YAP Gənclər Birliyi moldovalı ombudsmana dəstək oldu

 

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi İrəvanda öz cəsarətli bəyanatı ilə yadda qalan Moldovanın parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriuya dəstək olub. Bununla bağlı dünən YAP GB toplantı keçirib.

Moldovalı ombudsmanın Ermənistanda keçirilən beynəlxalq konfransdakı çıxışından söz açan YAP GB-nin sədri Seymur Orucov bildirib ki, Moldova parlamentinin obdudsmanı Aureliya Qriqoriu Ermənistanda keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini və Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini bildirib. O, bu fikirlərinə görə təhdidlərə, hədələrə və təzyiqlərə məruz qalıb.

S.Orucov onu da qeyd edib ki, ombudsmanın çıxışına görə ona qarşı şəxsi "Facebook" səhifəsinə təhdid mesajları gəlməyə başlayıb: "Onun parlamentdəki çıxışı həyatı üçün böyük risklər yaradıb. Əsas məqsədimiz ombudsmanın sosial şəbəkəsindəki ünvanına təşəkkür məktubu yazmaqdır. Haqq səsimizi dünya ictimaiyyətinə çatdıran insanlara qarşı hər zaman diqqətcil olmalıyıq. İnanıram ki, bütün türk dünyası həmin xanımı dəstəkləyir və bundan sonra da dəstəkləməkdə davam edəcək. Çünki o, erməniləri öz tribunalarından işğalçı dövlət adlandırıb. Buna görə də ombudsmanın hüquqları kobud şəkildə pozulubonun öz ölkəsinə qayıtmasına imkan verilməyib. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxsin, xüsusilə də xarici ölkənin rəsmi nümayəndəsinin beynəlxalq təşkilatların qəbul etdiyi qərarları azad şəkildə deməsi tam normaldır".

Tədbir yekunlaşdıqdan sonra YAP GB-nin üzvləri ombudsmanın şəxsi "Facebook" səhifəsinə öz rəylərini yazmışlar.

 

Azərbaycan.-2013.- 10 iyul.- S.5.