Azərbaycan mədəniyyəti günlərinin növbəti tədbirləri də kannlılarda böyük maraq doğurmuşdur

 

İyulun 6-da  Fransanın Kann şəhərindəki Festivallar sarayında Azərbaycan mədəniyyəti günləri çərçivəsində növbəti mərasim təşkil olunmuşdur.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşan mərasimdə iştirak etmişlər.

Mərasimə gələn qonaqlar əvvəlcə Azərbaycana həsr edilən fotosərgi ilə tanış olmuşlar. Sərgi Azərbaycan xalqının qədim adət-ənənələrini, onun dünəni və bu gününü təqdim edir. Əsas məqsəd isə Azərbaycanın mədəni dəyərlərini və zənginliyini olduğu kimi Avropa tamaşaçısına çatdırmaqdır. Burada nümayiş edilən hər bir foto özlüyündə bir sənət əsəri olmaqla Azərbaycanda inkişaf proseslərini dolğun şəkildə canlandırır.

Mərasimdə çıxış edən Kann şəhərinin meri Bernar BROŞAN burada keçirilən Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətinə toxunmuş və Heydər Əliyev Fondunun bu layihəsinin Fransa ilə Azərbaycan arasında əlaqələrin inkişafına xidmət etdiyini bildirmişdir.

"Azərbaycan demokratik, dünyəvi dövlətdir", - deyən Bernar Broşan ölkəmizin özünəməxsus mədəniyyətinin olduğunu və bugünkü tədbirin də bunu bir daha təsdiqlədiyini qeyd etmişdir. Mer  Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bu tədbirin təşkilinə verdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir.

 

Mərasimdə çıxış edən Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA demişdir:

 

- Hörmətli cənab mer!

 

Hörmətli xanımlar və cənablar!

 

Əziz dostlar!

 

Dünyanın ən gözəl şəhərlərindən biri olan Kannda ölkəmi - Azərbaycanı təqdim etmək mənim üçün çox xoşdur və şərəflidir.

 

Biz Azərbaycan mədəniyyəti günlərini Fransanın bir çox regionlarında və şəhərlərində keçirdik. Lakin bu sırada Kann şəhəri xüsusi yer tutur. Kann şəhəri dünyanın ən nüfuzlu mədəniyyət mərkəzlərindən biridir və ilboyu burada beynəlxalq festivallar, sərgilər, görüşlər və konsertlər keçirilir. Şəhər özü həm təbiəti, həm də tarixi və memarlığı ilə nadir bir mədəni abidədir. Mən çox şadam ki, belə bir şəhərdə Azərbaycan mədəniyyəti günləri keçirilir və bu tədbirin hazırlanmasında əməyi olan hər bir şəxsə, xüsusilə Kann şəhərinin meri cənab Broşana və Heydər Əliyev Fondunun əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.

Əziz dostlar, Fransa ilə Azərbaycan arasında əlaqələr müxtəlif sahələri əhatə edir və ildən-ilə möhkəmlənir. Paris ilə Bakı arasında  siyasi, iqtisadi, elmi və mədəni sahələrdə möhkəm əməkdaşlıq yaranmışdır. Ölkələrimiz həm ikitərəfli, həm də Avropa Şurası, ATƏT və BMT kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Fransa Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir və ölkəmizdə 30-dan artıq fransız şirkəti fəaliyyət göstərir. İqtisadi əməkdaşlığımız enerji sektoru, telekommunikasiya, nəqliyyat, şəhərsalma, yüngül  sənaye və şərabçılıq sahələrini əhatə edir. Bu ilin fevralında Azərbaycanın ilk peyki "Azerspace-1" orbitə məhz fransız şirkəti olan "Arian" vasitəsilə çıxarılmışdır. Bu sahədə əməkdaşlıq gələcəkdə də davam edəcəkdir.

Humanitar sahədə olan irəliləyiş məni çox şad etmişdir. Ona görə ki, indi məhz humanitar ideyalar, məhz mədəniyyət insanları biri-birinə daha yaxın edən ən ülvi və ən yaxşı bir vasitədir. Yüzlərlə azərbaycanlı tələbə Fransanın aparıcı ali məktəblərində təhsil alır, Fransa institutlarında Azərbaycan dili və tarixi tədris olunur, Bakıda ilk  fransız liseyi inşa edilir. 

Bakıda və Parisdə ölkələrimizi tanıdan müxtəlif sərgilər, konsertlər və digər tədbirlər keçirilir. Heç təsadüfi deyildir ki, Fransanın ən məşhur muzeyləri olan Luvr, Orsey, Pompidu mərkəzi, Versal sarayının eksponatlarından ibarət "Plaisir de France"  sərgisinin ilk dünya turnesi məhz Bakıdan başlamışdır. Azərbaycan dövləti Luvr muzeyinin İslam Mədəniyyəti Departamentinin yaradılmasında, Versal sarayındakı abidənin, Strasburqdakı katedral kilsənin, Fransanın müxtəlif regionlarında, o cümlədən Normandiyada olan tarixi abidələrin bərpasında iştirak etmişdir.

Mən əminəm ki, bütün bu mədəni layihələr bütün insanları, bütün ölkələri daha yaxın, daha dost edir. Biz müstəqil ölkə kimi çox gəncik. İyirmi iki il bundan əvvəl Azərbaycan müstəqilliyini bərpa etmişdir. Lakin Azərbaycanın çox qədim tarixi vardır. Əsrlər boyu Azərbaycan Şərq və Qərb, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynamış və bu tarixi proseslər ölkəmizin mədəni irsində və xalqımızın formalaşmasında öz silinməz izlərini qoymuşdur.

Bu günmüasir Azərbaycan özündə Qərb və Şərq dəyərlərini cəmləşdirmiş və Azərbaycan xalqı tolerantlıq, sülhsevərlik və qonaqpərvərlik ənənələrinə sadiqdir. Müstəqil Azərbaycan bu gün müasir, sürətlə inkişaf edən azaddünyaya açıq bir ölkədir. Çox ümidvaram ki, bu müddət ərzində Azərbaycan, ölkəmizin tarixi və mədəniyyəti ilə tanış olursunuz, olacaqsınız və ölkəmizə maraq göstərəcəksiniz. Mən fürsətdən istifadə edərək hamınızı Azərbaycana dəvət edirəm.

Sonda, əziz dostlar, mən bir məsələni qeyd etmək istəyirəm ki,  şəhərin meri cənab Broşanın qərarı ilə mən Kann şəhərinin fəxri vətəndaşı adına layiq görülmüşəm. Mən fürsətdən istifadə edərək gözəl və təkrarolunmaz şəhərinizin yeni bir vətəndaşı kimi sizə dərin hörmət və məhəbbətimi çatdırıram. Bir daha bizim ölkəmizə göstərdiyiniz maraq və diqqətə görə sizə dərin minnətdarlığımı bildirirəm və xoş axşam arzulayıram.

 

 

Diqqətinizə görə təşəkkür edirəm.

 

* * *

 

Sonra əməkdar artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olmuşdur.

 

Bu gün Fransanın gündəmində yenə də Azərbaycan vardır. Azərbaycan mədəniyyətinin Kann şəhərində Fransa ictimaiyyətinə və buraya gələn çoxsaylı qonaqlara yüksək səviyyədə təqdim edilməsi ilk növbədə, ölkəmizin malik olduğu mədəni zənginliyi göstərmişdir.

 

Bu maraqlı konsert proqramı özlüyündə təsdiq etmişdir  ki, bu gün Azərbaycan mədəniyyətinin nadir incilərinin sorağı mötəbər mərasimlərdən gəlir. Bu da ilk növbədə, Azərbaycan dövlətinin mədəni irsimizə olan münasibətinin nəticəsidir. Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliğində oynadığı rol da əvəzolunmazdır.

 

Caz konsertindən sonra Kannda təqdim olunan klassik musiqimiz Azərbaycanın zəngin musiqi xəzinəsinə malik olduğunu bir daha nümayiş etdirmişdir.

 

Azərbaycan mədəniyyəti günlərinin Fransanın Kann şəhərində keçirilməsi bu ölkənin ictimai dairələrində Azərbaycan haqqında informasiya bolluğu yaratmaq baxımından da misilsiz rol oynamışdır. Bu missiyanı isə öz orijinal layihələri ilə Azərbaycanın ictimai-mədəni həyatında mühüm rol oynayan Heydər Əliyev Fondu uğurla həyata keçirir.

 

Konsertdən alınan təəssüratlar kifayət qədər zəngin olmuş və Kann tamaşaçısında heç vaxt unudulmayacaq xatirəyə çevrilmişdir. Bu xatirənin təməlində isə Azərbaycan və onun zəngin mədəniyyəti dayanmışdır.

 

Konsertdən sonra qonaqlara zəngin Azərbaycan mətbəxinin nümunələri təqdim olunmuşdur.

 

 

 

Əsgər ƏLİYEV,

 

AzərTAc-ın xüsusi müxbiri

 

 

 

Kann

 

Azərbaycan.-2013.- 9 iyul.- S.4.