Azərbaycan standartları bir çox ölkə üçün əsl nümunədir

 

Tovuz-Ağstafa-Qazax bölgəsində özgə büsat var. Hamı dövlət başçısı İlham Əliyevin bu yerlərə ötən həftə etdiyi səfərin təəssüratı ilə yaşayır. Çox yerlərdə oldum, çox adamla söhbət etdim. Hamı deyir ki, Prezident

İlham Əliyevin ümumən ölkəmizə, eləcə də qərb bölgəsinə qayğısı və köməyi əvəzsizdir. Bu, dövlət başçısının ölkənin qərb qapısı sayılan Tovuz-Qazax bölgəsinə yeddinci səfəridir. Cənab İlham Əliyev hər gəlişi ilə neçə-neçə ən müxtəlif təmayüllü obyektlərin açılışında iştirak edir. Prezidentin xeyir-duası ilə elə bu günlərdə həyata vəsiqə alan obyektlərin hər biri canlı tarixdir. Ən ağır sənaye sahəsi olan sement istehsalından tutmuş müalicə-sağlamlıq obyektlərinə, yollara, su-kanalizasiya sistemlərinə, ədəbiyyat muzeyinə, atıcılıq mərkəzinə, tariximüasir abidələr parkına, uşaq əyləncə sahəsinə  kimi...

Dövlət başçısı ilk öncə Tovuz rayonunda Qovlar şəhər mədəniyyət və istirahət parkı ilə tanış oldu. Bu, Qovlar camaatı üçün çox önəmli hadisə idi. Axı Prezidentin 9 aprel 2012-ci il tarixli sərəncamı ilə Qovlar qəsəbəsinə şəhər statusu verilmişdir. Cavan şəhər bu yüksək adı necə doğruldur? Görüşlər zamanı bəlli oldu ki, qısa müddətdə çox görülüb. Azadlıq prospektiVağzal küçəsi asfalt betonla örtülüb, yeni müasir işıqlandırma sistemi qurulub, ictimai binaların, fərdi evlərin, ticarət və xidmət obyektlərinin fasadları müasirləşdirilib, milli üslubda bir sıra obyektlər tikilib. Mədəniyyət və istirahət parkında yeni layihə üzrə Xatirə kompleksi inşa olunub.

Bunlarla tanış olan Prezident İlham Əliyev Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun açılışında iştirak etdi. Qırx min nəfərin yaşadığı 35 məntəqəni birləşdirən bu yolun istifadəyə verilməsi əsl bayrama çevrildi. Qovlar şəhər sakini, təcrübəli təhsil işçisi Eldar Hümbətov bütün bunlar barədə fərəhlə, sevinclə danışır. O deyir ki, Prezidentin hər səfəri rayonumuzun tarixinə yeni səhifələr yazır. Dövlət başçısı sakinləri dinləyir, onların arzu və istəklərini öyrənir, irəli sürülən təkliflər qısa bir vaxtda reallığa çevrilir. Bir neçə il bundan əvvəl rayonda mərkəzi xəstəxananın vacibliyi barədə təklif irəli sürülmüşdü. Dövlət başçısının tövsiyəsinə əsasən müasir quruluşlu bina inşa olunduonun xeyir-duası ilə xəstəxana istifadəyə verildi. Eldar Hümbətov başqa bir fakta da toxundu. Dedi ki, növbəti görüşlər zamanı Qərb bölgəsində hemodializ mərkəzinin açılması məsələsi qaldırılmışdı. Tovuz, QazaxAğstafadan olan xəstələr müalicə üçün Gəncəyə gedirdilər. Xalqın arzu və istəyinə həmişə əməl edən dövlət başçısının təşəbbüsü ilə qısa müddətdə müasir hemodializ mərkəzi inşa olundu. Bu tibb ocağında həm diaqnostika, həm müalicə, həm də cərrahiyyə üçün hər cür imkan və şərait var.  

Ölkənin bir sıra bölgələri üçün xarakterik olan problemlərdən birisukanalizasiya məsələsidir. Bu, Tovuz şəhəri üçünxarakterik idi. Prezident İlham Əliyevin 2005-ci il oktyabrın 14-də imzaladığı sərəncamla Azərbaycanın bir sıra  regionlarının, o cümlədən Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı təsdiq edilmişdi. Tovuz şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə həvalə olundu. Həmin layihə əsasında rayonun mərkəzi, Abulbəyli, Bozalqanlı, Aşağı Öysüzlü, Düzcırdaxan, Cəlilli və Qazqulu kəndlərinin suya olan tələbatı tam ödəniləcəkdir. Çox böyük layihədir. Genişmiqyaslı işlərin çoxu  başa çatıb. Magistral su kəməri, paylayıcı xətlər çəkilmiş, laboratoriya binaları və yeni su anbarları tikilmiş, Qazqulu kəndi zonasında 5 subartezian quyusu qazılmışdır. Hazırda çirkab sutəmizləyici qurğular kompleksində tikinti işləri aparılır. Kanalizasiya sistemi Tovuz şəhərindən əlavə Əlimərdanlı, Abulbəyli və  Bozalqanlı kəndlərini də əhatə edəcəkdir.

Prezidentin qərb bölgəsinə səfəri zamanı Ağstafa şəhərində də su təchizatı və kanalizasiya sistemi istifadəyə verilmişdir. Bu sistem Ağstafa şəhəri, Xətai qəsəbəsi, Qaçaq Kərəm, Yenigün, Aşağı Kəsəmən və Aşağı Göyçəli kəndlərini əhatə edir. Artıq tikintisi başa çatdırılan su mənbəyi 18 min şəhər və 22 min kənd əhalisinin tələbatını tam ödəyəcəkdir.

Prezident İlham Əliyev bu barədə belə dedi: "Doğrudan da çox böyük tarixi hadisədir. Çünki bilirdim ki, uzun illər su problemi insanlara əziyyət verirdi. Nəhayət, bu layihə də artıq başa çatır. Bundan sonra su ilə problem olmamalıdır, çünki içməli su hər bir insan üçün çox əhəmiyyətlidir. İnsanlığın sağlamlığı üçün təmiz içməli su xüsusi  əhəmiyyət daşıyır".

Dövlət başçısı həmişə, hər yerdə məhz bu cür xüsusi əhəmiyyətə malik  problemlərin həllinə çalışır. Ölkə rəhbəri qərb bölgəsində olarkən Qazax Sement Zavodunun yeni istehsal xəttinin açılışında da iştirak etdi. Hər yanda abadlıq-quruculuq işlərinin geniş miqyas aldığı bir dövrdə tikinti materialı çox gərəklidir. Zavod ildə azı 1 milyon ton sement verəcəkdir. Xammala olan tələbatın ödənilməsi üçün 452 hektar torpaq sahəsi ayrılmışdır. Nəhəng obyektdir. Müəssisənin ümumi tikinti kompleksinə 49 binaqurğu daxildir. Zavod layihə gücünə çatanda 700 yeri açılacaqdır.

Genişmiqyaslı qlobal məsələlərin həlli ilə yanaşı, xalqın məişətini, həyat tərzini zənginləşdirən bir sıra problemlər də uğurla yerinə yetirilir. Təzəlikcə Qazaxda Quşcu avtomobil yolunun bir hissəsi istifadəyə verildi, uşaq əyləncə mərkəzinin, Mütəfəkkirlər parkının, ədəbiyyat muzeyinin, Ağstafada açıq səma altında tariximüasir abidələr parkının, "Ana kitab" heykəlinin, reyntboll və atıcılıq mərkəzinin və digər obyektlərin açılışı oldu.

Qarşıda isə daha böyük işlər durur. Ağstafada olarkən görüşlərdən birində Prezident İlham Əliyev dedi ki, indi Bakı-Gürcüstan dövlət sərhədi yolunun birinci mərhələsi başa çatıb. Ancaq biz bundan sonra, gələn il Gəncədən sərhədə qədər yolun genişlənməsi ilə məşğul olmağa başlayacağıq. Yəni Bakıdan Gürcüstan sərhədinə qədər bütün yol dördzolaqlı olmalıdır. Bunu da biz edəcəyik.

Dəmir yolunda bərpa işləri aparılır və qatarların sürəti artırılacaqdır. Bu da xüsusilə paytaxtdan uzaqda yerləşən bölgələr üçün çox əhəmiyyətlidir. Biz bu sürəti yeni dəmir yolu xətlərinin çəkilişi ilə 2-3 dəfə artıracağıq.

Respublikanın qərb bölgəsinə səfəri zamanı ötən görüşləri xatırladan dövlət başçısı İlham Əliyev dedi: "Siz 2008-ci ili yada saldınız. Doğrudan da o vaxt mən belə ifadələr işlədirdim ki, hər şey dünya səviyyəsində olmalıdır. Amma burasındadır ki, son beş il ərzində dünya standartları bir qədər aşağı düşdü, Azərbaycan standartları qalxdı. Əgər biz dünyada gedən proseslərə, siyasi-iqtisadi hadisələrə nəzər salsaq, görərik ki, doğrudan da Azərbaycan standartı bu gün bir çox ölkələr üçün nümunə olmalıdır. Bizdə olan sabitlik, inkişaf, hətta böhranlı illərdə yaşanan tərəqqi, deyə bilərəm ki, heç yerdə yoxdur".

Dövlət başçısı İlham Əliyevin sərəncamları ilə sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədi üçün Prezidentin Ehtiyat Fondundan Tovuz, QazaxAğstafa rayonlarının icra hakimiyyətlərinin hər birinə 2 milyon manat pul ayrılmışdır. Elə bu da qərb bölgəsinin inkişafına dövlət başçısının müntəzəm surətdə göstərdiyi qayğı və diqqətin yeni bir təzahürüdür.

Bu reallıqları götür-qoy edəndən sonra yəqin edirsən ki, Azərbaycan standartları həqiqətən də bir çox ölkələr üçün əsl nümunədir.                                                                                            

 

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.-2013.- 11 iyul.- S.1.