Milli Məclisdə Azərbaycan ilə ATƏT arasında münasibətlərin perspektivləri müzakirə edilmişdir

 

İyulun 8-də Milli Məclisin Sədri Oqtay Əsədov ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Milli Məclisin Sədri qonağı salamlayaraq ona ATƏT kimi nüfuzlu quruma sədrlik dövründəki fəaliyyətində uğurlar arzulamışdır. Bildirmişdir ki, müstəqil Azərbaycan dövləti beynəlxalq təşkilatlarla əlaqələrin inkişafına böyük önəm verir. Deputatlarımız ATƏT-in tədbirlərində mütəmadi iştirak edir, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirirlər.

O.Əsədov vurğulamışdır ki, ölkəmizin ATƏT ilə yaxından əməkdaşlığının əsas səbəblərindən biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Bu qurum çərçivəsində yaradılmış Minsk qrupu problemin həlli ilə məşğuldur. Münaqişə ilə bağlı BMT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq təşkilatların qətnamələri təəssüf ki, kağız üzərində qalmışdır. Biz problemin tezliklə, beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. İnanırıq ki, beynəlxalq birliyin səyi nəticəsində Ermənistan işğalçılıq siyasətindən əl çəkəcək, problem öz məntiqi həllini tapacaqdır.

Görüşdə Azərbaycan-Ukrayna münasibətlərindən söz açan spiker əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulamışdır.

Qeyd olunmuşdur ki, münasibətlərimizin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar böyük rol oynamışdır. Bugünədək ölkələrimiz arasında əlaqələrin hüquqi bazasını təşkil edən 120-dək  sənəd imzalanmışdır.

O.Əsədov diqqətə çatdırmışdır ki, dinamik inkişaf edən siyasi münasibətlərimiz iqtisadi sahəyə də öz müsbət təsirini göstərmişdir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 625 milyon ABŞ dolları həcmində olduğu halda, cari ilin birinci rübünün yekunları bu sahədə də müsbət dinamikanın mövcudluğunu göstərir. Bu gün ölkələrimiz arasında həyatın bütün sahələrində əməkdaşlıq üçün geniş imkanlar vardır.

Sədr dövlətlərarası münasibətlər sistemində parlamentlərin roluna diqqəti cəlb edərək hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir etmişdir. Nəzərə çatdırılmışdır ki, deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda tez-tez fikir mübadiləsi aparır, prinsipial məsələlərdə vahid mövqedən çıxış edirlər. Spiker GUAM və Avronest Parlament Assambleyası çərçivəsində əlaqələrimizi də əhəmiyyətli hesab etmişdir.

Səmimi görüş üçün minnətdarlığını bildirən Leonid Kojara ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu söyləmiş, Azərbaycandakı inkişafın və yeniləşən Bakının onda xoş təəssürat yaratdığını xüsusilə vurğulamışdır.

Qonaq ATƏT-in fəaliyyətdə olan sədri kimi Azərbaycana səfərinin məqsədini açıqlayaraq təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirmişdir.

L.Kojara demişdir ki, ATƏT-ə sədrlik dövründə o, qurumun fəaliyyətinin gücləndirilməsi istiqamətində real addımlar atmaq niyyətindədir.

Görüşdə Dağlıq Qarabağ münaqişəsindən söz açan L.Kojara problemin beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün səylərini əsirgəməyəcəyini vurğulamışdır.

Söhbətdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, parlamentlər səviyyəsində münasibətlərin genişləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 9 iyul.- S.3.