Musa ÇİLİYEV: Azərbaycan ilə İnquşetiya arasında əlaqələr yüksələn xətlə inkişaf edir

 

İyulun 8-də Azərbaycan Respublikası Baş nazirin müavini Abid Şərifov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının İnquşetiya Respublikası hökumətinin başçısı Musa Çiliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Baş nazirin müavini A.Şərifov Azərbaycan ilə İnquşetiya arasında münasibətlərin yüksələn xətlə inkişafından məmnunluğunu bildirmişdir. Qeyd edilmişdir ki, xalqlarımız tarix boyu dostluq münasibətlərini qoruyub saxlamışlar. Bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunmuşdur.

Səfər çərçivəsində Azərbaycan ilə İnquşetiya arasında bir sıra maraq doğuran məsələlərin müzakirə ediləcəyini deyən A.Şərifov keçiriləcək görüşlərin məhsuldar olacağına əminliyini bildirmişdir.

Azərbaycana səfərindən məmnunluğunu bildirən M.Çiliyev ölkəmizin dinamik inkişafını yüksək qiymətləndirmişdir. Azərbaycan ilə İnquşetiya arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayan qonaq Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətinin ölkələrimiz arasında dostluq əlaqələrinin daha da genişlənməsinə töhfə verdiyini demişdir.

İnquşetiyanın inkişaf tarixindən danışan M.Çiliyev respublikasının qonşu ölkələrlə müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamışdır. Qonaq bildirmişdir ki, İnquşetiya Respublikası Azərbaycan Respublikası ilə mədəniyyət, incəsənət, idman və digər sahələrdə əməkdaşlığa böyük əhəmiyyət verir.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 9 iyul.- S.3.