Bakıda «Qafqazda münaqişələr: tarix, bu gün və həll perspektivləri» mövzusunda Beynəlxalq konfrans başlamışdır

 

İyulun 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Qafqaz Strateji Araşdırmaları Mərkəzinin təşkilatçılığı,  Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondubu ölkədəki Qafqaz İnkişaf Fondunun dəstəyi ilə "Qafqazda münaqişələr: tarix, bu gün və həll perspektivləri" mövzusunda Beynəlxalq konfrans başlamışdır.

AzərTAc xəbər verir ki, tədbirdə 20-dən çox ölkədən 60-dan  artıq rəsmi nümayəndə, diplomat, alim və tədqiqatçı iştirak edir.

Konfransın plenar iclasında Azərbaycan  Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxış edərək bildirmişdir ki, Cənubi Qafqaz artıq iyirmi ildən artıqdır  separatçılığın və münaqişələrin baş verdiyi bir məkana çevrilmişdir. Nəticə etibarilə bu münaqişələr Cənubi Qafqazın sosial-iqtisadi və siyasi inkişafına, inteqrasiya imkanlarına çox böyük zərbə vurmuşdur. Bunun nəticəsi olaraq həm Azərbaycan, həm Gürcüstan, həm də təbii ki, Ermənistan daha böyük iqtisadi imkanlardan məhrum olmuşlar, insanların həyatında bu və ya digər faciələr baş vermişdir. Münaqişədə hər bir tərəf  müəyyən itkilərlə üzləşmişdir. Ümid edirəm ki, bu gün konfransda münaqişələrin mahiyyəti müzakirə olunarkən bir sıra vacib amillərə xüsusi diqqət yetiriləcəkdir.

Elnur Aslanov Azərbaycanın artıq 20 ildən artıqdır ki, Ermənistanın işğalına məruz qaldığını xüsusi vurğulamışdır. Bildirmişdir ki, bir müddət əvvəl BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ilk qətnaməsinin 20 illiyini qeyd etdik. Çox təəssüflər olsun ki, bu dövr ərzində BMT-nin qətnamələri Ermənistan tərəfindən yerinə yetirilməmiş qalır. İyirmi ildən artıqdır ki, BMT  Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi haqqında qərarı və qətnaməsi həyata keçirilmir. Bu, Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə, beynəlxalq hüquqa, ədalətə və ümumilikdə, bölgədəki siyasətə olan  münasibətidir. Çox təəssüf ki, bu siyasət Cənubi Qafqazın inkişafına deyil, onun sosial-iqtisadi tənəzzülünə səbəb olan amillərdən birinə çevrilə bilər.

Prezident Administrasiyasının rəsmisi vurğulamışdır ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan iyirmi ildə əsrlərə bərabər bir inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən böyükdür. Bu gün Azərbaycan demoqrafik inkişafı olan, demokratik təsisatları fəaliyyət göstərən, iqtisadi inkişafı ilə seçilən, sosial-iqtisadi sabitliyi ilə bölgədə öz  yerini tutan bir dövlətdir. Təəssüf ki, biz bunları regionun digər dövlətlərində müşahidə edə bilmirik. Bu gün Ermənistanın iqtisadi vəziyyəti onunla səciyyələnir ki, ölkəni ildə yüz minədək adam tərk edir. Ermənistanın bugünkü iqtisadi vəziyyəti ötən əsrin 90-cı illərindəki iqtisadi vəziyyətlə üst-üstə düşür və bu da bilavasitə həmin dövlətin rəhbərlərinin münaqişə ilə bağlı yürütdükləri qeyri-konstruktiv siyasətin nəticəsidir. Bu vəziyyət o zaman sona çata bilər ki, Ermənistan işğal etdiyi  Azərbaycan ərazilərindən qoşunlarını çıxarsın, siyasətini bölgədə sülhün,  əmin-amanlığın bərqərar olmasına yönəltsin. Əgər Ermənistan bu gün danışıqlar masasındakı təkliflərlə razılaşsaydı və sülhə çağırışları status-kvonun uzadılması kimi başa düşməsəydi, təbii ki, vəziyyət dəyişərdi.

Lakin çox təəssüflər olsun ki, bəzən Minsk qrupu həmsədrlərinin və digər dövlətlərin təmsilçilərinin  və rəhbərlərinin sülhə çağırış bəyanatları Ermənistan tərəfindən  fərqli şəkildə qəbul olunur. Ermənistan bu məsələni status-kvonun uzadılması, mövcud vəziyyətin davam etdirilməsi kimi yozmağa çalışır. Həmin ölkədə sülhə çağırışları  Azərbaycanın  başqa variantlara əl atmayacağı kimi başa düşürlər.

Halbuki beynəlxalq hüquq və   prinsiplər  işğal olunmuş ərazilərimizin qaytarılması üçün bizə digər  yollardan istifadə etmək  imkanı verir. Ölkədə baş verən son hadisələri nəzərə alsaq, Ermənistanın bugünkü siyasəti dövlət terrorizmi siyasətinə bənzəyir. Bir neçə gün əvvəl Moldova ombudsmanının Ermənistanda  üzləşdiyi dəhşətli vəziyyət bu ölkədə ədalətə, haqq sözə   hansı münasibətin göstərildiyinin bariz nümunəsidir. Ermənistan bununla öz çirkin simasını bir daha göstərmiş, bu hadisə işğalçı ölkədə təqib və təzyiq siyasətinin həyata keçirildiyini bir daha sübut etmişdir. Zənnimcə, müvafiq Avropa təsisatları bu məsələyə münasibətdə susmamalı və insan hüquqlarının onlar üçün dəyərli olduğunu əməli fəaliyyətləri ilə göstərməlidirlər.

Elnur Aslanov vurğulamışdır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan bu gün bölgədə ədalətli siyasətin həyata keçirilməsinin tərəfdarıdır.  İstər Dağlıq Qarabağın, istərsə də müasir Ermənistanda olan toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir. Bu da Azərbaycanın heç kimin torpaqlarına göz dikmədiyini düşünməyə zəmin yaradır. Məqsədyönlü şəkildə həyata keçirdiyimiz siyasət  doğma torpaqlarımızın,  tarixi yerlərimizin Azərbaycana qaytarılmasından ibarətdir. Bölgədə həyata keçirdiyimiz siyasət ədalət prinsipi üzərində qurulmuşdur. Bu prinsip isə bugünkü Ermənistan rəhbərliyi tərəfindən tamamilə inkar edilir.

Prezident Administrasiyasının şöbə müdiri demişdir ki, konfransda Gürcüstanda mövcud olan münaqişələrin də müzakirə edilməsi mühüm əhəmiyyət daşıyır. Lakin  təəssüflər olsun ki, bir neçə gün əvvəl ATƏT-in Parlament Assambleyasında insan hüquqları ilə bağlı yayılmış bəyanatda Cənubi Qafqazda qaçqınlar haqqında bölmədə yalnız Gürcüstandakı qaçqın və məcburi köçkünlər barəsində fikirlər yer almışdır. Mən Gürcüstanın problemlərinə bu münasibəti yüksək dəyərləndirirəm. Amma eyni zamanda, Azərbaycanın qaçqın və məcburi köçkünləri ilə bağlı bu cür yüksək təsisatlar tərəfindən mövqe bildirilməyəndə, bu, bizim haqlı  suallarımıza və iradlarımıza səbəb olur. Konfransın işinə uğurlar diləyirəm. Əminəm ki, buradakı  müzakirələr ədalətli olacaq və  bütün vacib mövzuları əhatə edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov konfransın əhəmiyyətindən danışaraq bildirmişdir ki,  tədbirdə iki gün ərzində  regiondakı münaqişələrlə bağlı dəyərli fikirlər səsləndiriləcək, bir sıra vacib məsələlər müzakirə olunacaqdır.

İki il əvvəl Azərbaycan, Gürcüstan və Ermənistan təmsilçilərinin iştirakı ilə Bakıda regionun problemlərinə həsr olunan mühüm konfransın keçirildiyini diqqətə çatdıran F.Məmmədov demişdir ki, artıq bu gün Cənubi Qafqaz ölkələri rasional şəkildə öz maraqlarını gözdən keçirməyə başlamışlar. Azərbaycan və Gürcüstan bir sıra birgə iqtisadi layihələr həyata keçirirlər. Bu layihələr vasitəsilə bir çox  problemləri  həll etmək mümkündür. Təəssüf ki, bunu Ermənistan haqqında söyləmək  mümkün deyildir. Regionda həyata keçirilən layihələrdən kənarda qalan Ermənistan bununla özünün iqtisadi vəziyyətini, eyni zamanda, Dağlıq Qarabağ probleminin həllini çətinləşdirmişdir.

SAM-ın direktoru diqqətə çatdırmışdır ki, Qafqazda baş verən münaqişələrin nəticələri beynəlxalq hüquqa ziddir. Xüsusilə Ermənistanın səbəb olduğu münaqişələr bütövlükdə Cənubi Qafqaz regionunda sülhüsabitliyi təhdid edir. Əminəm ki, Bakıda və daha sonra Tbilisidə öz işini davam etdirən konfransda buya digər məsələlər ətrafında geniş, hərtərəfli müzakirələr aparılacaqdır.

Cənubi Qafqaz Regional Təhlükəsizlik İnstitutunun direktoru Aleksandr Rusetski, "Qafqazqloballaşma" jurnalının baş redaktoru, professor Nazim Müzəffərli Qafqazda ölkələrarası münasibətlərdən, regionda baş verən münaqişələrin səbəbləri və onların aradan qaldırılması istiqamətində fəaliyyətlərdən danışmışlar. Bildirilmişdir ki, regiondakı münaqişələr qarşılıqlı anlaşma şəraitində, region dövlətlərinin maraqları nəzərə alınmaqla həll olunmalıdır.

Daha sonra konfrans işini dörd panel üzrə davam etdirmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri İradə Bağırovanın moderatorluğu ilə keçirilən "Regional münaqişələrin tarixi zəminləri" mövzusunda birinci paneldə Azərbaycan, Türkiyə və Rusiya mütəxəssisləri mövzuya dair məruzələrlə çıxış etmişlər.  

"Regional münaqişələrdə təhlükəsizlik və geosiyasət məqamları" mövzusunda ikinci panel SAM-ın şöbə müdiri Rövşən İbrahimovun moderatorluğu ilə keçirilmişdir. Bu bölmədə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahimin "Ermənistan-Azərbaycan münaqişəsi və Avratlantik təhlükəsizlik", Aleksandr Rusetskinin "Qafqazda psevdo-münaqişələr və kvazi-sülhməramlılıq", politoloq Fikrət Sadıqovun "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geosiyasi və hüquqi kökləri", rusiyalı ekspert Andrey Zaxarovun "Görünməz suverenlik: Qafqazda və ətrafında federalizm problemləri", SAM direktorunun müavini Gülşən Paşayevanın "Muxtariyyətin Avropa modelləri və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları" mövzularında məruzələri dinlənilmişdir.

Sonra ABŞ-ın Yuta Universitetinin professoru Hakan Yavuzun moderatorluğu ilə "Regional münaqişələrin dinamikasında etnik və dini amillər", "Qafqaz və qloballaşma" jurnalının baş redaktoru, professor Nazim Müzəffərlinin moderatorluğu ilə "Regional münaqişələrin iqtisadiyyatı" mövzularında üçüncü və dördüncü   panellər olmuşdur. Bu panellərdə Azərbaycan ilə yanaşı, Rusiya və Ukrayna mütəxəssisləri məruzələrlə çıxış etmişlər.

İclaslarda dinlənilən məruzələr ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

İyulun 9-da tədbir iştirakçıları Azərbaycanın Qəbələ rayonuna səfər edəcəklər.

İyulun 10-11-də isə beynəlxalq konfrans işini Gürcüstanın paytaxtı Tbilisi şəhərində davam etdirəcəkdir.

 

Azərbaycan.-2013.- 9 iyul.- S.6.