«İpək Yolu» IV Beynəlxalq musiqi festivalı uğurla başa çatdı

 

Tarixi mənbələrə görə 2700 ilə yaxın yaşı olan dağlar diyarı Şəki planetimizin şimal yarım kürəsində, subtropik qurşağın sərhədində, Baş Qafqaz sıra dağlarının cənub ətəklərinin Qanıq-Əyriçay dərəsi ilə birləşdiyi yerdə, təlatümlü selləri ilə məşhur olan Kiş çayının sol sahilində yerləşir. 1772-ci ildə Kiş çayından gələn güclü sel Şəkinin bir hissəsini dağıtmış, o vaxtdan şəhər bir qədər şərqə çəkilmiş, Nuxa deyilən ərazidə inkişaf etməyə başlamışdır. 1968-ci ildən isə şəhərin qədim adı bərpa olunaraq Şəki adlandırılmışdır.

Tarix boyu Şəkini tanıtdıran, məşhurlaşdıran onun füsunkar təbii gözəllikləri ilə yanaşı, həm də adı dillər əzbərinə çevrilmiş sənətkarları olub. Memarlıq, daşoyma və taxtaoyma, dulusçuluq, dəmirçilik, misgərlik, zərgərlik, ipəkçilik, papaqçılıq, nalbəndlik, şəbəkəçilik sənəti ilə Şəkinin şan-şöhrəti hüdudlar aşıb, çox ellərə, çox ölkələrə yayılıb. Elə Şəkinin ləziz-ləziz yeməkləri, pitisi, halvası, növbənöv şirniyyatı da bu məkanı az tanıtdırmayıb.

Şəki inkişaf etdikcə yeni həyata uyğun bir çox yeni sənət sahələri də yaranıb və bu sahələrin bir çoxu indi də uğurla yaşamaqdadır.

Ölkəmizdə bütün sahələr kimi, mədəni irsin qorunub saxlanmasına, xalqımızın zəngin mədəniyyətinin təbliğinə dövlət səviyyəsində yüksək qayğı göstərilir. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları mədəni irsin qorunub saxlanılması baxımından böyük əhəmiyyətə malikdir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da bu sahənin inkişafı, tanıdılması ilə bağlı fədakar fəaliyyəti  qeyd edilməlidir.

2007-ci ildə ilk dəfə olaraq Şəkidə "Sənətkarlar günü" bayramı keçirilib. Tarixən mövcud olan sənət sahələrinin qorunub saxlanılması, yaddan çıxmaqda olan bir çox sənət növlərinin bərpa edilməsi, həmçinin turizmin inkişafı baxımından belə tədbirlərin əhəmiyyəti böyükdür. Adətən bayram tədbirləri mədəni irsimizin təbliği ilə yanaşı, ölkələr arasında (yada salsaq ki, belə tədbirlərdə xarici ölkə nümayəndələri, o cümlədən səfirlər də iştirak edir) sülh, dostluq və qardaşlıq münasibətlərinin inkişafına da müsbət təsir edir.

2010-cu ildə isə Şəki Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən Azərbaycanın sənətkarlıq paytaxtı elan olundu. Bununla əlaqədar il boyunca keçirilən tədbirlər də bu qədim diyarın sənətkarlıq xüsusiyyətlərinin tanıdılmasında, o cümlədən turistlərin Şəkiyə marağının artmasında mühüm rol oynadı.

Bəli, istər qədimdə, istərsə də indi Şəki gələn qonaqları heyran etməkdə davam edir. Dövlətin və Prezident İlham Əliyevin yüksək diqqəti və qayğısı sayəsində indi Şəki qədim şəhərsalma mədəniyyətini özündə qoruyub saxlamaqla daha da inkişaf edib. Şəhərdəki nadir tarixi memarlıq abidələri müasir və milli infrastruktur fonunda çox möhtəşəm görünür - millilik və müasirlik quruculuq işlərinin başlıca istiqamətidir.

İllər ötdükcə Şəkidə keçirilən beynəlxalq tədbirlərin də sayı artır. Bu isə həm şəhər rəhbərliyindən, həm də şəkililərdən yüksək qonaqpərvərlik, diqqət tələb edir. Təqdirəlayiq haldır ki, qonaqlar, iştirakçılar çox yüksək səviyyədə qarşılanır və tədbirlər unudulmaz və şirin bir xatirəyə dönür. Şəkidə keçirilən "İpək Yolu" IV beynəlxalq musiqi festivalının iştirakçıları da razılıqlarını bildirir, heyranlıqlarını gizlətmirlər. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 28-dən iyulun 4-dək keçirilən festival bir daha sübut etdi ki, bu qədim gözəlliklər yurdunun beynəlxalq tədbirlərin keçirilməsi üçün yüksək ənənəsi var.

Onu da qeyd etmək lazımdır ki, festivalda iştirak edən sənətkarlar bütün dünyanı gəzən, hər şeyə qiymət verməyi bacaran insanlardır və onların Şəki və ölkəmiz haqqında məhəbbətlə danışmaları çox sevindirici idi. Elə Azərbaycan Respublikasının Rusiyadakı səfiri, MDB-nin üzvü olan ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlunun fikirləri də maraqlıdır: "Mən Azərbaycanın Rusiyadakı səfiri olaraq çox sevinirəm. Bir musiqiçi olaraq da fəxr edirəm ki, Azərbaycanda belə gözəl festivallar keçirilir. Elə bir həftə yoxdur ki, Azərbaycanda böyük bir beynəlxalq tədbir keçirilməsin. Ən vacibi isə odur ki, bu tədbirlər yalnız paytaxtda deyil, artıq Şəkidə də, Qəbələdə də keçirilir. Bu şəhərlərdə belə tədbirlərin keçirilməsi üçün hər cür şərait, lazımi infrastruktur vardır".

İyunun 29-da "İpək Yolu" IV Beynəlxalq musiqi festivalının açılışı mərasiminin XIX əsrə aid tarixi-memarlıq abidəsi olan "Aşağı Karvansara" kompleksində keçirilməsi, həmçinin festival boyunca konsertlərin tarixi memarlıq abidələri önündə təqdim olunması böyük əhəmiyyətə malikdir. Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin təbirincə desək, bu festivallar həm də xalqımıza xas olan zəngin tarixi mədəni irsi təbliğ etməyə imkan yaradır.

Festivalın çəkisinə gəlincə, dünyanın 10-dan çox ölkəsinin məşhur musiqi kollektivlərinin iştirakını xatırlatmaq kifayətdir. Janr etibarı ilə də çox zəngin olan festivalda Amerika Birləşmiş Ştatlarından gəlmiş "Filligar" rok qrupu, Türkiyənin üç böyük kollektivi-"Axşam səfası" TRT orkestri və solistləri, Konya və Giresun şəhərlərinin rəqs qrupları, Koreya Respublikasını təmsil edən musiqi kollektivi və Azərbaycanın sənət ustaları tamaşaçılara gözəl axşamlar, unudulmaz təəssüratlar bəxş etdilər.

ABŞ Dövlət Departamentinin "Amerikanın mədəni elçiləri" proqramı çərçivəsində festivala qatılmış "Filligar" rok qrupunun rəhbəri Con Matiasın dediklərindən: "Bu, bizim Şəkiyə, ümumiyyətlə, Azərbaycana ilk səfərimizdir. Qrupun bütün üzvləri adından deyə bilərəm ki, Şəki çox gözəl şəhərdir. Biz artıq Şəki xanlarının sarayını ziyarət etdik, milli mətbəxinizin ləziz nümunələrindən olan piti yedik. Şəki çox gözəl məkandır. Onu da qeyd etmək istəyirəm ki, ölkələr arasında mədəni əlaqələr olduqca vacibdir. Azərbaycana səyahət etmək, burada musiqini dinləmək, eyni zamanda öz ifamızı göstərmək imkanından çox səmərəli istifadə etdik".

Böyük sənətkar Qara Qarayevin "Yeddi gözəl" baletinin Şəki tamaşaçıları qarşısında canlı oynanılması isə festivalın bəzəyi oldu. Festivaldan xoş duyğularla ayrılan əcnəbi qonaqlar yəqin ki, "Sarı gəlin", "Əziz dost", "Sən gəlməz oldun" və digər Azərbaycan mahnılarının ovsunundan uzun müddət çıxa bilməyəcəklər. Tanınmış sənətkarlarımız Alim Qasımov və qızı Fərqanə Qasımova, həmçinin Mələkxanım Əyyubova və digər ifaçılarımız Azərbaycan musiqisi adına unudulmaz təəssürat yaratdılar.

Festivalda "Axşam səfası" proqramı ilə iştirak edən TRT kanalının prodüseri Muhsin Yıldırım da ürək sözlərini bizimlə bölüşdü: "Kollektivimizin üzvləri Şəkini çox bəyəndilər. İnsanların isti münasibətinə görə özümüzü evdəki kimi his edirik. Festivalın təşkilatçılarını təbrik edirik, çox gözəl festival idi. Belə festivallar insanlar arasında dostluğu, qardaşlığı və ünsiyyəti daha da genişləndirir".

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov festivalda çox fəal iştirak etdiklərinə görə təşkilatçılar adından qardaş Türkiyə təmsilçilərinə minnətdarlığını bildirdi. Yeri gəlmişkən qeyd edək ki, iştirakçılara festivalla bağlı xatirə hədiyyələrinin təqdim edilməsi də yaxşı düşünülüb. Ümumilikdə əvvəldən-sonadək təşkilatçılıq işi çox yüksək səviyyədə idi. Konsertin janrına uyğun auditoriya toplanması, tamaşaçıların diqqətlə ifaları dinləməsi  xüsusi qeyd edilməlidir.

"İpək Yolu" IV Beynəlxalq musiqi festivalı Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblı və Şəki Musiqi Kolleci xor kollektivinin "Aşağı Karvansara" kompleksindəki çıxışları ilə başa çatdı. Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə: "Festival çox uğurlu keçdi, maraqlı, həm də rəngarəng proqramlı bir festival oldu. Buna görə təbii ki, Şəki Şəhər İcra Hakimiyyəti rəhbərliyinin yüksək təşkilatçılıq məharətini xüsusilə qeyd etmək istəyirəm. Şəkililər bizim hamımız üçün, gələn kollektivlər üçün öz qucaqlarını açdılar, festivalın keçirilməsinə dəstək oldular. Son nəticədə çox gözəl festival alındı. Şübhəsiz ki, "İpək Yolu" musiqi festivalı qədim Şəkinin salnaməsinə qızıl hərflərlə yazılacaqdır".

Bəli, festival başa çatdı! Gələn qonaqlar üçün bu qədim və gözəl şəhərdən, onun mehriban, gülərüz insanlarından, axşamlar mahnı, musiqi səslərinin əks-səda verdiyi dağlarından ayrılıb getmək açıq-aşkar çətin idi! Elə buna görə gedənlərin hamısı "Yenə görüşərik, gözəl Şəki!" deyə sağollaşırdılar.

 

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.-2013.- 9 iyul.- S.11.