Ukrayna Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin

 tezliklə dinc yolla tənzimlənməsinə tərəfdardır

 

Ukrayna ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla tənzimlənməsinə yönəlmiş səylərini fəallaşdırmağın tərəfdarıdır.

AzərTAc Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Ukrayna xarici siyasət idarəsinin informasiya departamenti direktorunun müavini Vasil Zvarıç bu fikri jurnalistlərlə görüşdə Ukrayna xarici işlər naziri Leonid Kojaranın Azərbaycana yenicə başa çatmış səfərini şərh edərkən söyləmişdir.

V.Zvarıç Azərbaycan tərəfinə bildirmişdir ki, Ukrayna ATƏT-in fəaliyyətdə olan sədri kimi ATƏT məkanında ən uzunmüddətli münaqişə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi prosesinə kömək etmək üçün səy göstərir.

O demişdir: "Ukraynanın ATƏT-də sədrliyinin prioritet məsələlərindən biri ATƏT məkanında münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədi ilə danışıqlara kömək etməkdir. Ukrayna Dağlıq Qarabağda münaqişənin tezliklə və yalnız sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsinə tərəfdar olmuşdur və yenə bunun tərəfdarıdır. Biz dinc yolla tənzimlənmənin mövcud beynəlxalq mexanizmlərini, o cümlədən ATƏT-in Mİnsk qrupunun fəaliyyətini dəstəkləyirik və onun işinin fəallaşdırılmasına tərəfdarıq".

Ukrayna XİN nümayəndəsi qeyd etmişdir ki, Ukrayna ATƏT-in indiki sədri kimi, bu münaqişənin tənzimlənməsinə yönəlmiş səyləri əlaqələndirən Minsk qrupunun həmsədrləri ilə dialoq aparır.

O, daha sonra demişdir: "Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini gücləndirməyin və onların müzakirə etdiyi məsələlərin siyahısının genişləndirilməsinin tərəfdarıyıq. Ümid edirik ki, münaqişə tərəflərinin mövqelərindəki fərqlərə baxmayaraq, regionda möhkəm sülhün bərqərar olması məqsədilə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesi davam etdiriləcəkdir. Ukrayna ATƏT-də sədrliyi dövründə Azərbaycan ilə Ermənistan arasında etimad yaradılmasına kömək etməyə hazırdır.

Bu baxımdan Ukrayna Azərbaycanın və Ermənistanın ictimai təşkilatlarının nümayəndələri arasında əlaqələrin inkişaf etdirilməsinə və humanitar layihələrin həyata keçirilməsinə tərəfdardır".

 

Azərbaycan.-2013.- 10 iyul.- S.4.