının adı ilə bağlıdır. Biz dənizçilər daim dövlət başçısını dəstəkləyir və qarşıdan gələn prezident seçkilərində də ona səs verəcəyik.

Vurğulanmışdır ki, zəngin təcrübəyə, peşəkarlığa əsaslanan DXDG-nin kollektivi ötən dövr ərzində müsbət nəticələr qazanmağa nail olmuşdur. Bundan sonra da gəmiçilər dəniz nəqliyyatının səmərəli inkişaf etdirilməsi, bütövlükdə respublika nəqliyyatının iqtisadi tərəqqisi naminə öz bilik və bacarıqlarını əsirgəməyəcəklər.

Sonra səmərəli əmək fəaliyyətinə görə bir qrup dənizçi "Dəniz donanmasının fəxri işçisi" adı ilə təltif edilmişdir.

Yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Tədbir bədii proqramla davam etdirilmişdir.

 

Azərbaycan.-2013.- 7 iyul.- S.7.